Məhkəmə qərarları › İş №3(012)-178/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-178/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-178/2025 17.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 06 noyabr 2022-ci il tarixli, EQ 12052989 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X1 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 06 noyabr 2022-ci il tarixli, EQ 12052989 saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək, onun ləğv edilməsini xahiş etmiş, eyni zamanda həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətlə müraciət edərək, qərardan qanunvericiliklə nəzərdə tutulmuş müddətdə şikayət verə bilmədiyini göstərmişdir. X3 tərəfindən buraxılmış müddətin bərpası barədə vəsatət onunla əsaslandırılmışdır ki, onun Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol X2 Sistemi tərəfindən barəsində tərtib edilmiş 06 noyabr 2022-ci il tarixli, EQ 12052989 saylı qərardan heç bir məlumatı olmamışdır. Bu səbəbdən də sözügedən protokoldan vaxtında şikayət verilməmişdir. Hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 130.2-ci maddələrinə müvafiq olaraq buraxılmış müddət bərpa edilməlidir.. Qərardan şikayət vermiş şəxsə və inzibati xəta haqqında qərar qəbul etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, gəlməməyin səbəbini bildirmədən məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə vəsatətə qərardan şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət əsassız olduğundan imtina olunaraq şikayət ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 57.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. X3 vəsatətində və şikayətində 06 noyabr 2022-ci il tarixli, EQ 12052989 saylı inzibati tənbeh vermə haqqında qərardan məlumatı olmadığını, müvafiq orqanlara şikayət etdikdən sonra qərarları əldə etdiyini bildirsə də, bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 tərəfindən irəli sürülmüş arqumentlər onun hazırki qərarın ləğvi ilə bağlı vaxtında qanunla müəyyən olunmuş müddət ərzində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət etməsinə maneə ola bilməzdi. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 06 noyabr 2022-ci il tarixli, EQ 12052989 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosesssual müddətin bərpası üçün üzürlü hesab edilə bilmədiyindən Azər Kərimli tərəfindən verilmiş vəsatət rədd olunaraq, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 06 noyabr 2022-ci il tarixli, EQ 12052989 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan (müddətin bərpasının rədd olunması hissəsindən) rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar