Məhkəmə qərarları › İş №3(012)-1743/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1743/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1743/2023 06.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi “LEQAL” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və sənədlərdən görünür ki, Şəxs MMC 14781.27 ABŞ dolları məbləğində vəsaiti 31 avqust 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi “LEQAL” Vəkil Bürosunun vəkili Vəkil izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli EP-0141246 saylı inzibati xəta haqqında protokol tamamilə əsassızdır. Belə ki, Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixdə X1 Buldozer idxal olunmuşdur. Həmin idxal **********8586 saylı idxal bəyannaməsi əsasında rəsmiləşdirilmiş və texnikanın statistik dəyəri 187000,0 (bir yüz səksən yeddi min) ABŞ dolları müəyyən edilmişdir. Həmin texnika X2 gəmi ilə daşınması üçün Porta verilmiş, sonradan Türkiyə Respublikasının İskəndəriyyə limanına göndərilmişdir. Texnikanın bəzi xarici qoşqu avadanlıqları olmadığı üçün Şəxs MMC ilə “MAK-İŞ YEDEK PARÇA MAK.SAN.VE TİC.LTD.ŞTİ” şirkəti ilə olan razılaşma əsasında İskəndəriyyə limanında texnikaya ehtiyacı olan xarici qoşqu avadanlıqları qoşulmuşdur. Bundan sonra texnika ölkəyə idxal olunmuşdur. İdxaldan sonra isə “MAK-İŞ YEDEK PARÇA MAK.SAN.VE TİC.LTD.ŞTİ”-nə texnikaya əlavə etdiyi xarici qoşqu avadanlıqlarına görə ödəniş həyata keçirilməli olduğundan Şəxs MMC tərəfindən həmin şirkətə ödəniş edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Arzu Əliyeva ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş EP seriyalı ******* saylı protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsini məhkəənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xətalar haqqında iş üzrə icraat materiallarını tədqiq edib və Qanunun aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyrirezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar: qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə, həmin məsələni tənzimləyən "Azərbaycan Respublikasının rezident və qeyri- rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarına əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində görülmüş əməliyyatları təsdiq edən sənədlərin 2 il ərzində ərzində müvafiq banka təqdim edilməsini tələb edir. İş materiallarında olan "MUĞAN BANK” ASC-nin xx.xx.2021-ci il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs MMC-nin hesabından “MAK-İŞ YEDEK PARÇA MAK.SAN.VE TİC.LTD.ŞTİ” şirkətinin hesabına xx.xx.2021-ci il tarixli MKS-2135004 nömrəli müqaviləyə, xx.xx.2021-ci il tarixdə 14781.27 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş Şəxs MMC tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixində X3 idxal olunmuş, **********8586 saylı idxal bəyannaməsi əsasında rəsmiləşdirilmiş, həmin texnika X2 gəmi ilə daşınması üçün porta verilmiş, sonradan Türkiyə Respublikaslnın İskəndəriyyə limanına göndərilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC və “MAK-İŞ YEDEK PARÇA MAK.SAN.VE TİC.LTD.ŞTİ” şirkəti arasında imzalanmş anlaşma protokolundan görünür ki, sözləşmənin mövzusu Şəxs MMC-yə məxsus Caterpillar markalı dozerlərdə müqavilədə təsvir olunan riper qurupunun quraşdırılmasını, “MAK-İŞ YEDEK PARÇA MAK.SAN.VE TİC.LTD.ŞTİ” şirkətinin Şəxs MMC-dən ön ödəniş tələb etmədən istehsala başlayacağını əhatə edir. xx.xx.2021-ci il tarixli **********8586 nömrəli gömrük bəyannaməsindən görünür ki, mal göndərən ixracatçı X4 Texas əyalətində fəaliyyət göstərən “Brocks Equipment” şirkətindən mal qəbul edən - idxalatçı Şəxs ünvanına **********8586 nömrəli gömrük bəyannaməsi əsasında buraxılış ili 2019-cu il olan “HKA00473” şassi nömrəli “CATERPİLLAR D7E DOZER” markalı buldozer ölkə ərazisinə idxal edilmişdir. Buldozer idxal edildikdən sonra Şəxs MMC tərəfindən texnikaya əlavə edilən avadanlıqlara görə “MAK-İŞ YEDEK PARÇA MAK.SAN.VE TİC.LTD.ŞTİ” şirkətinə ödəniş həyata keçirilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 14781.27 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "AFB BANK” ASC-də olan hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində həmin köçürmənin təyinatına uyğun olaraq mallar tam şəkildə ölkəyə idxal edilmişdir. Odur ki, məhkəmə tərəfindən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmadığı müəyyən edilmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstırilənlərə əsasən belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli EP seriyalı ******* nömrəli protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 105, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar