Məhkəmə qərarları › İş №3(012)-165/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-165/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-165/2024 05.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi X1, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN Abşeron Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN Abşeron Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Z.Mədətov küçəsində ünvan 1 ünvanında yaşayan X3 avtomobilinə 760 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi X2 izahat verərək bildirdi ki, ünvan 2 ünvanında yaşayan X7 xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Z.Mədətov küçəsində tanımadığı şəxslər ona məxsus “Cheri Tiggo” markalı **-XK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin boyasını cızmaqla təxminən ona 700-800 manat məbləğində maddi ziyan vurması barədə məlumat vermiş və bununla əlaqədar qanuni tədbir görülməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində X7 peşə fəaliyyətini həyata keçirən zaman Abşeron rayonu, Xırdalan şəhəri, Z.Mədətov küçəsində həyətyanı sahənin daxilində mağazaya su almaq məqsədi ilə daxil olduğu zaman mağazanın sahibi Şəxs pirotexniki (piston) məhsulların satışı ilə məşğul olmasını görmüş, Şəxs qanunla qadağan olunmuş məhsulları nə səbəbə satmasını soruşduqda aralarında sözlə mübahisə baş vermiş və mübahisə başa çatdıqdan sonra X7 idarə etdiyi “Cheri Tiggo” markalı **-XK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə əyləşən zaman avtomobilinin boyasının naməlum şəxs(lər) tərəfindən cızılmasını aşkar etmiş və nəticədə X4 750 manat dəyərində maddi zərər dəymişdir. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X5 xx.xx.2023-cü il tarixli qərarı ilə toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və X4 məxsus avtomobilin boyasını cızmış naməlum şəxs(lər)in gələcəkdə müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi, həmçinin pirotexniki məmulatlar satmış Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin Təhqiqat şöbəsinə göndərilməsi qərara alınmışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri, Z.Mədətov küçəsində yerləşən mağazada pirotexniki məhsulların satışına şahid olduqları üçün DİN 102 xidmətinə məlumat vermişlər və bu hadisədən sonra mağaza sahibi, onun ailə üzvləri və ətrafdaki digər şəxslərlə aralarında mübahisə baş vermişdir. Polis əməkdaşları gəldikdən sonra mağaza sahibi Şəxs avtomobilə əyləşdirərək idarəyə aparmışlar. Onlarda idarəyə getmək istəyən zaman avtomobilinin cızıldığını görmüşdür. Bu hadisənin Şəxs ilə nə aidiyyətinin olması ona məlum deyildir və təhqiqatçı müvafiq araşdırmanı düzgün aparmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmədiyini qeyd edərək bildirdi ki, işlədiyi mağazada mübahisə etdiyi şəxs X7 deyildir. Mağazada baş vermiş mübahisədən sonra Abşeron RPİ-nə getmiş və orada öyrənmişdir ki, X4 məxsus avtomobili kimsə cızmışdır. Baş verən hadisəni o törətməmiş, ona görə də, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və X4 məxsus avtomobilin boyasını cızmış naməlum şəxs(lər)in gələcəkdə müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi, həmçinin pirotexniki məmulatlar satmış Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin Təhqiqat şöbəsinə göndərilməsi qərara alınmışdır. Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə protokolun tərtib edilməsinə, Abşeron RPİ-nin TŞ-in təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərar əsas olmuşdur. Lakin təhqiqatçı qeyd edilən hadisənin Şəxs tərəfindən törədilməsini araşdırmamış, həmçinin məhkəmədə aparılan araşdırma zamanı, eyni zamanda zərərçəkmiş şəxsin izahatı ilə də avtomobili cızan şəxsin Şəxs olması faktı öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətlərinin olması öz təsdiqini tapmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48 51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar