Məhkəmə qərarları › İş №3(012)-1842/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1842/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1842/2024 11.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, qərardan şikayət vermiş X1 və qərarından şikayət verilmiş orqanın nümayəndəsi Abşeron RPİ-in DYPŞ-in inspektoru X2 iştirakı ilə, X1 Abşeron RPİ-in DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron RPİ-in DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon DYP-nin polis mayoru X2 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 (qırx) manat cərimə olunmuşdur. xx.xx.2024-cü il tarixdə Xırdalan şəhəri ərazisində AK.H.Əliyev küçəsində hərəkət istiqamətində olarkən dönmə işıqlarını yandıraraq yanacaq doldurma məntəqəsinə dönmək istəmişdir. Bu zaman arxasınca gələn nəqliyyat vasitəsi dönməyini gözləyərkən onun arxasınca gələn ** ND *** dövlət qeydiyyat nişanlı “OPEL” markalı maşının sürücüsü dönmə işıqlarını yandırmağına baxmayaraq maşının sürətini azaldıb dayanmamış və nəticədə onun maşını ilə toqquşaraq maddi ziyan vurmuşdur. Qeyd etmək istəyir ki, həmin maşının sürücüsü yüksək sürətlə hərəkət etmişdir. Bundan sonra hadisə yerinə Abşeron rayon DYP-nin əməkdaşları gəlmiş, o polis əməkdaşlarından yaxınlıqda olan kamera görüntülərinə, yəni hadisə yerində olan “TŞ” kamerasına baxmağı tələb etmişdir. Lakin polis əməkdaşlarları kamera görüntülərinə baxmaqdan imtina edərək işin hallarını lazımınca araşdırmamışdırlar. Odur ki, bütün yol hərəkəti qaydalarına əməl etdiyi üçün özünü inzibati xətanın törədilməsində təqsirli hesab etmir. Hesab edir təqsir digər sürücüdədir. Abşeron DYP Polis mayoru X2 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv edəsiniz və əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqanın nümayəndəsi Abşeron RPİ-in DYPŞ-in inspektoru X5 şikayətin əsassız olduğunu qeyd edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, AK.H.Əliyev prospektində 10XS994 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü avtomobili idarə edərkən sağdan sola əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə onun arxası ilə hərəkətdə olan 77ND423 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. 10XS994 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü manevr etməmiş təhlükəsizliyi təmin etməlidir. Lakin videogörüntülərdən müəyyən olunur ki, digər avtomobilin sürücüsü öz zolağı ilə hərəkət etmiş, 10XS994 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü manevr edərək ona dəymişdir. Hər bir halda təhlükə yaranırsa, onun qarşısını almaq lazımdır. Yol verilən inzibati xəta kameralar vasitəsi ilə qeydə alınmışdır, həmin görüntülər diskə köçürülməklə məhkəməyə təqdim edilmişdir. Qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşı X5 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarından görünür ki, X4 xx.xx.2024-cü il tarixdə, saat 08:10-da Abşeron rayonu, Xırdalan şəhəri, AK.H.Əliyev prospektində MERCEDES BENZ markalı, 10XS994 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarının pozulması nəticəsində İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Videogörüntülərdən görünür ki, MERCEDES BENZ markalı, 10XS994 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi, arxadan öz hərəkət zolağında hərəkətdə olan 77ND423 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması müşahidə olunur. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilibedilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1- ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 xx.xx.2024-cü il tarixdə, saat 08:10-da Abşeron rayonu, Xırdalan şəhəri, AK.H.Əliyev prospektində MERCEDES BENZ markalı, 10XS994 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarının pozulmasına görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, sözügedən protokol əsasında isə inzibati qaydada cərimə edilmişdir. Eyni zamanda X4 idarə etdiyi avtomobillə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarını pozaraq, hərəkətini davam etdirməsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin tələblərini pozmuşdur. Qeyd edilənlər iş materiallarında olan inzibati xəta haqqında protokol, inzibati xəta haqqında qərar, hadisə anını əks etdirən videogörüntülərin olduğu disk və iş materiallarında olan digər sənədlərlə təsdiq olunur. Məhkəmə şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə olan halda aydın olur ki, şikayətin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qayda pozuntusuna yol verilmədiyinə dair dəlilləri əsassızdır. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 Abşeron RPİ-in DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar