Məhkəmə qərarları › İş №3(012)-1841/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1841/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1841/2024 17.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ bHakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, X1, onun vəkili-nümayəndəsi Vəkil, Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 iştirakı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 253.3.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi İnspektoru Polis baş serjantı X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə tərtib etdiyi 03 İyul 2024-cü il tarixli MN ******* nömrəli protokolu üzrə qəbul edilmiş 16 iyul 2024-cü il tarixli ******* nömrəli qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərarına əsasən Abşeron rayonu Qobu qəsəbəsində “Vulkan” kafesinin qarşısında tikinti abadlıq məqsədilə köküstəyaş 4 ədəd dekorativ kolun yerinin qanunsuz olaraq dəyişdirilməsi nəticəsində kolların quruyaraq məhv olmasına görə İXM-nin 253.3.1-ci maddəsinə əsasən 10000 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları “Vulkan” kafesinə daxil olaraq manqalların olubolmamasını soruşaraq şəxsiyyət vəsiqəsini istəmişdirlər. Daha sonra kafenin çölünə çıxaraq burada nə tikinti aparıldığını soruşublar. O, tikintinin kafenin sahibi tərəfindən aparılığını bildirmişdir. Polis əməkdaşları buradakı ağacların çıxarılaraq digər tərəfə basdırıldığı üçün quruduğunu bildiriblər. O, obyektin sahibi olmadığını, sahibin X8 olduğunu bildirmişdir. Lakin onun xx.xx.2024-cü il tarixində 10 000 manat cərimə olunması barədə qeydiyyatda olduğu ünvana məktub və qərar gəlmişdir. Halbuki şəxs həmin obyektin sahibi deyildir. Ona görə də, qərar ləğv edilməlidir. Belə ki, inzibati xəta hadisəsi olmamışdır.Bundan başqa İXM-nin 253.3.1 maddəsində vəzifəli şəxslər 5000 manat cərimə olunduğu halda, ona 10 000 manat məbləğində cərimə yazılmışdır. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərarının ləğv edilərək, inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X6 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, qeyd olunan “Vulkan” kafesində kababçı işləyir, kafenin sahibi deyildir. X1 müdafiəçisi Vəkil şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X12 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən “Vulkan” kafesinin qarşısında tikinti abadlıq məqsədilə köküstəyaş 4 ədəd dekorativ kolun yerinin qanunsuz olaraq dəyişdirilməsi nəticəsində kolların quruyaraq məhv olmasına görə X6 İXM-nin 253.3.1-ci maddəsinə əsasən 10 000 manat cərimə olunmuşdur. X6 VÖEN olan vəzifəli şəxsdir. Hadisə zamanı akt tərtib edilmişdir. Həmin vaxt X6 həm də aktı imza etməkdən imtina etmişdir. Onun izahatı alınarkən kafenin 3 ədəd dekorativ kolun yerini dəyişdirdiyini etiraf etmişdir. Odur ki, şikayət əsassızdır, təmin olunmamasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi inspektoru polis baş serjantı X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Fiziki Şəxsin uçotu haqqında Şəhadətnamədən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə VÖEN ********** nömrə ilə vergi uçotuna alınmışdır. Məhkəmə şikayətçini, onun müdafiəçisini və qərarından şikyət verilən orqanın nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli və X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Ekologiya YPX-nin xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. 253.3.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə - fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X6 Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərarına əsasən Abşeron rayonu Qobu qəsəbəsində “Vulkan” kafesinin qarşısında tikinti abadlıq məqsədilə köküstəyaş 4 ədəd dekorativ kolun yerinin qanunsuz olaraq dəyişdirilməsi nəticəsində kolların quruyaraq məhv olmasına görə İXM-nin 253.3.1-ci maddəsinə əsasən 10000 manat cərimə olunmuşdur. X3 həmin qərardan şikayət verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə tənbeh edilərək 10 000 manat məbləğində cərimə edilməsinə dair xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini və barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sadalanan qanun normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt dərhal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə inzibati xəta haqqında protokol tərtib edilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Qanunverici yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilə bilməsinə hüquqi imkan verir. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta tərkibinin, xətanın subyektinin kimliyi müəyyən edilməədiyi halda, şəxs düzgün olmayaraq İXM-nin 253.3.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Halbu ki, X6 qeyd olunan kafedə kababçı vəzifəsində işləyir, VÖEN sahibi olsa da, onun fərdi sahibkar kimi fəaliyyəti avtomobillər üçün hissələrin, qovşaqların, ləvazimatların pərakəndə satışı ilə bağlıdır.Həmçinin, o, inzibati cərimə tətbiq olunan kafenin sahibi deyildir. Bununla yanaşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinin sanksiyasında vəzifəli şəxslər üçün 5000 manat cərimə nəzərdə tutulduğu halda, X5 10000 manat cərimə olunmuşdur. Odur ki, X4 Azərbaycan Respublikası İXM-in 253.3.1-ci maddəsi ilə təqsirli bilinib, 10 000 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərar qanunsuz və əsassızdır, həmin qərar ləğv edilməli və işin halları düzgün araşdırılıb hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İXM-in 253.3.1-ci maddəsi ilə təqsirli bilinib, 600 (altı yüz) manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar