Məhkəmə qərarları › İş №3(012)-1643/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1643/2021

22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1643/2021 22.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, Behbudova Aytac Aşura qızının katibliyi, Protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi polis kapitanı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, vəkil X2 iştirakları ilə, 19.11.1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəki rayonu, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, yataqxana1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanında yaşayan Şəxs barəsində Abşeron RPİ-nin Mehdiabad PB-dən daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci və 206-cı maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş protokollar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi polis kapitanı X3 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, 21.10.2021-ci il tarixdə Şəxs sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən keçirilmiş və müəyyən edilmişdir ki, Şəxs narkotik vasitədən istifadə etmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs Taryel oğluna məxsus 26 manat pulu ələ keçirərək ona maddi ziyan vurmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci və 206-cı maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, o, narkotik vasitə aludəçisidir. Narkotik vasitə almaq üçün oğurluq etdiyini, etdiyi əməldə özünü tam təqsirli bildiyini, törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 21.10.2021-ci il tarixli, 3647 saylı aktdan görünür ki, Şəxs narkotik vasitə qəbul etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 206-cı və 227-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Hesab edirəm ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və və ona 02 (iki) ay inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 21.10.2021-ci il, saat 13:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar