Məhkəmə qərarları › İş №3(012)-1653/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1653/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1653/2023 04.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Bağırlı İlahə Oruc qızının katibliyi ilə, X3 nümayəndəsi və vəkili Rauf Əmiraslanovun, qərarından şikayət verilən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional bölməsinin nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası X2 Bakı regional bölməsi tərəfindən qəbul edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası X2 Bakı regional bölməsi tərəfindən qəbul edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərardan X5 tərəfindən verilmiş şikayət məhkəməyə daxil olmuşdur. Şikayətdə göstərilmişdir ki, “Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin rəisi Zaur Kərimov tərəfindən qəbul olunmuş İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* saylı, xx.xx.2023-cü il tarixli Qərara əsasən "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquq pozuntusunun aradan qaldırılması üçün 5 (beş) gün müddət təyin olunmuşdur. Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli 214/FN saylı qərarda qeyd olunmuşdur ki, xx.xx.2023- cü il tarixli AZ-21010078/OZL90-23024-T-024 nömrəli sınaq protokoluna əsasən analiz zamanı məhsulda karantin tətbiq olunan zərərli orqanizm “Tomato brown rugose fruit” virusu Nazirlər Kabinetinin xx.xx.2006- cı il tarixli 280 saylı qərarının tələblərinə cavab vermədiyindən "xxxx" MMC-nin müraciəti əsasında idxal olunmuş 14587 kq bibər məhsul partiyasına qida təhlükəsizliyi sertifikatı verilməsindən imtina edilmiş, həmin məhsul partiyasının qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi qərara alınmışdır. Onu da qeyd etmək istəyir ki, barəsində şikayət verilən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2023-cü il tarixli X9 Filialının Çaylı kənd poçt şöbəsindən xx.xx.2023-cü il tarixində təhvil alınmışdır. Qeyd olunan hal qoşmaya əlavə etdiyimiz və poçt şöbəsinin möhürü ilə təsdiq edilən sənəddən də görünür. Aşağıda qeyd olunan səbəblərdən hesab edir ki, İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN0010300 saylı, xx.xx.2023-cü il tarixli Qərar qanunsuz və əsassızdır. Belə ki, barəsində şikayət verilmiş qərarın qəbul edilməsinə əsas olmuş xx.xx.2023-cü il tarixli 214/FN saylı qərar "xxxx" MMC tərəfindən inzibati qaydada mübahisələndirilmiş, iddia ərizəsi hazırlanaraq Bakı inzibati Məhkəməsinə göndərilmişdir. Sınağın aparılması zamanı nümunələrin götürülməsi, saxlanılması və labaratoriyaya göndərilməsi, ekspertizanın keçirilməsi qaydaları və müddətləri pozulmuşdur. Belə ki, məhsul ölkəyə xx.xx.2023-cü il tarixində idxal olunmuş, həmin tarixdə X2 Bakı Regional Bölməsinə qida təhlükəsizliyi sertifikatının verilməsi üçün idxal olunan mallardan nümunələr götürülməsi barədə müraciət olunmuş, şikayətə əlavə edilmiş AZ-21010078/OZL90-23024-T-024 nömrəli sınaq protokolundan da göründüyü kimi xx.xx.2023-cü il tarixində AZ- 21010078/OZL90-23024 saylı nümunə götürülmə aktına əsasən götürülsə də, sınaq protokolunda da göstərildiyi kimi götürüldükdən düz 16 gün sonra -xx.xx.2023-cü il tarixində labaratoriyaya təqdim olunmuş, xx.xx.2023-cü il tarixində sınaq bitirilərək protokol təsdiq olunmuş, qida təhlükəsizliyi sertifikatının verilməsindəm imtina haqqında qərar xx.xx.2023-cü il tarixində qəbul olunmuşdur. Azərbaycan Respublikası Qida X1 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq,ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair” TƏLİMAT-ın “götürülmüş nümunələrin rəsmiləşdirilməsi və laboratoriyaya göndərilməsi” adlanan 16-cı maddəsinə əsasən yüklərdən götürülmüş nümunələr (sınaq şüşələrinə toplanmış nümunələr də daxil olmaqla) səlahiyyətli orqanın müfəttişi tərəfindən ekspertiza keçirilənə qədər nümunələrin qorunmasına və onların gizli şəkildə dəyişdirilməsinin mümkünsüzlüyünə təminat veriləcək şəkildə möhürlənir. Nümunə götürülmə prosesi başa çatdırıldıqdan sonra dərhal müfəttiş tərəfindən bu barədə Təlimatın 2 nömrəli Əlavəsində göstərilən akt tərtib edilir. Akt üç nüsxədən ibarət olur ki, bu nüsxələrdən biri nümunə ilə birlikdə aktla təsvir edilmiş məhsul nümunələrinin müqayisə ediləcəyi parametrlər üzrə sınağının aparılması və digər sənədləşmə işlərinin aparılması məqsədilə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş aidiyyəti laboratoriyaya göndərilir. Aktın ikinci nüsxəsi isə səlahiyyətli orqanda saxlanılır. Aktın digər nüsxəsi isə nümunə götürülmüş yükün sahibində özündə saxlanılır. Götürülmüş nümunələr müfəttişin nəzarəti ilə müşayət edilir və səlahiyyətli orqanın nəqliyyat vasitələri ilə müvafiq laboratoriyalara çatdırılır. Beləliklə, nümunənin saxlanması şəraitinə riayət olunması, ekspertizanın vaxtında və lazmı qaydada aparılmaması və məhsulun ixraçatcı ölkəsində də ona fitosanitar sertifikatın verilməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqanın zəruri tədbirləri vaxtında və düzgün şəkildə görməməsi sınağın nəticələrinə təsir göstərmiş və müvafiq qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Həmçinin müvafiq ekspertizanın vaxtında aparılmaması və qərarın vaxtında qəbul edilməməsi artıq məhsul partiyasının uzun müddət saxlanması nəticəsində korlanmasına, zay olmasına səbəb olur ki, bu da onun geri qaytarılmasının mümkünsüz edərək idxalçıya külli miqdarda maddi zərərin dəyməsi ilə nəticələnir.Tərəfindən sınaq protokoluna etiraz təqdim edilsə də, AGRO Bitki Klinikası tərəfindən etiraza verilmiş cavabda şikayət üçün 7 günlük müddətin ötürüldüyü qeyd olunmuşdur. Halbuki etiraz sınaq protokolunun cavabdeh tərəfindən bizə təqdim edildiyi andan 7 iş günü ərzində verilmiş və müddət ötürülməmişdir. Həmçinin "xxxx" MMC tərəfindən X2 Bakı Regional Bölməsinə etiraz ərizəsi təqdim edilərək hazırki şikayətdə əks etdirilmiş dəlillər əsas gətirilməklə işin icraatına xitam verilməsi xahiş olunmuşdur. Lakin etiraz ərizəsindəki dəlillər Agentliyin nümayəndələri tərəfindən araşdırılmamış, qiymətləndirilməmiş və bu barədə bizə hər hansı əsaslandırılmış cavab verilməmişdir. Məhkəmə iclasında X3 nümayəndəsi və vəkili Rauf Əmiraslanov şikayəti müdafiə edərək eyni məzmunlu izahat verdi və qərarın ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional bölməsinin nümayəndəsi X6 məhkəmədə şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan: Azərbaycan Respublikası X2 Bakı regional bölməsi tərəfindən qəbul edilmiş “Qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” 30 may 2023-cü il tarixli, 214/FN saylı qərara əsasən ERTAGRO MMC-nin xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti əsasında idxal olunmuş 14587 kq bibər məhsulu xx.xx.2023-cü il tarixli AZ-21010078/OZL90-23024-T-024 nömrəli sınaq protokoluna əsasən analiz zamanı məhsulda karantin tətbiq olunan orqanizm “Timato brown rugose fruit” virusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarının tələblərinə cavab vermədiyindən sertifikat verilməsindən imtina edilmişdir. Həmin məhsul partiyalarının qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi, icra edilmədiyi təqdirdə məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakı ilə 10 gün ərzində məhv edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası X2 Bakı regional bölməsi tərəfindən qəbul edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarda göstərilir ki, idxal olunan qida məhsulları partiyaları barədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli 214/FN saylı qərar icra edilmədiyindən "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi üzrə təqsirli bilinərək 4.000 manat məbləğində cərimə edilmiş, eyni zamanda cərimə şərti tətbiq edilərək törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 5 gün vaxt müəyyən olunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası X2 Bakı regional bölməsi tərəfindən qəbul edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Məhkəmədə müəyyən olunur ki, "xxxx" MMC Azərbaycan Respublikası X2 Bakı regional bölməsinə xx.xx.2023-cü il tarixli, İD********** nömrəli nömrəli məktubla müraciət edərək İran İslam Respublikasından idxal olunmuş 14587 kq bibər məhsuluna qida təhlükəsizliyi sertifikatlarının verilməsini xahiş etmişdir. İdxal olunmuş məhsul partiyalarının sertifikatlaşdırılması zamanı götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda aparılmış ekspertizalara dair sınaq protokollarında karantin tətbiq olunan zərərli orqanizm aşkar olunmuş və buna görə də məhsul partiyaları qanunvericiliyin tələblərinə cavab verməmişdir. Bununla əlaqədar müvafiq sertifikatların verilməsindən imtina olunmuş və həmin malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərarlar qəbul olunmuşdur. Lakin şirkət tərəfindən bu məhsullar satıldığından qərarlar icra olunmamış və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi üzrə təqsirli bilinərək 4.000 manat məbləğində cərimə olunmuş, eyni zamanda cərimə şərti tətbiq edilərək törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 5 gün vaxt müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə məsuliyyət müəyyən edir və həmin normanın sanksiyasına əsasən belə pozuntulara yol vermiş şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh düzgün tətbiq olunmamışdır. Eyni zamanda, "xxxx" MMC idxal etdiyi qida məhsullarına müvafiq sertifikatlar almadan onların satışını artıq həyata keçirdiyindən, bu malların gömrük ərazisindən kənara çıxarılması və ya məhv edilməsinin tələb olunması məntiqli və icrası mümkün olan görünmür. Belə olan halda məhkəmə hesab edir ki, qanun pozuntusuna yol vermiş şəxsin əməlinə İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinin tələbləri baxımından hüquqi qiymətin verilməsi daha məqsədəuyğun olardı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2- ci maddə); Hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır (135.1.1-ci maddə); İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər (134.1.4-cü maddə). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası X2 Bakı regional bölməsi tərəfindən qəbul edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar