Məhkəmə qərarları › İş №3(012)-1856/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1856/2025

22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1856/2025 22.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi ilə, Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən aidiyyəti üzrə göndərilmiş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi (bundan sonra İXM) ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron DYP tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 09:20-ə təyin edilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasına dəvət edilmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-in 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirə salmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq inzibati xəta törətmiş şəxs tərəfindən ödənilməlidir. İş materiallarında olan İXP ******* saylı inzibati xəta haqqında saylı protokol, qərardan və işin digər materiallarından görünür ki, Hacıyev X1, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilmiş inzibati cərimə növündə olan qərarı qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və toplanmış sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan tərkib əlaməti yoxdur və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə düzgün tövsif olunmamışdır. Belə ki, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cərimə növündə inzibati tənbeh tətbiq edilmiş və həmin qərar sonuncu tərəfindən icra edilməmişdir. Belə ki, İXM-nin 529.3-cü maddəsinin dispozisiyası yalnız “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və həmin Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalar” üzrə qəbul edilmiş qərarların icra edilməməsinə şamil edilir. Buna görə də, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlində İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərkib yaratmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 109.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar