Məhkəmə qərarları › İş №3(012)-1708/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1708/2025

25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1708/2025 25.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Pirməmmədzadə Vüsal Əliş oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta barədə protokol tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis leytenantı X1 iştirakı ilə, xx.xx.1997-ci ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsindən daxil olmuş 28 iyul 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi qeyd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis leytenantı X3 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində ucadan ünvansız küçə söyüşləri söymüş, həmçinin polisin qanuni tələblərinə tabe olmamışdır. Hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir, barəsində qanuni cəza verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 25 iyul 2025-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində olarkən əsəbi olduğu üçün ucadan nalayiq ifadələr işlətmiş, bundan sonra ona yaxınlaşan polis əməkdaşları özünü təqdim etsələr də onlar mülki geyimdə olduqları üçün diqqət etməmiş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Çox əsəbi olduğu üçün nə etdiyini bilməmişdir. Əməlindən peşmandır.Yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, o Abşeron RPİ-nin Saray PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 iyul 2025-ci il 2025-ci il tarixdə ərazidə xidmətdə olarkən şəxs ünvansız küçə söyüşləri söydüyü üçün ona yaxınlaşıb digər polis əməkdaşı ilə birlikdə özlərini təqdim edərək onu nizam intizama dəvət etsələr də, o onların qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Bundan sonra həmin şəxs Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 digər şahid X2 izahatına oxşar, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 10:50-dən məhdudlaşdırılmışdır. “AzeMis” elektron informasiya sistemi vasitəsilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin “gəlir məlumatları”-na dair göndərilmiş sorğudan görünür ki, Şəxs İİ qrup və İİİ əlilliyə görə təqaüd alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Qanunun 7-ci maddəsinin dispoziyasında vurğulandığı kimi, polis əməkdaşının qanuni tələbləri bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. Bu tələblərə etinasız münasibət cəmiyyətin hüquq və təhlükəsizlik hissini zədələyir, qanunun aliliyini pozur və ictimai asayişə ciddi təhlükə yaradır. İş materiallarında olan sənədlərdən və tərəflərin izahatlarından Şəxs Abşeron RPİnin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması halının mövcud olması təsdiq edilmişdir. Şəxsin heç bir əsaslı səbəb olmadan səs-küy salmaqla nalayiq ifadələr işlədərkən bu hərəkətlərin qarşısını alan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nəticədə ictimai yerdə nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmişdir. Bu hallar protokollar və digər sübutlarla təsdiq olunur. Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, şəxs hərəkətləri ictimai asayişin və hüquqmühafizə orqanlarının nüfuzunun pozulmasına yönəlmiş, onun törətdiyi inzibati xətaların obyektiv və subyektiv tərkib əlamətləri tam sübuta yetirilmişdir Belə ki, İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Təcrübədə daima qeyd olunduğu kimi, ictimai yerlərdə nalayiq ifadələrin işlədilməsi və polis əməkdaşlarının qanuni tələblərinə qarşı çıxmaq dövlətin hüquq-mühafizə orqanlarına olan inam və hörmətin zədələnməsinə səbəb olur və bu hallara qarşı ciddi tədbirlərin görülməsi zəruridir. İnzibati məsuliyyət yalnız törədilmiş əmələ görə cəzalandırma funksiyası daşımır, eyni zamanda gələcəkdə belə əməllərin qarşısını almaq məqsədi daşıyan tərbiyəedici və çəkindirici tədbirdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 61-80% şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan qanunvericiliyin müddəasına əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsinin törədilməsində təqsirli bilinməli və ona İXM-in 34.3-cü maddəsinə əsasən 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar