Məhkəmə qərarları › İş №3(012)-174/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-174/2023

13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-174/2023 13.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X1nun iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 272.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022 il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X1 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022 il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 24 avqust 2022-ci il tarixli MN ******* saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilmişəm. Qərara əsasən mən guya Xızı rayonu Xanagah kəndində dağlıq ərazidə xx.xx.2022-ci il tarixdə qanunsuz olaraq ov fəaliyyəti ilə məşğul olmuşam. Lakin mən ümumiyyətlə ov fəaliyyəti ilə məşğul olmamışam. Xızı rayonuna tanışım Elşad Əyyubov adlı şəxslə dostumuzu ziyarət etmək üçün getmişdik. Biz ov etmək məqsədi ilə getməmiş və ov etməmişik. Əgər ov etmək niyyətimiz olsaydı qanuni şəkildə müvafiq orqana müraciət edər və icazə aldıqdan sonra ov edərdik. Biz qanunla nəzərdə tutulmuş heç bir qaydanı pozmamışıq. Biz bunu Ekologiya idarəsinin əməkdaşlarına bildirsək də heç bir nəticəsi olmamış, əsassız və qanunsuz olaraq barəmdə inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir. Belə olan halda, onun əməlində inzibati xəta hadisəsi yoxdur və başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayətin dəlillərini müdafiə edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən izahatı aldadılaraq alınmış, buna səbəb özünə məxsus ov silahının əlindən alınmaması olmuş, heç bir ov etmədiyini bildirərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022 il tarixli, MN seriyalı ******* nömrəli qərarından görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Xızı rayonu Xanagah kəndində ov qaydalarının kobud şəkildə pozmuşdur. İnzibati tənbeh vermə haqqında xx.xx.2022 il tarixli, MN seriyalı ******* saylı qərardan görünür ki, X2 xx.xx.2022-ci il tarixdə Xızı rayonu Xanagah kəndində ov qaydalarının kobud şəkildə pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək, 1000 (min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətçini dinləyib, inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qərar ləğv edilməli və sonuncu barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında qərarından şikayət verilən orqanın səlahiyyətli nümayəndəsi iştirak etməmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün sənədləri məhkəməyə təqdim etməmiş və şikayət verən şəxsin etdiyi etirazın əsasları kimi istinad etdiyi halların təkzib edilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinə əsasən Ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində ov edilməsi aşağıdakı hallarda qadağan edilir: 20.1.1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulmamış günlərdə; 20.1.2. ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda; 20.1.3. başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə; 20.1.4. ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə; 20.1.5. ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə; 20.1.6. ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı inzibati xəta haqqında protokolun X5 barəsində başlanılmasının səbəbi Xızı rayonu, Xanagah kəndində xx.xx.2022-ci il tarixində qanunsuz ov fəaliyyəti ilə məşğul olmaqla Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin tələblərini pozması ilə bağlı olmuşdur. Halbu ki, inzibati protokol tərtib edildiyi zaman X5 tərəfindən protokolda qeyd edilən inzibati xətanı törədibtörətməməsi araşdırılmamışdır. Araşdırma aparan orqan X2 ov silahını saxlama və təyinatı üzrə istifadə edilməsi üçün icazə olduğunu müəyyən etməmişdir. X2 etiraf edici izahatından başqa hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Halbu ki, X5 məhkəmə iclasında təbiətədə öz təhlükəsizliyini təmin etmək məqsədilə özünə məxsus ov silahını özü ilə götürdüyünü, şəraitdən istifadə edərək, ov silahı ilə şəkil çəkdirdiyini, götürdüyü öv silahı ilə ov etmək məqsədi olmadığını bildirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirlyi BİTİ-si tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 66 nömrəli şəhadətnamənin surətindən görünür ki, R.Kərimovun 15/DO1310 nömrəli 12 kalibrli tək lüləli “Ata-arms” markalı ov silahını saxlama və təyinatı üzrə istifadə edilməsi üçün icazə vardır. Göründüyü kimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi yalnız öz subyektiv mülahizələrinə əsasən X2 barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında inzibati tənbeh etmə qərarı qəbul etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilmir. Məhkəmə iclasda toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusunu və Azərbaycan Respublikasının qanunvericiliyinin yuxarıda şərh edilmiş müddəalarını nəzərə alaraq belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən əraziyə baxış keçirilərək X2 ov qaydalarını kobud şəkildə pozması barədə akt tərtib edilmişdir. Bu səbəbdən də həmin sözügedən akt və həmin akt əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində ümumiyyətlə istifadə edilə bilməzlər. Qeyd edilən akt və inzibati xəta haqqında protokol istisna olmaqla X2 əməlində inzibati xəta tərkibinin olmasını təsdiq edən heç-bir mötəbər sübut əlavə edilməmişdir. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması sübuta yetirilməməsi səbəbi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunan hüquq normalarının məzmunundan da görünür ki, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. İşdən görünür ki, inzibati icraat aparan səlahiyyətli orqan (vəzifəli şəxs) hər bir inzibati xətaya aid edilən sübutlar əldə edməklə konkret inzibati xətanın törədilməsini və həmin xətanı törətmiş şəxsin təqsirini müəyyən edilmədiyi halda inzibati qaydada tənbeh tətbiq etmə haqqında qərar qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, səlahiyyətli şəxs xx.xx.2022-ci il tarixli MN ******* nömrəli «inzibati xəta haqqında» protokol əsasında X2 inzibati qaydada tənbeh etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə qeyd olunan hüquq normasının tələblərini rəhbər tutaraq və tədqiq olunmuş mümkün və mötəbər sübutlara tam, hərtərəfli və məcmu halında qiymət verərək qərara gəlir ki, Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi sübuta yetirilmədiyindən, hazırki iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından şikayət təmin edilməli və X2 barəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsi tərəfindən xx.xx.2022 il tarixli, MN seriyalı ******* nömrəli qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə qəbul edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022 il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar