Məhkəmə qərarları › İş №3(012)-1814/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1814/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1814/2025 05.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxx 1990-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bərdə rayonu, Güloğlular ərazi dairəsində qeydiyyatda olan və Abşeron rayonu, Fatmayı kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı Nuhbala Cavadov izahat verərək bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Uğur Ocağı adlı restorandan daxil olan şikayətlər üzrə peşə fəaliyyətini yerinə yetirərkən, çəkiliş zamanı orda işləyən adını bilmədiyi qadın tərəfindən sinə mikrafonunun sınması və səs-küy salınmasına səbəb olan hərəkətlərə yol vermiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, yəni xırda xuliqanlıq əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü qismən təqsirli bilərək, bildirmişdir ki, o, iki gündür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Uğur Ocağı restoranında kassir olaraq işləyir. Restoranın açılışı üçün ilk bir-iki gündə bəzi səsgücləndirici vasitələrdən istifadə olunmasını və canlı musiqi təşkil olunduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 20 raddələrində özünü Xəzər Tv-nin jurnalisti kimi təqdim edən şəxsin obyektdə çəkiliş apardığını və çəkiliş zamanı ondan müsahibə alınmasını bildirmişdir. Zülfiyyə Bağırova çəkiliş vaxtı jurnalistin onu çəkməməsini demiş və çölə çıxmışdır. Bu zaman jurnalist onun arxasınca getmiş və onu çəkməyə davam etmişdir.Zülfiyyə Bağırova baş verən situasiyadan əsəbiləşib qışqırmış və əli ilə bilməyərəkdən jurnalistin əlində olan mikrafona toxunmuşdur. Bu zaman jurnalistin əlində olan mikrafon yerə düşmüşdür. Əməlindən peşman olduğunu, bir daha belə əməllərə yol verməycəyini, sağlamlıq vəziyyətini nəzərə alaraq barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 05 avqust 2025-ci il tarixli protokoldan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş X4 və X5 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi məqsədi ilə qərarın surəti aidiyyəti üzrə Abşeron RPİnin İTŞ-nə göndərilməsi müəyyən edilmişdir;

2. “İnzibati xəta haqqında” 05 avqust 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 02 avqust 2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Uğur Ocağı adlı restorandan daxil olan şikayətlər üzrə peşə fəaliyyətini yerinə yetirərkən, çəkiliş zamanı orda işləyən adını bilmədiyi qadın tərəfindən sinə mikrafonunun sınması və səs-küy salınması barədə səbəb olan hərəkətlərə yol vermiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, yəni xırda xuliqanlıq əməlini törətmişdir.

Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, təqsir dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların aşkar edilməməsini, eləcə də tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 50 (əlli) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar