Məhkəmə qərarları › İş №3(012)-1831/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1831/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1831/2024 04.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mirhəşimov Qəribağa Mirəhməd oğlunun Zərərçəkmiş: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 tərəfindən tərtib edilmiş 04 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)-4198/2014 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin, həmçinin xx.xx.2014-cü il təvəllüdlü X2 doğulduğu vaxtdan 3 il ərzində, yəni xx.xx.2017-ci il tarixə kimi hər ay 50 manat məbləğində pulun Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməsi, alimentin tutulmasının xx.xx.2014-cü il tarixdən hesablanması qərara alınmışdır. Sumqayıt şəhər İcra Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 07 avqust 2014cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. Daha sonra Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-6842/2023 nömrəli icra vərəqəsinə əsasən Bak şəhəri Sabunçu rayon məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 220 manat sabit pul məbləğində alimentin, ödənilmiş 50 manat məbləğində mediyasiya xərcinin iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması və məhkəmə xərci olaraq 30 manat dövlət rüsumunun cavabdehdən tutulması qərara alınmışdır. Sumqayıt şəhər İcra İdarəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 29 yanvar 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildiriş göndərilmişdir. Sumqayıt şəhər İcra İdarəsinin 04 iyul 2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)-4198/2014 nömrəli və Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 6842/2023 nömrəli icra vərəqələri icra olunması üçün ərazi aidiyyəti üzrə Abşeron rayon İcra Şöbəsinə göndərilməsi qərara alınmışdır. Sözügedən icra vərəqələri 15 iyul 2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İş materiallarında ilk olaraq Şəxs borc məbləği 10183 manat məbləğində hesablanmış, lakin hazırki dövr üçün isə ödənilməmiş 10401 manat məbləğində aliment pulu vardır. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilir. Belə ki, onun hazırki vaxtadək ödəniş etməməsinin səbəbi bir müddət tələbkarla aralarında barışıq olması olmuşdur. Hazırda isə ödənişlər etməməsi qərəzli xarakter daşımır, sadəcə olaraq yeni ailə qurduğundan və himayəsində yaşlı anası olduğundan borcunu bir dəfəyə ödəməyə imkanı yoxdur. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmədə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, borclunun icra sənədi üzrə yaranmış borcunu tam şəkildə ödəməsini, əks halda Şəxs barəsində inzibati tənbeh tədbiri tədbiq edilməsini xahiş edir. X7 məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)-4198/2014 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin, həmçinin xx.xx.2014cü il təvəllüdlü X2 doğulduğu vaxtdan 3 il ərzində, yəni xx.xx.2017-ci il tarixə kimi hər ay 50 manat məbləğində pulun Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməsi, alimentin tutulmasının xx.xx.2014-cü il tarixdən hesablanması qərara alınmışdır. 07 avqust 2014-cü il tarixdə icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-6842/2023 nömrəli icra vərəqəsinə əsasən Bak şəhəri Sabunçu rayon məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 220 manat sabit pul məbləğində alimentin, ödənilmiş 50 manat məbləğində mediyasiya xərcinin iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması və məhkəmə xərci olaraq 30 manat dövlət rüsumunun cavabdehdən tutulması qərara alınmışdır. 29 yanvar 2024-cü il tarixdə icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. 04 iyul 2024-cü il tarixli qərarla Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)-4198/2014 nömrəli və Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-6842/2023 nömrəli icra vərəqələri icra olunması üçün ərazi aidiyyəti üzrə Abşeron rayon İcra Şöbəsinə göndərilmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, Şəxs barəsində həbslə bağlı olmayan tənbehin verilməsinin məqsədə uyğun olmadığını, inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə məhkəmə borclu tərəfindən icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiq edilməsinin lüzumsuz olduğunu hesab edərək, həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında 2 saat dövlət hesabına olmaqla hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X5 cəmi 12 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 04 sentyabr 2024-cü il tarixdən, saat 16:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 2 saat hüquqi yardım göstərdiyinə görə Abşeron rayon vəkil bürosunun vəkili X5 müvafiq hesablaşma hesabı üzərindən 12 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar