Məhkəmə qərarları › İş №3(012)-1792/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1792/2021

24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1792/2021 24.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Şəxs Hüquqşünası Femida Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar Abşeron Rayon Məhkəməsiinə daxil olmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankından məhkəməyə daxil olmuş EP ******* nömrəli 12 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMMC 305462.56 ABŞ dolları məbləğində vəsaiti 22.10.2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 305462.56 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. xəta 23.10.2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi “Femida Tradinq MMC-nin nümayəndəsi X3 izahat verərək bildirdi ki, Şəxs X4 hesabından 22.10.2019-cu il tarixdə 305 462,56 USD vəsait avans kimi Hon-Konq (ÇXR)-ın şirkəti olan X1 şirkətinin hesabına köçürülmüşdür. Daha sonra Hon-Konq şirkəti ilə sahibkarlıq fəaliyyəti baş tutmadığı səbəbindən X1 şirkəti 19.03.2020-ci il tarixdə 249 927,09 USD və 24.03.2020-ci il tarixdə 55 389,76 USD vəsaiti şirkətin Kapital Bankda olan hesabına köçürmüşdür. Aradakı 145,71 USD fərq isə bankın xidmət haqqısı olmuşdur. Buna baxmayaraq X8 iki il müddət başa çatdıqdan sonra malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd olmaması səbəbindən Mərkəzi Banka müraciət ünvanlamışdır. Halbuki yuxarıda da qeyd edildiyi kimi avans şəklində köçürülən vəsait sonradan şirkətimizin hesabına geri qaytarılmış və tərəfimizdən hər hansı bir mal satın alınmamışdır. X6 bu halı araşdırmadan barəmizdə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən 12.11.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edərək materialları Abşeron Rayon Məhkəməsinə göndərmişdir. İnzibatı Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasında qeyd edilmişdir ki. avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə təqsirkar şəxslər inzibati qaydada cərimə edilir. Qeyd edilən əməliyyatda isə inzibati xətanın tərkibi yoxdıır. Belə ki, avans şəklində ödənilmiş vəsait sonradan geri qaytarılmışdır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi göstərilmişdir. Həmin Məcəllənin 430.4-cü maddəsinin tövsifedici əlaməti avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasından ibarətdir. İş materiallarında olan 22.10.2019-cu il tarixli köçürmə ərizəsindən görünür ki, "xxxx" MMC 305462.56 ABŞ dolları məbləğində vəsaiti 22.10.2019-cu il tarixdə xaricə köçürmüşdür. İş materiallarında olan Kapital Bank ASC-nin şirkətə ünvanlanmış və “X8 Azərbaycan“ QSC-yə təqdim olunması üçün verilmiş məktubundan görünür ki, Şəxs AZ75AİİB******************** saylı hesabına 19.03.2020-ci il tarixində 249927,09 ABŞ dolları və 24.03.2020-ci il tarixində 55389,76 ABŞ dolları vəsait daxil olmuşdur. Daxil olan vəsaitlər X1 şirkətinin avans ödənişi üzrə bağlanmamışdır. İş materiallarında olan 29 noyabr 2021-ci il tarixli X1 şirkətindən Şəxsnə ünvanlanmış sənəddən görünür ki, 19091819 saylı müqavilə ləğv edildiyindən 305462.56 ABŞ dolları məbləğində vəsaiti Şəxs Kapital Bank ASC-də olan AZ75AİİB******************** saylı hesabına geri qaytarılır Məhkəmədə müəyyən edilmişdir ki, həqiqətən də Şəxs X4 hesabından 22.10.2019cu il tarixdə 305 462,56 USD vəsait avans kimi Hon-Konq (ÇXR)-ın şirkəti olan X1 şirkətinin hesabına köçürülmüşdür. Daha sonra Hon-Konq şirkəti ilə sahibkarlıq fəaliyyəti baş tutmadığı səbəbindən X1 şirkəti 19.03.2020-ci il tarixdə 249 927,09 USD və 24.03.2020-ci il tarixdə 55 389,76 USD vəsaiti şirkətin Kapital Bankda olan hesabına köçürmüşdür. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən və işə baxılarkən tədqiq edilmiş sübutlardan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulan xətanı törətməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar