Məhkəmə qərarları › İş №3(012)-1665/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1665/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1665/2024 18.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi: X1 iştirakı ilə Şəxs (hüquqi ünvanı: Abşeron rayonu, Məmmədli kəndi; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə tərtib olunmuş 30 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə MN ******* nömrəli, 30 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində fəaliyyət göstərən hüquqi şəxs Şəxs tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının auditi 2023-cü ildə qanunla nəzərdə tutulmuş hallarda məcburi auditdən yayınmış və buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi Gülxar Həsənova məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, barələrində tərtib olunmuş inzibati protokolla bağlı özünü təqsirli bilmir. Belə ki, Şəxs “kiçik sahibkarlıq subyekti” kateqoriyasına aid edildiyi üçün barəsində audit yoxlamasının keçirilməsi nəzərdə tutulmamışdır. Buna görə də Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu ilə 2022-ci ilin göstəricilərinə əsasən orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun gələn və hal-hazırda fəaliyyət göstərən açıq səhmdar cəmiyyətləri, qapalı səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətləri barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə siyahı formasında məlumat təqdim edilmiş və bu siyahıda (12-ci bənd) Şəxs MMC də əks olunmuşdur; Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Şəxs MMC-yə ünvanladığı 01 iyul 2024-cü il tarixli bildirişdən görünür ki, MMC tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının auditinin 2023-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə 30 iyul 2024-cü il tarixdə, saat 10:45də Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsində baxılması və səlahiyyətli nümayəndənin iştirakını təmin etməyi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin MMC-yə ünvanladığı 30 iyul 2024-cü il tarixli məktubdan görünür ki, səlahiyyətli orqan tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 30 iyul 2024-cü il tarixli MN seriyalı 209859 saylı inzibati xəta haqqında protokolun surəti MMC-yə göndərilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şəxs MMC 2022-ci il üzrə kiçik sahibkarlıq subyekti kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikasının Auditorlar Palatasının rəsmi internet səhifəsindən (audit.gov.az) əldə olunmuş çıxarışdan görünür ki, Şəxs barəsində audit rəyi barədə məlumat mövcud deyil; Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində İXM-in 464-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir; 17-ci maddəsinə əsasən təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri özləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburidir və məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.7-ci maddəsinə görə maliyyə hesabatları – mühasibat uçotu subyektinin, yəni mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır. 11-ci maddəsinə görə kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: 1) il ərzində oktyabr ayının 1- dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; 2) oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; 3) digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla. 11.0.1-ci maddəsinə görə İl ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; 11.0.2-ci maddəsinə görə oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; 11.0.3-cü maddəsinə görə digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1- dən dekabr ayının 31-i də daxil olmaqla. Beləliklə, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Lakin "xxxx" MMC 2022-ci ildə kiçik sahibkarlıq subyekti kateqoriyasına aid edildiyi üçün belə bir məcburiyyəti olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 91.4-cü maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Beləki məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC 2022ci il üzrə kiçik sahibkarlıq subyekti kateqoriyasına aid edildiyindən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 53.1.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC 2022-ci il üzrə kiçik sahibkarlıq subyekti kateqoriyasına aid edildiyindən və barəsində audit yoxlamasının keçirilməsi məcburi olmadığından belə yoxlamanın keçirilməməsi inzibati məsuliyyəti istisna edir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş 30 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin əməlində inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş 30 iyul 2024cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin əməlində inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar