Məhkəmə qərarları › İş №3(012)-1690/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1690/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1690/2023 07.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis polkovnik-leytenantı Şəhriyar Əsədovun iştirakları ilə, xx.xx.2001-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Samux rayonu, M.Hüseynzadə küçəsi, ev 16-da qeydiyyatda olan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis polkovnik-leytenantı Şəhriyar Əsədov protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə narkotik maddələrin daşınmasında şübhəli şəxs kimi saxlanılmış, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 0,27 qram qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, tibbi müayinə nəticəsində Şəxs narkotik vasitələrdən istifadə etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:40 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis polkovnik-leytenantı X2 tərəfindən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli 5707 saylı rəyində qeyd edilmişdir ki, müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib edən şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, xx.xx.2001-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmuş, Samux şəhəri, M.Hüseynzadə küçəsi, ev 16-da qeydiyyatda olmaqa, Abşeron rayonu, Xırdalan şəhərində kirayədə yaşayan Şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə daşımaqda şübhəli bilinərək xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Gənclər şəhərviyində 51 saylı binanın qarşısında saxlanılaraq RPİ-nə gətirilmişdir. Polis İdarəsində Şəxs üzərinə şəxsi axtarış aparılan zaman, o, üzərində olan göy rəngli şalvarının sağ yan balaca cibində saxladığı 02 ədəd kağıza bükülmüş içərisində narkotik vasitə marixuanaya bənzər kütləni təqdim etmişdir. Həmin narkotik vasitə olan maddə (marixuana) götürülmüş və kağız zərfə qoyularaq Azərbaycan Respublikası DİNnin 56 saylı möhürü ilə möhürlənmişdir. Həmin kütlələr tərəfimdən götürülmüş, qablaşdırılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasına göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 7/1245 saylı rəyinə əsasən məlum olmuşdur ki, aşkar edilmiş iki ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,11 qram və 0,16 qram, ümumi çəkisi 0,27 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik madələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan “marixuana” 0,04 qram tədqiqata sərf olunması nəzərə alınaraq təmiz çəkisi 0,023 qram olan bitki mənşəli kütlə narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilməsi barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi,Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 206-cı maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, həmin Məcəllənin 33.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin ona, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 300 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası cərimə hissəsində Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut 0,23 qram qurudulmuş marixuana məhv edilsin. Ekspertiza xərci 72 (yetmiş iki) manat inzibati xəta törədən Şəxs tutulub dövlət nəfinə ödənilsin. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə, qərarın icrasına nəzarət isə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar