Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-185/2022 10.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, şikayətçi Abşeron rayonu Masazır Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə Şikayətçi Abşeron rayonu Masazır Bələdiyyəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 541-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Abşeron rayonu Masazır Bələdiyyəsi şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə tənbeh edilərək 3500 manat məbləğində cərimə edilməsinə dair xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi Abşeron rayonu Masazır Bələdiyyəsinin nümayəndəsi X2 şikayəti onunla əsaslandırmışdır ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquqi şəxs Masazır bələdiyyəsi barəsində Azəri aycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 44 və 114.11-ci maddələrini rəhbər tutaraq həmin Məcəllənin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, barəsində inzibati qaydada 3500 manat məbləğində cərimə tənbeh növü tətbiq edilərək xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərar qəbul etmişdir. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarı əsassız və qanunsuzdur. Belə ki, qurum tərəfində İnzibati xətalar haqqında işlər üzrə G-MG/4321 saylı, 26 avqust 2021-ci il tarixli məcburi göstəriş Masazır bələdiyyəsinə 03 dekabr 2021-ci il tarixdə xüsusi poçt vasitəsi ilə təqdim edilmişdir. İnzibati Xətalar haqqında 43/2043 saylı, 24 dekabr 2021-ci il tarixli bildiriş və ona əlavə olunan MN ******* saylı, 23 dekabr 2021-ci il tarixli protokol isə Masazır bələdiyyəsinə 30 dekabr 2021-ci il tarixdə təqdim edilmişdir. Bildirişdə göstərilir ki, İdarənin Ç-MG/4321-101 saylı, xx.xx.2021-ci il tarixli məcburi göstərişin tələbləri əməl edilmədiyindən idarədə inzibati iş başlanılmışdır. Masazır bələdiyyəsinə bu tarixli göstəriş daxil olmamışdır. İkincisi, 24 dekabr 2021-ci il tarixli bildirişdə 6 yanvar 2022-ci il tarixdə idarəyə dəvət edilməsi göstərilsə də, protokol 23 dekabr 2021-ci il tarixdə nümayəndənin iştirakı olmadan tərtib edilmişdir. 04 saylı Ekolojiya və Təbbi Sərvətlər İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xəbərnamədəki imza onlara məxsus deyildir. Buna görə 04 saylı Ekolojiya və Təbbi Sərvətlər İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi xahiş etmişdir. Səlahiyyətli orqan olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətə və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron rayonu Masazır Bələdiyyəsinə xx.xx.2021-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu Masazır Bələdiyyəsi barəsində olan inzibati işlə bağlı işə xx.xx.2022-ci il tarixdə saat 11:00-da baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin sədri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, xx.xx.2021-ci il tarixli MN ******* saylı protokolda qeyd edilən qaydaların pozması faktı aşkar edilmiş və nəticədə Abşeron rayonu Masazır Bələdiyyəsinin sədri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 3500 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Abşeron rayonu Masazır Bələdiyyəsinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Şifahi sorğunuzla bağlı 2 avqust 2021-ci il tarixdə Masazır bələdiyyəsinin mülkiyyəti olmayan, lakin bəzi hallarda istifadə olunan yük maşınları ilə bağlı məlumat vermişdik. Bildiririk ki, aşağıda göstərilən yük maşınları Masazır bələdiyyəsinin mülkiyyətində deyil və maşınlardan bələdiyyə hər-hansı məqsədlə istifadə etmir. Göstərilən yük maşınları fiziki şəxsə; aiddir. Bu baxımdan həmin yük maşınları ilə bağlı məsuliyyət onlara aiddir.
1. MAZ-**-JT-***;
2. MAZ-**-BA-***;
3. JAK-**-JA-*** Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin olunmalı və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsi ilə hüquqi şəxsin təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb kimi nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməməsi ilə əlaqələndirilmişdir. 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İXM-nin 57.3-cü maddəsinə əsasən ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Bununla da poçt göndərişi, yəni sorğu İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılmamış hesab edilir. Bununla da qeyri müəyyən poçt xəbərnaməsi ilə hüquqi şəxsin inzibati məsuliyyətə səbəb olan və səlahiyyətli orqanın sorğusunun qəbul edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Çünki inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydası İXM-nin 57-ci maddəsi ilə tənzimlənmişdir və həmin qaydalara əməl etməklə çatdırılmış sənəd rəsmi qaydada verilmiş sənəd hesab edilir. Beləliklə, 5 gün ərzində cavablandırılması tələb edilən sorğunun hüquqi şəxsə İXMnin 57-ci maddəsinin tələblərinə uyğun rəsmi qaydada çatdırılması təsdiq edilmir. Təqdim edilmiş protokolun əsaslılığına dair hər hansı digər bir sübut təqdim edilməmişdir. Belə bir vəziyyətdə rəsmi qaydada çatdırılması təsdiq edilməyən sorğuya cavab verilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Abşeron rayonu Masazır Bələdiyyəsinin Azərbaycan Respublikası İXM-in 541-ci maddəsi ilə təqsirli bilinib, 3500 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Abşeron rayonu Masazır Bələdiyyəsinin Azərbaycan Respublikası İXM-in 541-ci maddəsi ilə təqsirli bilinib, 3500 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmənin hakimi: Vaqif Həsənov