Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1810/2025 19.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Rəcəbova Samirə Məmməd qızının katibliyi ilə, Abşeron RPİ-nin DYPŞ-nin polis mayoru X4 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi verərək Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 xx.xx.2025 tarixində saat 17.40 radələrində Qobu qəsəbəsində şəxsi avtomobili ilə (**-QU-*** d.q nişanlı Toyota Carolla markalı) birzolaqlı yolda hərəkətdə olduğu halda sola dönmə əməliyyatı etmək istəyərkən sola dönmə siqnalını qoşub qarşıdan gələn avtomobilin olmadığını yəqin etdikdən sonra sola dönən zaman arxadan gələn Mercedes Benz markalı 99 DP - 078 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi dərhal əks zolağa çıxaraq onu soldan ötmək istəyərkən qəza baş vermişdir. Hadisəni Abşeron rayon yol polisi və sığorta işçisi qeydə almışdır. Polis əməkdaşı heç bir görüntü olmadan və X3 razılşamamasına baxmayaraq Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib etmişdir. Şikayətdə Abşeron RPİnin DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmənin əvvəlki iclasında qərardan şikayət vermiş X6 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Abşeron RPİ-nin DYPŞ-nin polis mayoru X7 şikayətin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi və hadisə anının videogörüntüsünü məhkəməyə təqdim etdi. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarından görünür ki, X6 barəsində Abşeron rayon Pİ-in DYPŞ-nin xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati qaydada 40 manat məbləğində cərimə inzibtati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib, Protokol tərtib edən tərəfin məhkəməyə təqdim etdiyi videogörüntüsünü nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı və şikayət verən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası DİN Abşeron rayon Pİ-in DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 61-ci maddəsinin İ-ci hissəsinə əsasən yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). İİ hissəsinə əsasən yol nişanları 7 qrupdan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəcik) Həmin Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər, yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Qanunun 79-cu maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi məsuliyyətə səbəb olan pozuntu hesab edilir. Qanunun 81-ci maddəsinə əsasən həmin qanunun 79-80-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və ya mülkihüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, «TOYOTA COROLLA” minik markalı, 77QU036 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 xx.xx.2025-ci il tarixdə, 17:40da Qobu qəsəbəsi ərazisində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Bu isə Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş tərkibi formalaşdırır. Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Qeyd olunan pozuntu ilə əlaqədar həmin ərazidə xidmət aparan Abşeron rayon Pİ-in DYPŞ-in inspektoru tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qanunvericiliyin tələblərinə müvafiq olaraq səlahiyyətli şəxs tərəfindən xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. İşin məhkəmə baxışında videgörüntüyə baxarkən qərarın qanuniliyi bir daha təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməli, qərarın dəyişdirilməsi, eləcə də qərarın ləğvi üçün əsaslar yoxdur. Eləcə də məhkəmə tərəfindən hazırki iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu müəyyən edilməmişdir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; Həmin Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X6 barəsində qəbul edilmiş Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunidir və şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1810/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1810/2025
19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver