Məhkəmə qərarları › İş №3(012)-1853/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1853/2024

10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1853/2024 10.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib edən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əİiyev İslaməli Hüseyn oğlunun iştirakı ilə xx.xx.1988-ci ildə Abşeron rayonu, Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Əİiyev İslaməli Hüseyn oğlu barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əİiyev İslaməli Hüseyn oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Könül İsgəndərli protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-441/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 manat pul məbləğində alimentin tutulması qərara alınmışdır. Qeyd olunan icra sənədinə əsasən qalıq borc 2200 manat təşkil edir. Nəzərə çatdırmaq istəyir ki, borclu tərəfindən sonuncu ödəniş 29 iyun 2024-cü il tarixdə 270 manat olmuşdur. Lakin həmin tarixdən sonra borc üzrə ödənişl edilməmişdir. Borclu barəsində protokol tərtib edilərkən atası 1000 manat ödəniş edəcəyini bildirmiş, lakin daha sonra texniki səbələrdən həmin ödənişi həyata keçirə bilmədiyini qeyd etmişdir. Zəruri və məcburi icra tədbirləri görülməsinə baxmayaraq borclu qalıq hissənin ödənilməsindən borclu qərəzli şəkildə yayınmışdır. Həmçinin çağırışlara gəlməkdən yayınmış hazırda axtarış nəticəsində şöbəyə gətirilməsi təmin edilmişdir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, tələbkara olan borcunu ödəməkdən imtina etmir, müəyyən müddətlərdə ödənişlər etmişdir, depozit kart hesabı ona bu gün təqdim olunmuşdur. Hazırda 1000 manat ödəniş edə bilər, lakin artıq saat gec saatlarında olduğu üçün banklar bağlı olduğundan bu gün ərzində ödəniş edə bilməyəcəkdir. Həmçinin atası tələbkarın kartına borcdan 1000 manat pulu göndərmək istəsə də, texniki səbəblərdən baş tutmamışdır. Borcu ödəməməkdə qərəzli olmadığını bildirməklə,borcun ödənilməsi üçün ona vaxt verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs Əliyeva X5 rayon İcra və Probasiya şöbəsinə ünvanladığı teleqramadan görünür ki, Şəxs barəsində tədbir görülməsini,əgər borc məbləğini tam şəkildə ödəmədiyi təqdirdə tutulmasını xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 2(012)-441/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 manat pul məbləğində alimentin tutulması qət olunmuşdur. xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə icraata başlanılaraq borclu Əİiyev İslaməli Hüseyn oğluna 10 gün könüllü müddət təyin edilmişdir. xx.xx.2024-cü il tarixli “Borclunun axtarılması barədə” qərardan görünür ki, həmin tarixdə icraata borclu Əİiyev İslaməli Hüseyn oğlu barədə axtarış verilmişdir. xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, həmin tarixdə borclu Əİiyev X4 rayon İcra və Probasiya Şöbəsinə təmin edilmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Əİiyev İslaməli Hüseyn oğlu icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbləri yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə inzibati xəta törətmiş Əİiyev İslaməli Hüseyn oğlunun əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Belə olduqda məhkəmə inzibati xəta törədən şəxsin əməlindən səmimi peşmançılığını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını və Əİiyev İslaməli Hüseyn oğlunun cəmiyyətdən təcrid etmədən islah olunmasının mümkün olduğunu nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əİiyev İslaməli Hüseyn oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar