Məhkəmə qərarları › İş №3(012)-1796/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1796/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1796/2024 04.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusıət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (hüquqi ünvanı: Abşeron rayonu, Hökməli şəhər tipli qəsəbəsi, Şamaxı şossesi, ev 13 VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi üzrə tərtib olunmuş 09 iyul 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilmiş “İSUZU NPR yük” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icarə müqaviləsi əsasında başqa şəxsə verilərkən onu təkrar dövlət qeydiyyatından keçirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndələri gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, nizamnamə kapitalı ********.00 AZN olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hüquqi ünvanı ünvan 26 oktyabr 2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. -İnzibati xəta haqqında 09 iyul 2024-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nəqliyyat vasitəsinin sahibləri tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsini başqa şəxsə icarə və ya digər əşya hüquqlarına dair müqavilə ilə verdikdən sonra onu təkrar dövlət qeydiyyatından keçirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin tələblərini pozmuş, nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Web portaldan çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən etibrnamə qeydiyyatı olan hissədə etibarnamələrə dair məlumat hissəsindən görünür ki, həmin hissədə istifadəsi həvalə olunan şəxsin soyadı, istifadəsi həvalə olunan şəxsin adı, istifadəsi həvalə olunan şəxsin ata adı, sürücülük vəsiqəsi, S.V üzrə kateqoriyası, mobil nömrə, sənədin nömrəsi, sənədin daxil olması (ESD-də Qeydiyyatı), qeyd, sənədin verilmə tarixi, sənədin bitmə tarixi hissələri boş buraxılmışdır. -Bakı şəhəri Yasmal rayon X1 Şöbəsinin məktubundan görünür ki, "xxxx" MMC-nin istifadəsində olan “İSUZU NPR yük” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə, saat 09:43-də inzibati xəta törətmiş şəxs (İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi üzrə) barəsində şöbəyə 05 gün ərzində məlumatın verilməsi xahiş olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, “İSUZU NPR yük” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə icarəyə verilmiş, lakin MMC həmin avtomobili öz adına təkrar dövlət qeydiyyatından keçirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 339.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə « inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, MMC-nin törətdiyi inzibati xəta uzanan inzibati xəta olmaqla, hüquqi şəxsin hərəkətsizliyi ilə bağlı olaraq törədilmiş və inzibati xətanın törədilmə vaxtı avtomobilə mülkiyyət hüququ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olmuş, həmçinin “İSUZU NPR yük” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobil icarə müqaviləsi əsasında başqa şəxsə verilərək, təkrar qeydiyyatdan keçirməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək. 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar