Məhkəmə qərarları › İş №3(012)-1699/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1699/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1699/2025 01.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X3 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28720447 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X1 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28720447 saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək, onun ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmiş, eyni zamanda həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətlə müraciət edərək, qərardan qanunvericiliklə nəzərdə tutulmuş müddətdə şikayət verə bilmədiyini göstərmişdir. X2 tərəfindən buraxılmış müddətin bərpası barədə vəsatət onunla əsaslandırılmışdır ki,onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 21 iyun 2025-ci il tarixli EQ seriyalı 28720447 saylı qərar qəbul edilmişdir. Mən, 21 iyun 2025ci il tarixli EQ seriyalı 28720447 saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sözügedən qərar 11 mart 2025-ci il tarixdə qəbul edilsə də, ona rəsmi qaydada yalnız xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.Onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 21 iyun 2025-ci il tarixli EQ seriyalı 28720447 saylı qərardan şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 ərizəni müdafiə edərək, əlavə olaraq bildirdi ki, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 21 iyun 2025ci il tarixli EQ seriyalı 28720447 saylı qərar qəbul edilmişdir. Mən, 21 iyun 2025-ci il tarixli EQ seriyalı 28720447 saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. O “DAF FT XF 105.460 YÜK” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi olaraq, barəmdə qəbul edilmiş qərarın qanunsuz olduğunu bildirir və bu qərarda göstərilən maddə ilə özünü təqsirli hesab etmir. Belə ki, 21 iyun 2025-ci il tarixində, Qobustan rayonu, Cəngi kəndi, Yexlax istiqamətində idarə etdiyi nəqliyyat vasitəsinin çəkisi çəki ölçmə nəzarət sistemi vasitəsilə ölçülmüşdür. Bu ölçməni həyata keçirən cihazın “Kistler 9835A” markalı elektron cihaz olduğu qeyd edilərək, nəticədə onun inzibati xəta törətdiyi qənaətinə gəlinmiş və bu əsasla inzibati tənbeh tətbiq olunmuşdur. Qərarda bildirilir ki, o 77-JU- 352 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki həddini aşmışdır. Lakin bu iddia tamamilə əsassızdır, çünki nəqliyyat vasitəsininin çəkisi istehsalçı tərəfindən müəyyən olunmuş icazə verilən çəki həddinə tam uyğundur və heç bir yükləmə həddi aşılmamışdır. Şikayət ərizəmə əlavə edilmiş A********** №-li qaimə və qəbzə diqqət yetirdikdə həm yolda düşməzdən əvvəl, həm də təyinat yerinə çatarkən nəqliyyat vasitəmin çəkisinin icazə verilən hədləri aşmadığı görünür. Bu faktı nəzərə alaraq, mən heç bir inzibati xətaya yol verməmişdir. Buna baxmayaraq, barəsində qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona tətbiq edilən bu inzibati tənbeh, faktlara və mövcud qanunvericiliyə zidd olaraq verilmişdir. Bundan əlavə, qeyd olunan “Kistler 9835A” cihazının statik vəziyyətdə çəki ölçmək üçün nəzərdə tutulduğu və hərəkət halında olan nəqliyyat vasitələrinin çəkisini ölçərkən müxtəlif dinamik amillər səbəbindən qeyri-dəqiq nəticələr verə biləcəyi məlumdur. Hərəkət zamanı avtomobilin çəkisini müəyyən edərkən sürət, yol örtüyünün vəziyyəti, təbii vibrasiyalar və digər xarici təsirlər ölçmənin nəticələrinə təsir göstərə bilər. Bu isə o deməkdir ki, mənə tətbiq edilən cərimə qeyri-dəqiq və hüquqi baxımdan əsassız bir ölçmə əsasında müəyyən edilmişdir. Belə çıxır ki, polis əməkdaşları öz üstün mövqelərindən istifadə edərək istədikləri şəxsi ittiham edə və cərimə edə bilər. Məhz bu halın qarşısının alınması üçün qanunvericilik inzibati xətanın törədilməsini sübut etmək vəzifəsini bu barədə qərar qəbul etmiş şəxsin üzərinə qoymuşdur. Buna görə də indiki halda 21 iyun 2025-ci il tarixli inzibati xəta haqqında qərar qəbul etmiş əməkdaşın qərarın qəbulu üçün əsas olmuş halları sübuta yetirməsi vacibdir. Qanunvericiliyə əsasən inzibati xəta törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi üçün onun təqsiri müvafiq qaydada sübuta yetirilməlidir. Lakin onun barəsində qəbul edilmiş qərarda hər hansı əsaslı sübut təqdim edilməmişdir. Nəqliyyat vasitələrinin çəkisinin müəyyən edilməsi üçün istifadə olunan texniki vasitələrin sertifikatlaşdırılmış və kalibrlənmiş olması vacibdir. Ona qarşı tətbiq edilən ölçmənin aparıldığı “Kistler 9835A” markalı cihazın qanuni tələblərə uyğun olub-olmadığı, onun sertifikatlaşdırılması və kalibrlənməsi barədə ona heç bir məlumat təqdim edilməmişdir. İnzibati tənbeh tətbiq edən şəxsin sübut etmə vəzifəsi vardır. Hazırkı halda, 21 iyun 2025-ci il tarixli qərarı qəbul etmiş polis əməkdaşı nəqliyyat vasitəsinin çəkisinin həddi aşdığını sübuta yetirmək üçün kifayət qədər hüquqi və texniki əsaslar təqdim etməmişdir. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin qərarları yalnız qanuna əsaslanmalıdır. Lakin bu qərar, heç bir obyektiv və hüquqi əsas olmadan qəbul edilmiş və onun hüquqlarını pozmuşdur. Nəqliyyat vasitəsinin çəkisi avtomobili üçün müəyyən edilmiş icazə verilən çəki həddinə tam uyğundur və heç bir yükləmə həddi aşılmamışdır. Avtomobil mütəmadi olaraq texniki yoxlamadan keçirilir və daşıma qaydalarına tam riayət olunur. Ona tətbiq olunan inzibati tənbeh qərarında qeyd edilən çəki ölçmə cihazı ilə ölçülən nəticənin də düzgünlüyü şübhə altına alınır. Bu sistem, statik vəziyyətdə olan nəqliyyat vasitələrinin çəkisini ölçmək üçün istifadə edilir və hərəkət halında olan avtomobilin çəkisini ölçməkdə dinamik təsirlər və sürət faktoru səbəbindən qeyri-dəqiqliklər yarana bilər. Bu səbəbdən, ona tətbiq olunan cərimənin əsassız olduğunu hesab edir. Onun avtomobilinin çəki həddi aşılmadığı halda, bu qərar əsassız olaraq qəbul edilib. Barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 21 iyun 2025-ci il tarixli EQ seriyalı 28720447 saylı qərarın ləğv edilməsi və barəsində İXM-in 353.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərar qəbul etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, gəlməməyin səbəbini bildirmədən məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə vəsatətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, eləcədə qərardan şikayət vermiş şəxsin məhkəmə iclasında verdiyi izahatı və irəli sürdüyü dəlilləri nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət əsassız olduğundan imtina olunaraq şikayət ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 57.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. X2 məhkəmə iclasında barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28720447 saylı inzibati tənbeh vermə haqqında qərarın ona rəsmi qaydada xx.xx.2025-ci il tarixində təqdim edildiyini qeyd etsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 tərəfindən irəli sürülmüş arqumentlər onun hazırki qərarın ləğvi ilə bağlı vaxtında qanunla müəyyən olunmuş müddət ərzində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət etməsinə maneə ola bilməzdi. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28720447 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosesssual müddətin bərpası üzürlü hesab edilmədiyindən X2 tərəfindən verilmiş vəsatət rədd olunaraq, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28720447 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan (müddətin bərpasının rədd olunması hissəsindən) rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar