Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1715/2024 20.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, X1 AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında iş üzrə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilən AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında iş üzrə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı Quba yolunun 8 km ərazisində saat 22:02 radələrində avtomobili ilə hərəkətdə olarkən avtobus xəttində hərəkət eləmiş, saat 22:00-dan etibarən avtobus xəttinə keçməyə icazə verilmişdir. Lakin texniki vasitə (mmk) ona elektron qaydada İnzibati Xətalar Məcəlləsinin 327.1-1 maddəsiylə 100 manat, 2 bal cərimə etmişdir. Baş Dövlət Yol Polis idarəsinin EQ 23012741 saylı qərarından narazıdır və bu qərarın ləğv edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclası müvafiq olaraq xx.xx.2024-cü il tarixə, saat 15:25-ə təyin edilmiş, şikayətçi və inzibati qərarı qəbul etmiş şəxs AR DİN BDYPİ məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında AR DİN BDYPİ-nin nümayəndəsinin və şikayətçinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, iş materiallarında olan 16.08 2024-cü il tarixli, EQ 23012741 saylı qərardan görünür ki, ərizəçi X2 xx.xx.2024-cü il tarixində, saat 22.02-də Bakı-Quba yolu 8 km istiqamətində Saıpa Saına ex minik markalı markalı, ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 327.1-1, 5.9;5.10.1-510.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etmişdir. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi üzrə təqsirli bilinmiş və ona 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüqüqları vardır: İşin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iş materiallarında olan 16.08 2024-cü il tarixli, EQ 23012741 saylı qərardan başqa X1 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində təsbit edilmiş inzibati xətanın törətməsi halı heç bir sübutla müəyyən edilməmişdir, həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən çəkilmiş fotoşəkildən görünür ki, nəzərdə tutulmuş inzibati xəta 22:02-də törədilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması, araşdırma zamanı X1 hüquqlarının təmin edilməməsi, eləcə də iş üzrə toplanmış zəruri sübutların təqdim edilməməsi sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmiş, bu isə öz növbəsində X1 şikayətinin qismən təmin edilməsinə, hazırki material üzrə tam, sonuncunun iştirakı ilə yenidən hərtərəfli, tam və obyektiv araşdırmanın təmin edilməsinə zərurət yaratmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 362-365, 426, 435-438-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23012741 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(012)-1715/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1715/2024
20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver