Məhkəmə qərarları › İş №3(012)-1801/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1801/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1801/2024 17.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Şikayət verən X2 və Abşeron DYP YPX inspektoru polis serjantı X3 iştirakı ilə, X2 Abşeron rayon DYP-nin xx.xx.2024-cü il tarixli, TP6697671 saylı inzibati xəta haqqında elektron qərarından verdiyi şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 rayon DYP-nin xx.xx.2024-cü il tarixli, TP6697671 saylı inzibati xəta haqqında elektron qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şikayətçi X5 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 07:50 radələrində sahibliyində olan Mercedes markalı ** XM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakıdan Xırdalan istiqamətində hərəkətdə olarkən Xırdalan dairəsinin yaxınlığındakı dairəyə daxil olmamış gözləyərək dairəyə daxil olan avtomobillərin keçməsini gözlədikdən sonra heç bir avtomobilin gəlmədiyini görüb sola dönmə işığını yandıraraq hərəkətdə olarkən DYP əməkdaşı saxla əmri vermişdir, O, əmrə tabe olmuşdur. Polis əməkdaşı onun qəza şəraiti yaratdığını və qanunu pozduğunu bildirmişdir. O isə qanunu pozmadığını, əksinə hərəkətdə olan avtomobillərə yol verdiyini, sonra hərəkət etdiyini desə də, nəticə olmamışdır. Hər hansı qayda pozmasına dair videogörüntü göstərilməsini tələb etmişdir. DYP əməkdaşı isə videogörüntü olmadığını bildirmişdir. DYP əməkdaşı səlahiyyətindən istifadə edərək cərimə yazmışdır. Şəxs "sms radar" programına da baxdıqda heç bir video görüntünün olmadığını görmüşdür. DYP əməkdaşının yazdığı qərarın qanunsuz və əsassız olduğunu, bunun əksi olaraq heç bir video görüntü, heç bir sübut olmadığını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, Abşeron rayon DYP-nin YPX-nin xx.xx.2024-cü il tarixli, TP6697671 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmisdir. Məhkəmə iclasında Abşeron DYP YPX inspektoru polis serjantı X6 bildirdi ki, xx.xx.2024-cü il saat 07:50 radələrində şikayətçi X5 Bakıdan Xırdalan istiqamətində hərəkətdə olarkən Xırdalan dairəsinin yaxınlığındakı dairəvi yola yanlış daxil olaraq digər sürücülər üçün də təhlükə yaratmışdır, bununla bağlı görüntülər də vardır. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: X2 barəsində Azərbaycan Respublikası DİN Abşeron rayon DYP-nin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokolundan və xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında elektron qərarından müəyyən edilir ki, xx.xx.2024-cü il tarixində, saat 07:50 radələrində Xırdalan dairəsində MERCEDES 300 MİNİK markalı,** XM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcı keçmə qaydasını pozmağa görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələrinə əsasən 100 manat məbləğində cərimə olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. Şikayətinin dəlilləri işə baxılarkən təsdiq olunmadı. Belə ki, Abşeron DYP YPX inspektoru polis serjantı X6 bildirdi ki, xx.xx.2024-cü il saat 07:50 radələrində şikayətçi X5 Bakıdan Xırdalan istiqamətində hərəkətdə olarkən Xırdalan dairəsinin yaxınlığındakı dairəvi yola yanlış daxil olaraq digər sürücülər üçün də təhlükə yaratmışdır, bununla bağlı görüntülər təqdim olunmuş, tərflərin iştirakı ilə hadisənin görüntüsü müşahidə edilmiş və qərar qəbul edən tərəfin izahatı təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 327.2-ci maddəsinin dispozisiyasına görə, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X2 Abşeron rayon DYP-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında elektron qərarından şikayəti əsassız olduğundan rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Abşeron rayon DYP-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında elektron qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti rədd olunsun. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar