Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1743/2025 14.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı Cavanşirzadə KənanBəy Kərim oğlunun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində Abşeron Rayon Polis İdarəsinin İTŞ-si tərəfindən İXM-nin 510-cu və 535.1-ci maddələri üzrə daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsinin İTŞ-si tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs haqqında İXM-nin 510-cu və 535.1-ci maddələri üzrə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı Cavanşirzadə KənanBəy Kərim oğlu öz izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri “AAAFpark” yaşayış kompleksi ərazisində Şəxs ictimai yerdə nalayiq ifadələr işlətdiyinə görə polis əməkdaşları ona yaxınlaşmış və nizam-intizama dəvəm etmiş, lakin sonuncu polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmiş, polis əməkdaşları tərəfindən Şəxs Abşeron RPİ-nə gətirilmişdir. Məhkəmə iclasında dindirilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, telefonla danışarkən əsəbi olmuş və nalayiq ifadələr işlətmiş, bu səbəbdən də polis əməkdaşları ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmişdir, bu zaman onlara aqressiv cavab vermiş, lakin onlara heç bir tabesizlik göstərmədən onları tələbinə uyğun olaraq polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Əməlindən peşmandır, bir daha belə halların olmayacağına söz verir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məhəmmədəli Tahirzadə öz izahatında bildirmişdir ki, Şəxs ictimai yerdə telefonla danışarkən nalayiq ifadələr işlətmiş, bu səbəbdən ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmişdir, sonuncu aqressiv cavab verdikdə onu polis idarəsinə gətirmişdir. Məhkəmə iclasında müdafiəçi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata əməlində İXM-nin 535.1-ci maddəsinin tərkibi olmadığından 535.1-ci maddəyə münasibətdə xitam verilməsini, əməlindən peşman olduğunu, həmçinin Qarabağ müharibəsi iştirakçısı olduğunu nəzərə alaraq İXM-nin 510-cu maddəsi üzrə yüngül inzibati tənbeh tədbirinin verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Abşeron Rayon Polis İdarəsinin İTŞ-si tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs haqqında İXM-nin 510-cu və 535.1-ci maddələri üzrə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Abşeron RPİ-nin polis leytenantı Məhəmmədəli Tahirzadənin raportundan görünür ki, Şəxs ictimai yerdə telefonla danışarkən nalayiq ifadələr işlətmiş, bu səbəbdən ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmişdir, sonuncu aqressiv cavab verdikdə onu polis idarəsinə gətirmişdir. Məhkəmə işin faktiki hallarını araşdırarkən bu nəticəyə gəlmişdir ki, Şəxs xx.xx.2025ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri “AAAFpark” yaşayış kompleksi ərazisində Şəxs ictimai yerdə nalayiq ifadələr işlətmişdir. Ona görə də düzgün olaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bu halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddələrinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs haqqında həmçinin İXMnin 535.1-ci maddəsi üzrə də inzibati protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinin dizposiyasına əsasən polis işçisinin və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olunmaması inzibati məsuliyyətə səbəb olur. Beləliklə, qeyd olunan hüquq normasının tələblərinə əsasən inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı meyarlar olmalıdır: 1) polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra etməlidir: 2) bu zaman hüquqpozmanın subyekti ictimai qaydanı pozmalıdır; 3) subyekt ictimai qaydanı pozarkən, onun mühafizəsi vəzifələrini icra edən polis işçisinin tələblərinə qəsdən tabe olmamalıdır; 4) Polis işçisinin tələbi qanuni, yəni onun icra edici vəzifələr uyğun olmalıdır. Məhkəmə, qeyd olunan hüquq normasının əsaslarını şərh etməyi zəruri hesab edir. Bunun üçün, ilk növbədə, ictimai qayda və hüquq qaydaları anlayışlarına, onların əsaslarını sarsıdan hüquq pozuntusu, inzibati hüquq pozuntusunun tərkibi və elementləri, ictimai qaydanın və hüquq qaydasının mühafizəsinin təmin edilməsində polis əməkdaşlarının vəzifələrinin hədləri, polis əməkdaşlarının tələblərinin qanuni əsasları kimi anlayışlara aydınlıq gətirmək zərurəti vardır. Məhkəmə təcrübəsində ictimai qayda və hüquq qaydası anlayışları bir çox hallarda fərqləndirilmir ki, bu da nəticə etibarı ilə əmələ hüquqi qiymət verilməsində səhvlərə yol açır. İctimai qayda - qüvvədə olan qanunvericiliklə, adətlərlə və ənənələrlə, həmçinin mənəvi normalarla tənzimlənən, cəmiyyətdə insanlar arasında formalaşmış münasibətlər sistemi, qarşılıqlı davranış və birgəyaşayış qaydalarıdır. İctimai qayda bütün sosial norma və prinsiplərin realizə olunmasına əsaslanan ictimai münasibətlərin tənzimlənmiş vəziyyətidir. Hüquq qaydası - konkret hüquq normalarının praktiki realizə edilməsi nəticəsində yaranan ictimai münasibətlərin tənzimlənmiş vəziyyətidir. Bir tərəfdən onu hüquqi tənzimlənmənin məqsədi, yəni qanunvericinin müəyyən qaydaların bərqərar olmasına yönəlmiş fəaliyyəti kimi qəbul etmək olar. Bu halda o, realizə olunmuş qanunçuluq statusuna malik olur. Digər tərəfdən isə hüquq qaydasını hüquqi tənzimləmənin nəticəsi kimi qəbul etmək olar. Bu halda o, hüquqla ictimai münasibətlərin faktiki olaraq tənzimlənmiş vəziyyəti kimi çıxış edir. Dövlət hüquq qaydasının həm vacib elementi, həm zəruri şərti, həmdəki qarantıdır. Beləliklə, hüquq qaydası hüququn və hakimiyyətinin vəhdəti, onların qarşılıqlı təsirinin nəticəsidir. Bu elə bir qaydadır ki, onda ictimai, siyasi və dövlət həyatının subyektlərinin hüquqi vəziyyəti və qarşılıqlı ünsiyyəti qəti olaraq qanunlarla müəyyən edilir və dövlət hakimiyyəti tərəfindən qorunur. İctimai qaydanın və hüquq qaydasının fərqli sosial-normativ əsasları və təmin olunması qaydaları vardır. Belə ki, ictimai qaydanın bərqərar olunması üçün bütün sosial normaların (mənəviyyat normalarının, adətlərin, dini normaların) vəhdəti tələb olunduğu halda, hüquq qaydası hüququn və qanunçuluğun vasitəsilə bərqərar olur. İctimai qayda bütün cəmiyyət tərəfindən təmin olunduğu halda, hüquq qaydası dövlətin məcburi gücü vasitəsilə təmin olunur. Hüquq pozuntusu - şəxsin dövlətə, cəmiyyətə və digər şəxslərə qarşı təqsirkar, qanunazidd fəaliyyəti ilə (fəaliyyətsizliyi ilə) zərər yetirmək kimi müəyyən edilir. Hüquq pozuntusu ictimai təhlükəliyi ilə səciyyələnir. İnzibati xəta hüquq pozuntu olaraq qanunda nəzərdə tutulan ictimai- təhlükəli əməldir. O, ümumi-məcburi normaların pozulması nəticəsində yaranır. İnzibati xətanın əlamətləri və xüsusiyyətləri xətanın tərkibini təşkil edən elementlərin təhlili əsasında müəyyən edilir. İnzibati hüquq pozuntusunun tərkibi - bu, hər bir hüquq pozuntusunu əks etdirən, onun ən ümumi, tipik və əhəmiyyətli əlamətlər sistemidir, yəni bütün hüquq pozuntularına şamil edilən, hüququ pozan şəxsi hüquqi məsuliyyətə cəlb etmək üçün səbəb olan, hüquq pozuntusunun əlamətlər sistemidir, harada ki, heç olmasa birinin yoxluğuna görə, şəxs məsuliyyətə cəlb oluna bilməz. Hər bir hüquq pozuntusunun mütləq elementləri aşağıdakılardır: hüquq pozuntusunun obyekti; hüquq pozuntusunun obyektiv tərəfi; hüquq pozuntusunun subyekti; və hüquq pozuntusunun subyektiv tərəfi. İnzibati hüquq pozuntusunun obyekti - bu, qanun tərəfindən nizamlanan və qorunan pozulmuş ictimai münasibətlərdir; İnzibati hüquq pozuntusunun obyektiv tərəfi - bu, hüquq pozuntusuna səbəb olan fəaliyyətdir (qanuna zidd hərəkət və ya hərəkətsizlikdir); İnzibati hüquq pozuntusunun subyekti - bu, hüquq pozuntusunu törətmiş tərəfdir (qanunun müəyyən etdiyi yaş həddinə çatmış və əqli sağlam şəxs, və ya hüquqi şəxs); İnzibati hüquq pozuntusunun subyektiv tərəfi - bu, insanın törətdiyi hüquq pozuntusuna intellektual (zehni) münasibətidir. Göstərilən elementlər vahid konteksdə mövcud olmalı və onların birinin mövcud olmaması inzibati xətanın mövcudluğunu istisna edir. İctimai qaydanın mühafizəsinin təmin edilməsi sahəsində polis əməkdaşlarının hüquq və vəzifələrinin hədləri və onların tələblərinin qanuni əsasları «Polis haqqında» Azərbaycan Respublikasının Qanununun normaları ilə tənzimlənir. Həmin Qanunun 5-ci maddəsinə əsasən polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Şəxsin hüquq və azadlıqlarına qarşı polis tərəfindən bu Qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yalnız Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 13-cü maddəsinin 7-ci bəndinə əsasən polis əməkdaşları səlahiyyətlərini həyata keçirərkən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etməlidirlər. Həmin Qanunun 13-cü maddəsində polis əməkdaşlarının ümumi vəzifələri, 14-cü maddəsində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri, 17-ci maddəsində polis əməkdaşlarının ümumi hüquqları, 18-ci maddəsində isə ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının hüquqları sadalanmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinin mənasına görə, qanun ilə inzibati xətanın bütün əlamətləri müəyyən edilmədiyi halda heç kəs inzibati məsuliyyətə cəlb edilə bilməz. Barəsində inzibati protokol tərtib edilmiş Şəxs tərəfindən ictimai qaydanın yuxarına qeyd olunan elementləri pozulmuşdır. İş materiallarında Şəxs tərəfindən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasını tərtib edilmiş raportda və inzibati xəta haqqında protokolunda inzibati xətanın mahiyyəti tam göstərilməmişdir. Ümumiyyətlə raportda və inzibati xəta haqqında protokolda Şəxs tərəfindən polis əməkdaşının hansı qanuni tələblərinə qəsdən tabe olmaması və həmin tabe olmamanın nədə ifadə olunması qeyd edilməmişdir. Məhkəmə bu nəticəyə gəlir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozuntusunun elementlərindən olan pozuntunun obyekti (bu maddə ilə qorunan ictimai münasibətlər), obyektiv tərəfi (maddədə göstərilən hüquq pozuntusuna səbəb olan fəaliyyət) və subyektiv tərəfi (şəxsin öz hərəkətlərinə dair zehni münasibəti) müəyyən olunmadığından, o, qeyd olunan maddə ilə təqsirli sayıla bilməz və onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 510-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi izahat, özünün izahatı ilə və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsif olunmuşdur. İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi sübuta yetmir, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə belə nəticəyə gələrkən aşağdakı hüquq normalarına istinad edir: Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yalnız İXM ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki,Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 33 (otuz üç) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 (on) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il, saat 19:35-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 33 (otuz üç) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1743/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1743/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver