Məhkəmə qərarları › İş №3(012)-1694/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1694/2022

24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1694/2022 24.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidməti Abşeron Xızı regional ərazi şöbəsinin nümayəndəsi X4 iştirakları ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 469.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidməti Abşeron Xızı regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X3 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidməti Abşeron Xızı regional ərazi şöbəsinin onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tənbeh edilərək 1500 manat məbləğində cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli İcraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişi xx.xx.2022-ci il tarixdə onun ünvanıma göndərilmişdir. Bildiriş və müvafiq qərardan ona aydın olmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidməti Abşeron Xızı regional ərazi şöbəsinin MN № ******* olan, xx.xx.2022-ci il tarixli, saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən 1500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. “Qurtuluş -93 Yaşayış Kompleksi,, MMCnin xx.xx.2022-ci il tarixli, 03№-li əmrinə əsasən cəmiyyətin direktoru vəzifəsindən azad edilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, bununla da xx.xx.2022-ci il tarixdən “Qurtuluş -93 Yaşayış Kompleksi,, MMC-nin fəaliyyəti ilə bağlı başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlərin edilməsində səlahiyyətli-vəzifəli şəxs qismində hər hansı öhdəlik daşımamış, həmçinin “Qurtuluş -93 Yaşayış Kompleksi,, MMC-nin hər hansı məsul şəxsi ilə hansısa formada təmasda olmamışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən və həmin protokol üzrə inzibati tənbeh tətbiq etmə haqqında müvafiq qərar qəbul edilən zaman - xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə o cəmiyyətin direktoru vəzifəsində eləcə də “vəzifəli şəxs,, statusunda olmamışdır. Həmçinin o fiziki şəxs olaraq barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraatın heç bir mərhələsi barədə rəsmi qaydada məlumatlandırılmamışdır. Barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat zamanı onu vəzifəli şəxs qismində “Qurtuluş 93 Yaşayış Kompleksi, MMC-də hər hansı vəzifə öhdəliyinin olub-olmaması aydınlaşdırılmamış, barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icrtaatın bütün mərhələlərində tərtib edilən sənədlər formal olaraq onun adı ilə əlaqələndirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Abşeron Xızı regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərardan şikayət vermiş X3 gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidməti Abşeron Xızı regional ərazi şöbəsinin nümayəndəsi X6 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, informasiya ehtiyatı resurslarına baxış keçirilən zaman müəyyən edilmişdir ki, fərdi sahibkarlıq subyekti kimi qeydiyyata alınmış və VÖEN əsasında fəaliyyət göstərən X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bəxbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmiş, bu səbəbdən də X7 xidməti Abşeron Xızı regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə 1500 manat məbləğində inzibati cərimə edilmişdir. Qərar qanuni və əsaslıdır, ləğv olunması üçün əsaslar yoxdur. Şikayətin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətin dəlillərini inzibati işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq və fikirləri dinləməklə hesab edir ki, barəsində inzibati tənbeh növü tətbiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 tərəfindən verilmiş şikayət təmin edilməməli və eyni zamanda məhkəmənin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidməti Abşeron Xızı regional ərazi şöbəsinin əmək müfəttişi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozulmuş, işçilər istehsalatda bəxbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməmiş, nəticədə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə inzibati xəta törədilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidməti Abşeron Xızı regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə 1500 manat məbləğində inzibati cərimə edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, X3 tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz fərdi sahibkarlıq subyekti kimi qeydiyyata alınmış X3 tərəfindən törədilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən yuxarıda istinad olunan inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, VÖEN əsasında fəaliyyət göstərən X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozulmuş, işçilər istehsalatda bəxbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməmişdir. Bununla da, X3 Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş müvafiq sənədlərlə müəyyən olunur ki, “İstehsalatda bəxbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” X3 tərəfindən sığorta şirkəti ilə real olaraq bağlanmamış və işçilərə görə sığorta ödənişləri həyata keçirilməmişdir. Əks halda, xx.xx.2022-ci il tarixdə inzibati araşdırma, inzibati xəta haqqında protokolun tərtib olunması zamanı təqdim olunar və izahatda, protokolda da bu barədə qeyd öz əksini tapmış olardı. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla); məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər(Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla); istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər; müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular; təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq bu Qanuna əsasən aşağıdakılar icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar: Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; dövlət orqanları; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; seçkili orqanlar və fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, barəsində qərar çıxarılaraq inzibati qaydada tənbeh tətbiq olunmuş X2 təqsirli bilinərək barəsində 1500 manat miqdarında inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi, onu qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıdığından, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq olduğundan, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməli və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidməti Abşeron Xızı regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı nəticə etibarı ilə düzgün və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidməti Abşeron Xızı regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar