Məhkəmə qərarları › İş №3(012)-1814/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1814/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1814/2023 28.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi, Xırdalan şəhəri vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-si tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında, nalayiq ifadələr işlətməsinə görə aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs əlləri ilə qəsdən vuraraq, sonuncuya sağlamlığa zərərvurmayan xəsarət yetirməklə ona qəsdən fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Abşeron RPİnin İTŞ-nin polis sahə rəisi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında aralarında yaranmış mübahisə zamanı əri Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Həmin şikayət əsasında Abşeron rayon Pİ-nin TŞ-də araşdırma aparılmış, həmin şikayət əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü protokol üzrə təqsirli bilməyərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs dəfələrlə DİN-in 102 xidmətinə ondan əsasız şikayətlər etmişdir. Zərərçəkmiş şəxs onun tərəfindən döyülməsi barədə dedikləri doğru deyil. Zərərçəkmiş şəxs vurmamış, ona hədə qorxu gəlməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə işlədiyi iş yerindən onu evə tez buraxdıqlarına görə yaşadığı evə gəldiyi zaman əri Abduləlinin övladları ilə münaqişə etdiyini görmüşdür. O, Abduləlini sakitləşdirməyə çalışsada, sonuncu onun sözlərinə əhəmiyyət verməmiş və onun ünvanına nalayiq ifadəlrə işlədərək əxlaqsızlıqla məşğul olduğunu deyərək ona şər-böhtan atmışdır. Bundan sonra Abduləli evdə olan bıçağı götürərək onu öldürəcəyi ilə hədələmişdir. Bir qədər sonra sonuncunun anası Şirmayi gəlmiş, lakin Abduləlini sakitləşdirə bilməmişdir. Daha sonra Abduləli əlləri ilə onun sifət və bədən nahiyəsindən vurmuşdur. O, Abduləlidən şikayətçidir, barəsində ciddi inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Xırdalan şəhəri vəkil bürosunun vəkili X5 hüquqlarını müdafiə etdiyi şəxsin yaşını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində zərərvurmayan xəsarət almış zərərçəkmiş şəxsə münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli, 1553 nömrəli rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - dilin əzilmiş yarası, çənəaltı nahiyənin qançırı küt əşya (əşyaların) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə, dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxs ilə barışmamışdır, ona görə İXM-nin 39.1-ci maddəsində nəzərdə tutulduğu qaydada iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Bundan başqa, məhkəmə Şəxs izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, həmin izahat işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur, belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs qızı ilə aralarında yaranan mübahisə nəticəsində sonuncunu əli ilə qəsdən vuraraq, sonuncuya xəsarətlər yetirməklə döyüb fiziki ağrı yetirməsi məhkəmə iclasında Zərərçəkmiş şəxs qızının verdiyi izahatı ilə təsdiq olunur. Nəzərə alınmalıdır ki, həmin şəxsin izahatı işin faktiki müəyyən edilmiş halları ilə uyğun gəlir, o cümlədən məhkəmə-tibbi ekspertizanın rəyi və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ilə müəyyən olunmuşdur ki, qeyd olunan inzibati xəta Şəxs tərəfindən törədilmişdir. Ona görə məhkəmə həmin izahatı Şəxs inzibati məsuliyyətdən boyun qaçırmağa cəhdi kimi qiymətləndirərək nəzərə alınmır, işin icraatına xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslar iş üzrə müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən saat 18:00-dan hesablansın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhəri vəkil bürosunun müdafiəçisi vəkil X3 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar