Məhkəmə qərarları › İş №3(012)-1750/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1750/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1750/2025 29.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxx 1990-cı il tarixdə Saatlı rayonunun Xanlarkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Saatlı rayonunun Xanlarkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 29 iyul 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə protokolu müdafiə edərək bildirmişdir ki, Saatlı rayon məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 16(055)-17/2024 nömrəli icra vərəqəsinə əsasən 02 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 22 sentyabr 2015-ci il təvəllüdlü X2 və 29 sentyabr 2018-ci iltəvəllüdlü X1 üçün hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 25 sentyabr 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə göndərilmiş, borclu 09 oktyabr 2024-cü il tarixdə bildirişi rəsmi qəbul etməklə, icra vərəqəsi üzrə rəsmi qaydada xəbərdar edilmişdir. Bundan sonra borclu icra şöbəsinə dəvət olunmuş, izahatı alınmaqla icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyin icrasını təmin etməsi tələb olunsa da o, sözügedən icra vərəqəsi ilə bağlı heç bir icra hərəkəti aparmamış, tələbkar ərizə ilə müraciət edərək, Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Bundan sonra borclu barəsində MN № ******* saylı, 07 oktyabr 2024-cü il tarixli protokol tərtib olunaraq, məhkəməyə verilmiş və Abşeron rayon Məhkəməsinin 3(012)-2543/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qərarı ilə 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bundan sonrada ona dəfələrlə xəbərdarlıq edilsə də, lakin sonuncu tərəfindən ödənişlər edilməmiş, öhdəliyin icrasından qərəzli olaraq yayınmışdır. 21 fevral 2025-ci il tarixdə borclu icra şöbəsinə dəvət edilmiş və tərəfindən 520 manat ödəniş edilmişdir. Qeyd olunan icra vərəqəsi üzrə Şəxs 2990 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs barəsində olan icra vərəqi üzrə borcun tam ödənilməsini, əks halda barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir, belə ki, borclu dəfələrlə borcu ödəyəcəyini bildirməklə onu və icra məmurunu aldatmışdır. Tələbkar Zərərçəkmiş şəxs heç yerdə işləmədiyini, uzun müddət keçməsinə baxmayaraq bir dəfə də olsun onlarla maraqlanmamasını, aliment borcundan 1500 manat ödəniş edərsə ona qarşı şikayətinin olmayacağını bildirməklə, borclu barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilir. Belə ki, o, borcu ödəməkdən imtina etmir, lakin işsizlikə bağlı ödənişlərdə gecikmələr yaranmışdır. Ona müəyyən müddət vaxt verilərsə yaranmış borcundan hər ay 100 manat olmaqla ödəniş edə bilər. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsi qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:

1. Saatlı rayon məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 16(055)-17/2024 nömrəli icra sənədinə əsasən 02 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 22 sentyabr 2015-ci il təvəllüdlü X2 və 29 sentyabr 2018-ci iltəvəllüdlü X1 üçün hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir;

2. Saatlı rayon məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 16(055)-17/2024 nömrəli icra sənədi 25 sentyabr 2024-cu il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olaraq, icraata başlama haqqında qərar qəbul edilmiş və tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir; Bundan sonra borclu icra şöbəsinə dəvət olunmuş, izahatı alınmaqla icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyin icrasını təmin etməsi tələb olunsa da o, sözügedən icra vərəqəsi ilə bağlı heç bir icra hərəkəti aparmamış, tələbkar ərizə ilə müraciət edərək, Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir;

3. Abşeron rayon Məhkəməsinin 3(012)-2543/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qərarı ilə Şəxs 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir

Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş vəzifələri icra etməmiş və ödəniş etməməsinə səbəb olaraq müxtəlif bəhanələr qeyd etsə də məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz olaraq icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, sonuncunun inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 29 iyul 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar