Məhkəmə qərarları › İş №3(012)-1660/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1660/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1660/2025 21.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızı, X2 Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 10 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə barədə qərarından şikayətə baxaraq MÜƏYYƏN ETDİ: X2 Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 10 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə barədə qərarından şikayət ilə Naxçıvan MR-in Culfa Rayon Məhkəməsinə müraciət etmişdir. Naxçıvan MR-in Culfa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(089)-49/2025 saylı qərardadı ilə X2 Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 10 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə barədə qərarından şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, X2 Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 10 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə barədə qərarında qeyd edilən hadisə Naxçıvan MR-in Culfa rayon ərazisində baş vermişdir. X1 rayonunda qeydiyyatda olsa da şikayətinə yaşadığı yer üzrə baxılması barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İXM-in 129.1.3-cü maddəsində göstərilmişdir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə aiddir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Beləliklə, İXM-in 110.1 və 129.1.3-cü maddələrinin, habelə Konstitusiya Məhkəməsi Plenumunun Qərarından göründüyü kimi, istər inzibati xəta haqqında protokola, istərsə də inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanların (vəzifəli şəxslərin) qərardan verilən şikayətlərə inzibati xəta hadisəsinin törədildiyi yerin məhkəməsində baxılmalıdır. Hər iki halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən işə onun yaşadığı yerinə məhkəməsində baxıla bilər.Lakin göründüyü kimi X5 şikayətinə yaşadığı yer üzrə baxılması barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Lakin Naxçıvan MR-in Culfa Rayon Məhkəməsinin 09 iyul 2025-ci il tarixli qərardadı ilə işə aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərmişdir. Göründüyü kimi işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində fikir ayrılığı yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. İXM-də məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 77.1-ci maddəsinə istinad olunmalıdır. CPM-in 77.1-ci mаddəsinə əsаsən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.Odur ki, şikayətə baxılmasının ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3 cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ : X2 Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 10 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə barədə qərarından şikayətə baxılmasının ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar