Məhkəmə qərarları › İş №3(012)-177/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-177/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-177/2025 06.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon icra və probasiya şöbəsinin icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs Nurəddin oğlunun Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1972-ci ildə Amasiyada anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-də baş direktor vəzifəsində işləyən, əvvəllər məhkum olmayan, Abşeron rayonu, Ceyranbatan qəsəbə ərazi dairəsi, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 3, mənzil 12 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 01 oktyabr 2024-cü il tarixli, MN ******* saylı protokoldan və iş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 627/2023 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ”Schmtz” markalı, **-ZE-***, **- ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular və AZ 10V-789 dövlət qeydiyyat nişanlı ekskavator tam yararlı vəziyyətdə iddiaçıya geri qaytarılmalıdır. Nəticədə "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)-1963/2024 saylı qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Zərərçəkmiş şəxs Nurəddin oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(105)-567/2024 saylı qərarına əsasən Abşeron Rayon Məhkəməsinin 3(012)-1963/2024 nömrəli, 07 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilmiş, "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. Apellyasiya Məhkəməsi Qərarında qeyd etmişdir ki, göründüyü kimi texnikaların işlək və yararlı vəziyyətdə borcludan alınaraq tələbkara verilməli olması icra sənədində təsbit olunmuşdur. Həmin texnikaların yararsız olması ona vizual baxışın nəticəsində müəyyən edilmiş, yəni həmin texnikanın real olaraq işlək olub-olmaması aydınlaşdırılmamışdır. Borclu şəxs isə həmin texnikaların yararlı vəziyyətdə olmasını mübahisələndirmişdir. ki, bu da ziddiyyətli halın olmasını qaçılmaz edir. İcra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı bütün zəruri tədbirlər tam və lazımınca yerinə yetirilməmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmədə protokolu müdafiə edərək, bildirmişdir ki, Şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-627/2023 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən “Schmtz” markalı, **-ZE-***, **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular və AZ 10V- 789 dövlət qeydiyyat nişanlı ekskavator tam yararlı vəziyyətdə Zərərçəkmiş şəxs Nurəddin oğluna geri qaytarılmalıdır. İcra vərəqəsinin icrası ilə bağlı vizual baxış keçirilmiş, texnikaların yararsız olduğu müəyyən edilmişdir. Bundan sonra qiymətləndirici mütəxəssis dəvət olunmuş, əmlakın qiymətləndirilməsi ilə bağlı hesabat alınmışdır. Hesabatda qeyd edilən yarımqoşqular və ekskavatorun təkərləri və motorları yararsız, eyni zamanda işlək olmadığı üçün qiymətləndirmə həyata keçirilmədiyi bildirilmişdir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs Nurəddin oğlu izahatında bildirdi ki, "xxxx" MMC-də işləyirdi, 2017-ci ildə AYAN” MMC-də işdən ayrılanda, ona məxsus 3 texnika orada qaldı, 2021-ci ildə bir neçə dəfə texnikaların geri qaytarılması ilə bağlı cəhdlər etsə də, texnikalar ona geri qaytarılmamış, 2022-ci ildə məhkəməyə müraciət etmişdir. Məhkəmə qərarı əsasında texnikaların ona tam yararlı vəziyyətdə qaytarılması barədə qətnamə qəbul edilmişdr. İşə üç instansiya məhkəməsində də baxılmış, qərar qüvvədə qalmışdır. Nümayəndə vasitəsi ilə texnikalara baxış keçirilərkən texnikaların yararlı olmasını yoxlamaq üçün onları işlək vəziyyətdə salıb yoxlamaq lazım idi, ona da vəsait tələb olunurdu. Tərəflərindən yox Şəxs tərəfindən o vəsait ödənilməli idi. Hazırda Şəxs texnikaların qaytarılmasına etirazı yoxdur, lakin məhkəmə qərarına əsasən texnikalar ona tam yararlı vəziyyətdə qaytarılmalıdır. Texnikaların ikisinin buraxılış ili 2008-ci il və 2009-cu il, ekskavatorun buraxılış ili isə 2012-ci ildir. Texnikaların ikisi 2017-ci ilin may ayına qədər işlək vəziyyətdə, ekskavator isə 2022-ci ilə qədər işlək vəziyyətdə olmuşdur. Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, həmin yarımqoşqular və ekskavator əslində ona məxsusdur, bacısı oğlu Zərərçəkmiş şəxs Nurəddin oğluna inandığı üçün sənədlərini onun adına rəsmiləşdirmişdir. Texnikalardan bir neçəsini sənədlər əsasında ona qaytarsa da, mübahisəli texnikaların sənədlərinin rəsmiləşdirilməsini bu gün sabaha saldı, bir də eşitdi ki, Zərərçəkmiş şəxs məhkəmədə ona qarşı texnikaların qaytarılması ilə bağlı iddia qaldırıb. Hazırda o, sözügedən icra sənədini icra etməkdən boyun qaçırmır. Texnikaları geri qaytarmağa etiraz etmir. Vaxtı ilə həmin texnikalar vasitəsi ilə yük daşınmışdır. Zərərçəkmiş şəxs gedəli 2017-ci ildən bu vaxta qədər onlarda istifadə olunmamışdır. Texnikalar 10 ildir ki, firmanın həyətində istifadəsiz, açıq hava şəraitində qalmışdır. Texnikaların sənədi olmadığından da istifadə etmək mümkün olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Şəxs qeyd olunan icra vərəqəsini icra etməkdən boyun qaçırmır. Lakin texnikaların saz vəziyyətdə olub- olmamasını müəyyən etmək mümkün olmur. Odur ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını əsas gətirərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 2(012)-627/2023 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, ilkin iddia ərizəsi təmin edilmiş, Zərərçəkmiş şəxs Nurəddin oğluna məxsus “Schmtz” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular və AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavator istifadəyə tam yararlı vəziyyətdə "xxxx" MMC-dən alınaraq geri qaytarılması qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-627/2023 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır və həmin tarixdə borclu şəxsə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. İşdə olan icra məmuru X2, tələbkar Zərərçəkmiş şəxs Nurəddin oğlunun nümayəndəsi X1 və iki hal şahidinin iştirakı ilə tərtib olunmuş 07 mart 2024-cü il tarixli aktdan müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-627/2023 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən “Schmtz” markalı, **-ZE-***, **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular və AZ 10V-789 dövlət qeydiyyat nişanlı ekskavator tam yararlı vəziyyətdə Zərərçəkmiş şəxs Nurəddin oğluna geri qaytarılmalıdır. İcra vərəqəsinin icrası ilə bağlı vizual baxış keçirilmiş, texnikaların yararsız olduğu müəyyən edilmişdir. Göründüyü kimi baxış keçirilərkən borclu tərəf iştirak etməmişdir. Bundan sonra, tələbkarın nümayəndəsi K.F.Quliyevin əmlakların qiymətləndirilməsi üçün mütəxəssis cəlb edilməsinə dair ərizəsi əsasında icra məmurunun 17 may 2024-cü il tarixli Qərarı əsasında “Schmtz” markalı, **-ZE-***, **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular və AZ 10V-789 dövlət qeydiyyat nişanlı ekskavatorun işlək vəziyyətdə olubolmamaları ilə bağlı rəy verilməsi üçün "xxxx"MMC-dən mütəxəssis dəvət edilmişdir. "xxxx"MMC-nin xx.xx.2024-cü il tarixli hesabat-rəyindən “Schmtz” markalı, **-ZE-***, **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular və AZ 10V-789 dövlət qeydiyyat nişanlı ekskavatorun təkərləri və motorunun yarasız, eyni zamanda işlək olmadığı üçün qiymətləndirmənin həyata keçirilmədiyi bildirilmişdir. Həmin rəyin məzmunundan tədqiqat obyektinə baxış keçirilməsi görünmür. Həmçinin borclu tərəf də mütəxəssis hansı şəraitdə belə bir rəy verməsinin ona məlum olmadığı, obyektlərə mütəxəssis baxışı keçirilmədiyini bildirir. Məhkəmə həmçinin qeyd edir ki, mübahisə obyektləri MMC-nin həyətində açıq hava şəraitində yerləşməklə, təkər və bu kimi hissələrin atmosfer təzyiqinə məruz qalması halı da istisna olunmur. Odur ki, işin bu halında icra məmuru tərəflərin və mütəxəssisin iştirakı ilə obyektlərə baxış keçirilməsini və nəticəsini rəsmiləşdirməli olduğu halda, bunu etməmiş və hazırkı inzibati xəta protokolunu tərtib etmişdir ki, nəticədə göründüyü kimi, barəsində protokol tərtib olunan şəxsin təqsirliliyi sübut olunmur. Halbuki, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən icra ilə əlaqədar icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görülməsi icra xidmətinin icra məmurunun vəzifəsidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 528.1 maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflərin izahatına əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta tərkibi yoxdur . Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2026-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun 82.3-cü maddəsinin tələblərinə uyğun olaraq, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İcra haqqında” Qanun) ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-3739/2023 saylı, 26.012024-cü il tarixli icra sənədi üzrə borclunun icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi məhkəmə baxışında sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmədə borclu tərəfindən icra məmurunun icra vərəqəsinin icrası ilə bağlı hüquq və vəzifələrini yerinə yetirməsinə mane olan hər hansı hüquqazidd, təqsirli hərəkəti etməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 11, 12, 13, 53, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar