Məhkəmə qərarları › İş №3(012)-1673/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1673/2021

29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1673/2021 29.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qıznın sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs və şahid X3 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X4 bildirdi ki, 03.10.2021-ci il tarixdə, təxminən saat 19 radələrində ünvan 1 ünvanında yaşadıqları evdə olan zaman Zərərçəkmiş şəxs ilə qızı Aygül Tağıyeva arasında evin bolüşdürülməsi ilə bağlı mübahisə yaranmış və sonuncunun əri Şəxs baş vermiş mübahisəyə müdaxilə edərək Zərərçəkmiş şəxs zor tətbiq edərək sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilən Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, onun həyat yoldaşı ailənin yeganə uşağı olduğu üçün ailə qurduqdan sonra valideynlərin razılığı ilə onlarla birlikdə yaşamışlar. 03.10.2021-ci il tarixdə saat 19 radələrində həyat yoldaşı Aygül vəfat etmiş anasının ölüm haqqında şəhadətnaməsini onun yaşadığı otaqdan götürdüyü üçün Qabil ilə aralarında sözlə mübahisə baş vermiş, mübahisə vaxtı onlara yaxınlaşmış, onları sakitləşdirmək istədikdə Qabil onunla kobud danışmış və onu əli ilə kənara itələmişdir. Sonda o, qaynatası Zərərçəkmiş şəxs döymədiyini və himayəsində üç azyaşlı uşağının olmasını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun kürəkənidir. Qızı Aygül ilə Xəyyam 2012-ci ildə ailə həyatı qurmuş və birgə nikahdan onların üç övladı olmuşdur. Evləndikdən sonra onlara məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Sulutəpə qəs, Ş.Əfəndiyev küçəsi, 16 saylı evdə yaşamağa başlamışlar. Əvvəllər münasibətləri yaxşı olsa da, arvadının vəfatından sonra Aygül ilə Xəyyam həmin evin onlara məxsus olduğunu iddia etməyə başladıqları üçün münasibətləri pisləşmişdir. 03.10.2021-ci il tarixdə, saat 19 radələrində yaşadıqları evdə olan zaman Aygül ilə əri Xəyyam ondan evi tərk etməyini tələb etdikləri üçün aralarında mübahisə yaranmış, Aygül onun üzərinə gələrək sifət nahiyyəsinə sillə, Xəyyam isə onun sinəsinə yumruq vuraraq çölə çıxarmışlar. O, Aygüllə Xəyyama hər hansı qaydada müqavimət göstərməmişdir. Sonda o, Şəxs barəsində həbslə əlaqədar inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 hüquqlarını müdafiə etdiyi şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X8 bildirdi ki, Zərərçəkmiş şəxs onun mərhum bacısının əridir. Abşeron rayonu, Xırdalan şəhəri, Sulutəpə qəs, Ş.Əfəndiyev küç, 16 saylı onun ata evində yaşayırlar. 03.10.2021-ci il tarixdə, saat 19 radələrində həmin ünvanda Qabil ilə Aygül arasında yenə mübahisə yaranmış, bu zaman Xəyyam müdaxilə edərək onları sakitləşməyə çalışmış, Xəyyam mübahisə zamanı Zərərçəkmiş şəxs itələmişdir. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqiatçısı, polis kapitanı X11 tərəfindən qəbul edilmiş 15.10.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 Abşeron rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 06.10.2021-ci il tarixli, 2398 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol qulaq seyvanının sırğalıq hissəsinin sıyrığı küt əşya təsirindən törənmişdir; müayinədən 1-2 gün əvvəl qərarın təsviri hissəsində göstərilən 03.10.2021-ci il tarixdə insanın bədən hissələrinin (əl barmağı, dırnaq və s.) təsirindən nəticəsində əmələ gələ bilərdilər; sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxsin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Zərərçəkmiş şəxs qızı X10 tərəfindən döyülməsi sübuta yetirlməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində üç uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar