Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1778/2021 16.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Fizuli rayonu Kürdlər kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında 156047/207-27-11 nömrəli icra işi ilə birlikdə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin protokoldan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-926/2017 saylı, 11.04.2017-ci il tarixli icra sənədinə əsasən iş üzrə borclu Şəxs 1240 manat borcu iş üzrə tələbkar X3 xeyrinə ödəməmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 protokolu müdafiə edərək bildirdi ki, Füzuli rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli icra sənədinə əsasən iş üzrə borclu Şəxs 1850 (bir min səkkiz yüz əlli) manat borcu iş üzrə tələbkar X3 xeyrinə ödəməmişdir. Borclu Şəxs heç bir üzrlü səbəb göstərmədən, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də, icra məmuru, borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-926/2017 saylı, 11.04.2017-ci il tarixli icra sənədinə əsasən o, 1850 (bir min səkkiz yüz əlli) manat məbləğində borcu iş üzrə tələbkar Hətəmov Raqif Arif oğlunun xeyrinə ödəməmişdir. O bildirdi ki, müharibə veteranıdır, ayda 80 manat pensiya alır, buna baxmayaraq ayda 100 manat tələbkara ödəniş edir, həm də eyni fakt üzrə bir dəfə 10 gün müddətinə həbs olunmuşdur. Ona görə də barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Füzuli rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli qərarına əsasən cavabdeh Şəxs 2400 manat məbləğində borc tutularaq Hətəmov Raqif Arif oğluna verilməsi qət edilmişdir. İş materiallarında olan 22.05.2017-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-629/2018 saylı, 18.04.2018-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan 156047/207-27-11 nömrəli icra işindən görünür ki, haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müharibə veteranı olmaqla ayda 80 manat pensiya alır, eyni zamanda ayda 100 manat tələbkara ödəniş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində eyni fakt üzrə məhkəmənin qərarı olduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Şəxs izahatından icra sənədini üzrsüz səbəbdən icra etməməsi görünmür. Borclu hər ay 100 manat ödəniş edir, tələbkar da bu məbləği qəbul edir. borclu pensiya alır, icra məmuru isə borcu pensiyaya yönəltmək yerinə inzibati xəta haqqında protokol tərtib etməklə işini bitmiş hesab edir. Bundan başqa həm də məhkəmə zamanı müəyyən edildi ki, Şəxs barəsində eyni fakt üzrə Abşeron rayon məhkəməsinin 18.04.2018-ci il tarixli onun 10 (on) gün müddətinə həbs olunmasına dair qərarı mövcuddur. Qərardan şikayət verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında qərar olduqda iş üzrə icraata xitam verilir. Belə olan halda, Şəxs barəsində eyni fakt üzrə Abşeron rayon məhkəməsinin 18.04.2018-ci il tarixli qərarı olduğundan onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Belə ki, borclu Şəxs əsassız yerə eyni fakt üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi ədalət mühakiməsinin həyata keçirən məhkəmənin prinsiplərinə ziddir olmaqla yolverilməzdir ki, bu da gələcəkdə borclu barəsində cinayət təqibinin başlanması üçün əsas ola bilər. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1778/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1778/2021
16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver