Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1849/2024 04.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi vəkil X2 iştirakı ilə xx.xx.1969-cu il tarixdə Goranboy rayonunun, Tapqaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 3(012)-1849/2024 nömrəli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(105)-407/2024 nömrəli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 3(012)- 1849/2024 nömrəli qərarı ləğv edilərək, Şəxs barəsində Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokola yenidən baxılması üçün material Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 16(119)-70/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı verilmiş “icarə müqaviləsinin icra edilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinə dair e-2-2(119)-479/2024 nömrli kommersiya işinə baxılıb, iş üzrə qərar qəbul edilənədək, yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, müvəqqəti təminat tədbiri olaraq ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən otağına elektrik enerjisinin, suyun və internetin verilməsi cavabdeh Şəxs tərəfindən bərpa edilməsi, qeyd olunan obyektə elektrik enerjisinin, suyun və internetin verilməsinin dayandırılması (kəsilməsi) müvafiq səlahiyyətli orqanların nümayəndələri istisna olmaqla başqa şəxslərə qadağan edilməsi, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən otağında elektrik enerjisinin, suyun və internetin verilməsinin iddiaçı Zərərçəkmiş şəxs tərəfindən bərpa edilməsi müvafiq səlahiyyətli orqanların məsul şəxslərin iştiraklarının təmin edilməsi şərti ilə həyata keçirilməsi, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(119)-68/2024 nömrəli qərardadı ilə tətbiq olunmuş müvəqqəti təminat tədbirinin qüvvədən düşməsi qərara alınmışdır. Borclu Şəxs dəfələrlə xəbərdarlıq olunmasına və izahatlarının alınmasına baxmayaraq icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 verdiyi izahatında göstərmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 16(119)-70/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və dərhal icraya yönəldilmişdir. Bundan sonra iş üzrə tələbkar Zərərçəkmiş şəxs elektrik enerjisinin dayandırılması barədə şöbəyə müraciət etmiş, icra məmurları obyektə gedərək, elektrik enejisinin dayandırılmasını müşahidə etmişlər. Tələbkar bu hadisədən sonra günaşırı şöbəyə müraciət edərək, elektrik enerjisinin dayandırılmasını bildirmişdir. Sonuncu dəfə obyektdə olarkən elektrik enerjisinin və suyun kəsildiyi müəyyən edilmişdir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, onun barəsində tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilmir. Belə ki, o, Zərərçəkmiş şəxs istifadəsində olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin elektrik enerjisinin və suyun verilməsinin dayandırılması (kəsilməsi) ilə heç bir hərəkətlər etməmiş və ya buna göstəriş verməmişdir. Su tənzimləyici və elektrik açarı her kəsin maneəsiz istifadə edə biləcəyi ərazidədir. Onun tərəfindən məhkəmə qərarının icrasına maneə törədilməmiş və pozuntuya yol verilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, borclu ona məxsus ünvan 2 ünvanda yerləşən icarəyə götürdüyü sahəyə elektrik enerjisinin və suyun verilməsinin dayandırılması ilə bağlı qərəzli hərəkətlər etmiş və hələ də etməkdə davam edir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi vəkil X4 hüquqlarını müdafiə etdiyi şəxsin yaşını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin, Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Məhkəmə araşdırması zamanı eyni zamanda protokola əlavə edilmiş sənədlərdən və tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlardan müəyyən edilmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(119)-70/2024 nömrəli icra sənədinin xx.xx.2024-cü il tarixdə icraatına başlanılmış, borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmışdır. İcra sənədi üzrə müxtəlif tarixlərdə mübahisəli ərazidə maneələrin müəyyən edilməsinə dair aktlar tərtib olunmuşdur. Həmin aktlardan görünür ki, icra sənədinin bir daha icrasını təmin etmək məqsədi ilə icra yerinə aktda qeyd olunan şəxslər və hal şahidlərinin və polisin iştirakı ilə gəlinərək elektrik enerjisinin dayandırılması faktı aşkar olunmuşdur. Həmçinin iş materialında olan videogörüntülərdən görünür ki, Şəxs sözügedən icra sənədinin icrasına məneçilik törətməklə, elektrik enerjisinin və suyun verilməsinin dayandırılması ilə bağlı qərəzli hərəkətlər etməsi müəyyən olunur. Buna baxmayaraq, məhkəmə qeyd edir ki, keçən müddət ərzində yuxarıda sadalanan sənədin icra edilməsi üçün bəhanə olmaqla dövlətin adından qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə etinasız yanaşmanın göstəricisidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Digər tərəfdən, ədalətli və qanuni cəza təyinatı zamanı ilə bağlı məhkəmə onuda nəzərə alır ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına dair 4 saylı Protokolun 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu tələb eyni zamanda BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 1ci maddəsində və Azərbaycan Respublikasında İnsan Hüquq və X1 Tənzimlənməsi Haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsində də təsbit olunmuşdur. 4 saylı Protokolun 1-ci maddəsi və yuxarıda göstərilən digər hüquq normaları insanın azadlığı və ləyaqəti anlayışından fərqli olaraq, sadəcə fərdin konkret öhdəliyini yerinə yetirməsi üçün maddi və saitin olmadığına görə onun istənilən şəkildə azadlıqdan məhrum edilməsini qadağan etməyə yönəlib. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxsnın şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili X3 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1849/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1849/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver