Məhkəmə qərarları › İş №3(012)-1701/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1701/2024

30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1701/2024 30.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin direktoru X2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 247.2-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində Şəxs MMC tərəfindən mülkiyyətində olan 3,467209 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində anbar inşası üçün betonlama işləri aparılmaqla məqsədli təyinatdan kənar istifadə etməsi aşkar olunmuşdur. Bununla da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsinin nümayəndəsi X3 protokolu müdafiə edərək izahatında bildirdi ki, manitorinq zamanı Abşeron rayonu, Saray qəsəbəsi ərazisində Şəxs MMC tərəfindən mülkiyyətində olan 3,467209 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində anbar inşası üçün betonlama işləri aparılmaqla məqsədli təyinatdan kənar istifadə etməsi aşkar olunmuşdur. Əlavə olaraq X3 bildirdi ki, betonlama işləri ümumi sahənin yəni 3.5 hektara yaxın sahənin ancaq 10 sonu və ondan az hissəsini əhatə edir. Qanunda kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ancaq yüngül konstruksiyalı tikintilərə icazə verilir. Burada isə beton səth tökülmüşdür. Şəxs MMC tərəfindən həmin torpaq sahəsindən təyinatı üzrə istifadə qaydaları pozulmuşdur. Məhkəmədən Şəxs MMC barəsində tərtib olunmuş protokol əsaslı olduğundan barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X4 izahatında bildirdi ki, protokolu qəbul etmirlər, əsassızdır, əvvala o ərazidə bütün torpaqlarda zavod tikilir, ikincisi isə matironq zamanı müəyyən edilən betonlanmış sahə ancaq və ancaq onların cəmiyyətində 360 işçi işləyir və o işçilərin geyinib soyunma otağı və materialların yerləşdirilməsi üçün müvəqqəti anbar tikilirdi. X5 Nazirliyindən onlara həmin tikilini dayandırmaq xəbərdarlığı edildi və onlar da dərhal həmin müvəqqəti istifadə üçün tikilən tikilini inşasını dayandırdılar. Məhkəmədən protokolun təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs MMC-nin əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsinin müfəttişi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində Şəxs MMC tərəfindən mülkiyyətində olan 3,467209 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində anbar inşası üçün betonlama işləri aparılmaqla məqsədli təyinatdan kənar istifadə etməsi aşkar olunmuşdur. Şəxs MMC-nin direktoru X4 həmin protokolu imzalamamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 13-cü maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə-fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün kənd təsərrüfatı təyinatlı torpaqdan başqa məqsədlər üçün istifadə edilməsi əsas şərtdir. Şəxs MMC barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün MMC tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqdan başqa məqsədlər üçün istifadə etməli idi. Məhz bu əlamətin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi Şəxs MMC tərəfindən protokolda göstərilən hərəkətlərin edilməsini əks etdirən hər hansı sübut yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, tərtib edilmiş protokolda qeyd olunan və iş materiallarına əlavə olunan fotoşəkillərin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin mülkiyyətində olan torpaq sahəsinə aid olmasını sübut edəcək hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması ziddiyyətli vəziyyət yaranması səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar