Məhkəmə qərarları › İş №3(012)-1682/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1682/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1682/2024 30.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Abşeron Rayon Polis İdarəsinin Saray Polis Şöbəsində daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsinin Saray Polis Şöbəsindən daxil olmuş 14 avqust 2024cü il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə 4500 manat məbləğində maddi ziyan vurmaqla inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron RPİnin Saray PB-nin sahə rəisi, polis leytenantı X2 izahatında göstərdi ki, sözügedən inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli HK-1/2921 nömrəli material 31 iyul 2024-cü il tarixdə icraatına daxil olmuşdur. Belə ki, 20 iyul 2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Toplanmış material əsasında vətəndaş Şəxs Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi sübuta yetirilmişdir. Həmçinin qeyd olunan ekspertiza rəyində qiymət 3156 manat göstərilmişdir, bundan başqa digər 17 adda əşyaların qiymətləndirilməsi aparılmamış və aparılmış araşdırılma zamanı Şəxs vurduğu ümumi ziyan 4500 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş qayınıdır. Ailəsində yaranmış problemlərə görə həyat yoldaşı Xəyalə İbrahimova ilə boşanmışdır. Qaynanası Vəzifə onların ailəsinə müdaxilə etmişdir. O, qaynanasının hərəkətlərinə dözə bilməyib, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən qayını Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan evə hasarda keçərək açar yolu ilə evə daxil olmuş və evə benzin tökmüşdür. Evi yandırmaq niyyəti olmadığını, olsa idi benzin tökən zaman yandırmaq imkanına malik olduğunu, lakin bunu etmədiyini bildirdi. Törətdiyi əməldən peşman olduğunu və dəfələrlə Zərərçəkmiş şəxs barışıq üçün cəhdlər etdiyini, lakin buna nail olmadığını bildirdi. Hazırki ziyanı tam ödəmək üçün imkanının olmadığını və aliment də ödəməsini nəzərə alaraq məhkəmədən barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun keçmiş kürəkənidir. Şəxs həyat yoldaşı olan bacısından boşandıqdan sonra dəfələrlə onu və ailəsini ölümlə təhdid etmişdir. 28 fevral 2023-cü il tarixdə Şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək onun Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış olmayan evinə benzin tökdüyünü bildirmişdir. O, həmin evə gəldiyini və evin zərər görmədiyini görmüşdür. Bundan sonra Telmana zəng edib nə səbəbə onu hədələdiyini bildirdikdə, Şəxs ona “evə daxil olduqda biləcəksən və atan Sevindiyin əziyyətinə yazığım gəlir” ifadəsini söyləmişdir. O, evə daxil olduqda evdən benzin qoxusunun gəldiyini hiss etmiş və yenidən Şəxs zəng etmişdir. Şəxs isə cavabında ona evdə olduğu vaxt evi yandıracağını bildirmişdir. Evə 4500 manat məbləğində ziyan dəymişdir. Bundan sonra DİN-nin “102” xidmətinə məlumat vermişdir. Odur ki, Şəxs barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 14 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə 4500 manat məbləğində maddi ziyan vurmaqla inzibati xəta törətmişdir. 20 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən inzibati məsuluiyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2023 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 17 adda malların (istifadə olmuş malların istifadədə olması nəzərə alınmaqla) təqdim edilmiş siyahıya əsasən orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3156,00 manat məyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2250 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evi üzrə yaranmış qüsurların aradan qaldırılmasl üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 200,0 manat məbləğində müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli özünün məhkəmə iclasında verdiyi etirafedici izahatı, ilə yanaşı, inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Lakin əməlin tərədilməsindən bir il müddət keçdiyindən onun barəsində başlanılmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta xx.xx.2023-cü il tarixdə törədilmişdir. 20 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə verilməsi qərara alınmışdır. Göründüyü kimi Şəxs tərəfindən inzibati xətanın xx.xx.2023-cü il tarixdə törədilməsinə baxmayaraq hadisədən təxminən 1 il 06 ay keçəndən sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiq olunsa da, inzibati xətanın törədildiyi gündən, yəni 28 fevral 2023-cü il tarixdən 1 ildən artıq müddət keçdiyindən, məhkəmə hesab edir ki, onun barəsində inzibati tənbeh verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar