Məhkəmə qərarları › İş №3(012)-1718/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1718/2022

28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1718/2022 28.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X1nun nümayəndəsi vəkil X10 iştirakı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron RPİ-in Saray PB-in xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X7 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron RPİin Saray PB-in onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilərək 300 manat məbləğində cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır- Novxanı yolunda yerləşən "xxxx" MTK-da satış məsləhətçisi vəsifəsində işləyir. Bir müddətdir ki, MTK-nın girişində sakinlərin və ərazinin təhlükəsizliyini təmin etmək məqsədi ilə MTK üzvlərinin müraciəti əsasında şlaqbaum quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə sakinlərdən Bayramova Güllər adlı bir xanım kommendant otağına yaxınlaşaraq MTK-nın kommendantı Vüqar Həbibullayev ilə mübahisə edərək həmin şlaqbaumun quraşdırılmasına öz etirazını bildirmiş, tez-tez yanına qonaqlarının gəldiyini bildirərək sözügedən maneənin aradan qaldırılmasını və məhləyə istənilən şəxsin sərbəst girişçıxışının təmin edilməsini tələb etmişdir. Bu zaman mən təsadüfən kommendant otağına yaxınlaşmışam, adıçəkilən qadın onu görərkən şirkət əməkdaşı olduğu üçün bir qədər də hiddədlənmiş, ilk öncə atmacalı sözlərlə onu provakasiyaya cəlb etməyə çalışmış, ona məhəl qoymadığını görüncə səsin bir qədər də yüksəltmiş və təhqirə keçmişdir. Mübahisənin artmaması və provakasiyaya getməməyi üçün kommendant otağını tərk etsə də, həmin xanım ardınca gələrək mübahisəsini davam etdirmiş, daha da nalayiq ifadələrlə təhqir edərək üzərinə hücum çəkməyə cəhd göstərmişdir. Bu anda kommendant Vüqar Həbibullayev ayağa qalxaraq ona yaxınlaşmış və onu dayandırmağa çalışmışdır. Vəziyyətin artıq bu həddə olduğunu gördükdə ərazidən bir qədər də kənarlaşmışdır. Lakin həmin qadın yenə də ardınca gələrək üzərinə hücum çəkmiş, qadına yaraşmayan tərzdə ona təpik zərbəsi endirmişdir. Yenə də yaxınlıqda olan sakinlər onu saxlayaraq təzyiqlərini davam etdirməsinə imkan verməmişlər. Lakin buna baxmayaraq o, öz qeyri-adekvat hərəkətlərinə davam etmiş, onu nalayiq ifadələrlə təhqir edərək hədələmiş, polisdə tanışlarının olduğunu əminliklə bildirərək onu polisə verəcəyi ilə hədələmişdir. Bundan sonra isə onu tamamilə hadisə yerini tərk edərək uzaqlaşsa da, o polisə zəng vuraraq onu şərləmiş, guya onu vurduğunu bildirərək üzərinə böhtan atmışdır. Bundan bir müddət sonra o qeyri-rəsmi formada Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinə dəvət edilmişəm, orada polis əməkdaşları mənimlə söhbət edərək məsələni “yoluna qoymağımı” tələb etmişlər. Bu zaman o özünün zərər çəkən şəxs olduğunu bildirmiş və yalnız qanunamüvafıq tədbir görmələrini onlardan xahiş edərək, başqa danışıqlara getməyəcəyini açıq şəkildə bildirmişdir. Bundan bir neçə gün sonra isə sahə rəisi onunla görüşərək barəsində inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirərək boş protokol blankıııa imza atmağını və məsələnin bununla da həll ediləcəyini bildirmişdir. O isə onun səmimiyyətinə inandığı və hüquqi biliyi olmadığı üçün həmin blankı imzalamışdır. Sonradan onunla Abşeron Rayon İcra və Probasiya Şöbəsindən əlaqə saxlanılaraq ora dəvət edilmiş, Şöbəyə getdikdə barəsində Abşeron RPİ-nin MN1 182060 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edildiyi bildirilmiş və həmin qərarın surəti, həmçinin tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli, 260765/2022-27-24-9K nömrəli bildiriş ona təqdim edilmişdir. O yalnız bundan sonra Abşeron RPİ-nin Saray PB-si tərəfindən barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixdə, iştirakı olmadan MN1182060 nömrəli qərarın qəbul edildiyindən xəbərdar olmuşdur. Bundan sonra o barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN1177007 nömrəli inzibati xəta haqqında protokol, habelə xx.xx.2022-ci il tarixli MN1182060 nömrəli inzibati tənbeh vermə haqqında qərarla tanış olmuş və həmin protokol ilə qərarın tamamilə qanunsuz qəbul edildiyinin şahidi olmuşdur. Bundan sonra hüquqi biliyi olmadığı üçün hüquqşünasa müraciət edərək növbəti addımları barədə məlumatlandırılmışdır. İlk növbədə onu diqqətə çatdırır ki, protokolda və qərarda da qeyd olunduğu kimi, hadisə xx.xx.2022-ci il tarixdə baş vermiş, lakin nədənsə protokol 17 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Halbu ki, qanunvericiliyə görə inzibati xəta haqqında protokol inzibati xəta törədildikdən dərhal sonra, bəzi istisna hallarda isə inzibati xətanın törədildiyi vaxtdan 2 gün ərzində tərtib edilməlidir. Bundan başqa, hadisə zamanı o inzibati xətanı törədən deyil, zərər çəkən şəxs olmuşdur. Bununla bağlı kamera görüntüləri də mövcuddur. Lakin inzibati orqan heç bir araşdırma aparmadan, video görüntüləri nəzərdə keçirmədən birbaşa onu inzibati xəta törətməkdə təqsirli bilərək inzibati məsuliyyətə cəlb etmişdir. Halbu ki, orada obyektiv və ədalətli araşdırma aparılsa idi onun deyil, qarşı tərəf barədə inzibati icraat başlanılmalı və o, inzibati məsuliyyətə cəlb edilməli idi. İnzibati orqanın protokol və qərarı tərtib edən səlahiyyətli şəxsləri onun tərəfindən inzibati xətaya yol verildiyi ilə bağlı heç bir sübuta istinad edə bilməmişlər, sadəcə olaraq protokolun və qərarın sübut hissəsində şablon formada “TŞ-nin qərarı” yazmaqla kifayətlənmişlər. Amma onun hansı əməli ilə inzibati xətaya yol verdiyini təsdiq edə bilməmişlər. Halbu ki, şəxsin inzibati xəta törətdiyini sübut etmək yükü birbaşa inzibati orqanın üzərinə düşür. Buna baxmayaraq, o protokolda və qərarda qeyd olunanların əksini sübut edən CD diski şikayətinə əlavə edərək məhkəməyə təqdim edir. Buna görə Abşeron RPİ-in Saray PB-in tərtib etdiyi xx.xx.2022-ci il tarixli İXP SERİYALİ, ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin nümayəndəsi vəkil X13 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Abşeron RPİ-in Saray PB-in nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Qərarından şikayət verilən orqana - Abşeron RPİ-in Saray PB-in məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət ərizəsində olan və tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X4 barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X3 barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin Saray PB-nə göndərilmişdir Abşeron RPİ-in Saray PB-si tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 xx.xx.2022-ci il tarixdə, Abşeron rayonu, Saray qəsəbəsi, Abşeron CİTY Y/K-in qarşısında X5 döydüyünə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Abşeron RPİ-in Saray PB-in xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar ləğv edilməli və sonuncu barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. 157-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Əvvəla məhkəmə qeyd edir ki, X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair sübutlar kifayət etmir, başqa sözlə sübutetmə predmetinə daxil olan bütün hallar iş üzrə mötəbər sübutlarla təsdiq edilmir və həmin inzibati xətanın törədilməsinə dair mövcud sübutlar İXM-in tələblərini pozmaqla rəsmiləşdirilmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusunun kifayətedici olmamasına dair qeyd edir ki, iş materiallarında inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan başqa heç bir sənəd mövcud deyil. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı, iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə xx.xx.2022-ci il tarixli İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun sübutedici əhəmiyyətinin olmamasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarına əsasən vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Lakin inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, inzibati orqan tərəfindən müvafiq inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati qaydada icraat aparılan şəxsin iştirakı təmin edilməmiş bu barədə X6 məlumat verilməsini təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Halbuki, İXM- nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Lakin göründüyü kimi səlahiyyətli orqan qanunvericiliyin tələblərini nəzərə almadan, barəsində icraat aparılan şəxsin iştirakını təmin etmədən inzibati xəta haqqında protokol tərtib etmişdir ki, bu da nəticə etibarı ilə qanunvericinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verdiyi hüquqların pozulması ilə nəticələnmişdir. İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmə inzibati xəta haqqında protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Məhkəmə, işin baxışı zamanı təqdim edilmiş inzibati xəta haqqında protokolu AR İXM-nin tələblərinə müvafiq surətdə qiymətləndirərək qeyd edir ki, həmin inzibati xəta haqqında protokolda X7 tərəfindən İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyd edilsə də, inzibati xətanın mahiyyətinin nədən ibarət olması konkret olaraq göstərilməmişdir ki, bu da müvafiq protokolun işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirmədiyinə dəlalət edir. Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, ”Cinayət işinin rədd edilməsi haqqında” qərarda həmin inzibati xətanı X7 tərəfindən törədilməsini təsdiq edən sübuta rast gəlinmir. Məhkəmə inzibati xəta haqqında iş üzrə məsələyə mahiyyəti üzrə yanaşaraq qeyd edir ki, inzibati araşdırma barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə yanaşı xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə müəyyən edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X2 RPİ-in Saray PB-in xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilmişdir. Halbuki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 2325 saylı rəyindən görünr ki, X4 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Həmçinin, inzibati xəta üzrə qəbul edilmiş qərarda inzibati xətanın mahiyyəti göstərilməmiş, yalnız İXM-in müvafiq maddəsi qeyd olunaraq şəxs barəsində cərimə tətbiq edilmişdir. Hazırkı halda şikayətə əlavə edilmiş sənədlər və şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş DVD diskdəki görüntülər birmənalı şəkildə belə qənaətə gəlməyə imkan verir ki, X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə qeyd olunan hüquq normasının tələblərini rəhbər tutaraq və tədqiq olunmuş mümkün və mötəbər sübutlara tam, hərtərəfli və məcmu halında qiymət verərək qərara gəlir ki, şikayət təmin edilməli, X3 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron RPİ-in Saray PB-in xx.xx.2022-ci il tarixli İXP seriyalı, ******* nömrəli inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron RPİ-in Saray PB-in xx.xx.2022-ci il tarixli İXP seriyalı, ******* nömrəli inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı qərar ləğv edilsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar