Məhkəmə qərarları › İş №3(012)-182/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-182/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-182/2025 13.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin orqanın nümayəndəsi: icra məmuru X2 qızının Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, X3 küçəsi, ev 28, mənzil 8 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş 13 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi Nuranə Yaqubova protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(012)- 319/2021 nömrəli icra vərəqəsinə əsasən Şəxs dəymiş maddi ziyanın əvəzi olaraq 4915 manat və ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs verilməsi, Şəxs 80 manat, Zərərçəkmiş şəxs isə 20 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 09 iyul 2021-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. Abşeron rayon məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 8(012)-150/2022 saylı qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir. Bundan sonra Abşeron rayon İcra və Probasiya Şöbəsinin 10 yanvar 2025-ci il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir. Borclunun hazırda 4495 manat məbləğində ödənilməmiş borcu vardır. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahat verərək, bildirdi ki, Abşeron rayon məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(012)-319/2021 nömrəli icra vərəqəsi üzrə ona indikiyədək 450 manat məbləğində ödəniş etmişdir. Şəxs borcun tam ödənilməsini, əks halda barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü qismən təqsirli bilir. Belə ki, o, tələbkara olan borcunu ödəməkdən imtina etmir, lakin hazırda qeyri-rəsmi işlədiyi kafedən aldığı məbləğlə belə evin ipotekasın və ailənin dolanışığını təmin edə bilmir. Onun barəsində qəbul edilmiş axtarış qərarından məlumatı olmamışdır. Belə ki, icra məmuru onu nə zaman çağırarsa o, vaxtlı-vaxtında gəlirdi. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsi qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:

1. Abşeron rayon məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(012)-319/2021 nömrəli icra vərəqəsinə əsasən Şəxs dəymiş maddi ziyanın əvəzi olaraq 4915 manat və ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs verilməsi, Şəxs 80 manat, Zərərçəkmiş şəxs isə 20 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməsi qərara alınmışdır;

2. Abşeron rayon məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(012)-319/2021 nömrəli icra vərəqəsi ilə bağlı 09 iyul 2021-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir;

3. Abşeron rayon məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 8(012)-150/2022 saylı qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir;

4. Abşeron rayon İcra və Probasiya Şöbəsinin 10 yanvar 2025-ci il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir.

Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Abşeron rayon məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(012)- 319/2021 nömrəli icra sənədi üzrə üzərinə qoyulmuş vəzifələri icra etməmiş və ödəniş etməməsinə səbəb olaraq maddi imkanının yetərli qədər olmamasını qeyd etsə də məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz olaraq icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, sonuncunun inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar