Məhkəmə qərarları › İş №3(012)-1660/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1660/2023

30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1660/2023 30.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi ilə, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İŞ-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ”Azəriş LTD” MMC-də hüquqşünas vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İŞnin sahə rəisi X2 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İŞ-nin sahə rəisi X2 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində Abşeron rayonu, X5 Polis əməkdaşları tərəfindən Şəxs saxlanılarkən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, iş materiallarında olan raportdan görünür ki, xx.xx.2023-cü il saat 09:00 radələrində xidmətdə olarkən Ekologiya postunun yaxınlığında dövlət nömrə nişanının dövlət standartlarına uyğun olmadığı üçün KİA markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomaşını saxlanmışdır. Sürücüyə yaxınlaşıb saxlanma səbəbi izah olunmuş və ondan sənədlərini təqdim etməsini tələb etmiş, sürücü sənədlərini təqdim etməyərək polisin qanuni tələblərinə əməl etməmiş və tabesizlik göstərmişdir. Onu nizam-intizama dəvət edərək sənədlərini təqdim etməsini bir neçə dəfə bildirsələr də, sürücü tabesizlik göstərməyə davam etmişdir. Daha sonra mobil telefon vasitəsi ilə qanunsuz çəkiliş etməyə davam etmişdir. Ona yenidən qanuna tabe olmasını və nizam-intizamlı olmasını istəsələr də, sürücü aqressiv hərəkətlərə və danışıqlara davam etdiyi üçün onu Abşeron RPİ-nin Növbətçi Hissəsinə gətirib təhvil vermişlər. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, o, inzibati xəta törətməsini qəbul etmir. Belə ki, xx.xx.2023-cü il tarixdə şəxsi avtomobili olan Kia Cadezna markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman DYP əməkdaşı tərəfindən dur tələbi ilə avtomobili hərəkətini dayandıraraq “Eurohome” satış obyektinin önündə avtomobilin hərəkətini dayandırmışdır. DYP-nın əməkdaşı avtomobilə yaxınlaşaraq sürücülük vəsiqəsini tələb etmişdir.Saxlanma səbəbini soruşduqda dövlət qeydiyyat nişanının etibarsız olduğuna istinad etmişdir. Sürücülük vəsiqəsini Ukrayna dövlətində aldığını bildirdikdə avtomobili cərimə meydançasına,özünü isə bölməyə aparacağını bildirmişlər. Protokol tərtib olunaraq PPX-nın əməkdaşlarını dəvət etməyini tələb etdiyində, ona polisin qanuni tələbinə tabe olmadığını bildirmişdir. 10-15 dəqiqəyə yaxın gedən dialoqda ona söyüş və nalayiq ifadələr işlətdiyindən 102 məlumat xidmətinə məlumat vermişdir. Bir qədər sonra DYP əməkdaşı tərəfindən zor tədbiq edilərək DYP əməkdaşlarının avtomobilinə otuzdurulub döyülə-döyülə və söyülə-söyülə Ekologiya Postuna gətirilmiş, orda bir qədər saxlanıldıqdan sonra Abşeron RPİ-nə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin DYPŞ-nin YPX inspektoru baş serjantı Samir Mustafazadə raportla eyni məzmunlu izahat verərək bildirdi ki, sürücü Bakı-Quba istiqamətində hərəkətdə olarkən onu dur tələbi ilə saxlamışlar və avtomobilində dövlət qeydiyyat nişanının standartlara uyğun olmaması bildirilmişdir. Sürücüdən sürücülük vəsiqəsi tələb edilmişdir. Sürücü nə səbəbə saxlanıldığını soruşduqda, vəzifəsi dəfələrə izah olunmuşdur. Sürücü sürücülük vəsiqəsini Ukraynadan aldığını bildirmiş, sonra avtomobilinə əyləşərək 102 məlumat xəttinə zəng vurmuşdur. Ona dəfələrlə xəbərdarlıq olunsa da, buna məhəl qoymamış, özünü vəkil kimi təqdim etmişdir. Onu nizam-intizama çağırsalar da, buna məhəl qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, hər iki mühribə iştirakçısıdır, hazırda pensiyadadır. “Eurohome” satış obyektinin qarşısında, yolun kənarında yolu keçmək istəmiş, YPX əməkdaşları təhlükəli olduğu üçün ona mane olmuşlar. Bu vaxtı Kia Cadezna markalı avtomobil yolun kənarında saxlamışdır. Sürücünün polisə tabe olmamasını görmüşdür. Daha sonra onlar arasında olan dialoq maraqlı gədiyi üçün onların arxasınca DYPİ-nə getmişdir. Burada sürücünün səsini yüksətməsini, qapını dirsəyi ilə vurmasının hətta ona qarşı kobud davranmasının, dəfələrlə polis əməkdaşlarının qanuni tələblərinə baxmayaraq sənədini təqdim etməməsinin şahidi olmuşdur. Həmin vətəndaş orada polisə qarşı aqressiv davranmış, qapını qolu ilə dəfələrlə vurmuşdur. Məhkəmə iclasında dindirilmiş müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində məhkəmədən yüngül cəza təyin etməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan tutma qərarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə 10:00 radələrində tutulmuşdur. Məhkəmə araşdırması zamanı iş materiallarında olan diskə baxış keçirilmiş və protokolda qeyd olunan hallar bir daha öz təsdiqini tapmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yol hərəkəti haqqında qanunun 37-ci maddəsinin 1-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır Həmin qanunun 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının tələbi ilə nəqliyyat vasitəsini dayandırdıqda, həmin əməkdaş yaxınlaşdıqdan sonra bu maddənin birinci hissəsinin 1-ci bəndində göstərilən sənədləri yoxlanılması üçün ona təqdim etməli və zəruri olduqda həmin əməkdaşın tələbi ilə nəqliyyat vasitəsindən çıxmalıdır. Azərbaycan Respublikasının polis haqqında qanunun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. İİ. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.İİİ. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin ona, 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdə 10:00 dəqiqədən hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar