Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1867/2022 27.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, şikayətçi X1 iştirakları ilə İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Abşeron Rayon Polis İdarəsinin Abşeron DYP-nin polis kapitanı X4 tərəfindən qəbul edilmiş TP5374852 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X3 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində Abşeron Rayon Polis İdarəsinin Abşeron DYP-nin polis kapitanı X4 tərəfindən qəbul edilmiş TP5374852 saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 ərizəsini belə əsaslandırdı ki, 7 noyabr 2022-ci il tarixində “Ford Mustang” markalı **-GG-*** qeydiyyat nişanlı avtomobilimlə Abşeron rayonu Novxanı yolu ərazisində hərəkətdə olarkən 174 qeydiyyat nişanlı yol patrul avtomobilində xidmət göstərən yol polis əməkdaşları tərəfindən saxlanılmışdır. İnspektor maşınına əlavə avadanlıq quraşdırıldığını iddia edərək onu VAZ dairəsi adlanan yerdə yerləşən cərimə meydançasına getməyi tələb etmişdir. İnspektordan aparatla lazımi yoxlanışların aparılmasını, akt və protokol tərtib olunmasını tələb etmiş, lakin o gözlə fiziki yoxlanışın avtomobili cərimə meydançasına aparmağa kifayət etdiyini bildirmişdir. İ.X.M. 98 maddəsinə əsasən tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir. Belə ki, göründüyü kimi 98-ci maddəyə əsasən onun avtomobilinin istismarına qadağa qoyula bilməz. Avtomobilini cərimə protokolu tərtib olunduqdan sonra təmir məntəqəsinə sürərək apara biləcəyini bildirmişlər. Bütün period videoregistrator tərəfindən qeydə alınmışdır. Avtomobil cərimə meydançasına yerləşdirildikdən sonra ona Abşeron rayonu polis idarəsində 4 nömrəli otağa yaxınlaşmağını tələb etmişlər. O, bir gün sonra 08 Noyabr 2022-ci il tarixində saat 14:00 radələrində həmin idarədə Seymur Nəbiyev adlı şəxsin yanına yaxınlaşmışdır. Seymura avtomobili 1 il əvvəl aldıqda texniki baxışdan keçərkən heç bir qüsur aşkarlanmadığını və son 1 ildə avtomobildə heç bir konstruktiv dəyişiklik aparılmadığını bildirmişdir. Ondan lazımi yoxlanışların aparılıb, avtomobilin qaz ixrac sistemində əlavə avadanlıq olduğunu sübut etməyə məcbur olduqlarını bildirmişdir. Təqsirsizlik prezumpsiyasına görə vətəndaş olaraq etdiyim inzibati xəta ona sübut olunmalıdır. O onun dediklərini saymayaraq onlardan avtomobilini buraxmaq üçün masasında yerləşən kalkulyatorda ilk növbədə 500 AZN, sonra da 400 AZN yazıb göstərərək pul tələb etmişdir, lakin o, bu məsələnin rəsmiləşdirilməsini tələb etmişdir. Ondan sonra Seymur ondan saat 17:00- a qədər gözləməyini tələb etmiş lakin o, vaxtının olmadığını bildirmişdir. O, polis idarəsindən ayrıldıqdan 1 saat sonra ona İ.X.M. 342.3 maddəsinə əsasən qərarlı protokol tərtib olunması ilə bağlı asanpay sistemindən sms xəbərdarlıq gəlmişdir. Bu protokol hadisə törədildikdən 1 gün sonra, heç bir yoxlanış olmadan tərtib olunmuşdur. Əgər bir akt tərtib olunubsa, bu onun iştirakı və razılığı olmadan tərtib olunmuşdur. 10 Noyabr 2022-ci il tarixində o, yenidən Seymur Nəbiyevin yanına yaxınlaşmış və ondan protokolu təqdim etməyini xahiş etmiş. həmin şəxs protokolu təqdim etməkdən imtina etmiş və ona 11 noyabr saat 15:00-da VAZ dairəsinə yaxınlaşıb inspektorla birlikdə rəsmi servisə yaxınlaşıb akt götürməyi tələb etmiş və protokolu yalnız orda əldə edə biləcəyini bildirmişdir. Aydın məsələdir ki, bu akt protokol tərtib olunmadan öncə rəsmiləşdirilməli idi. İ.X.M. 97.5. maddəsinə əsasən nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir. Ona bu məsələ ilə bağlı heç bir protokol və ya akt təqdim olunmamışdır. Habelə, İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə YPX müfəttişi "Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə" iddia qaldırıbsa, ilk növbədə bunun düzgünlüyünü sübut etməli və desibelmetr (səs səviyyəsini yoxlayan) cihaz ilə yoxlamalı və səsin yüksəkliyi 74dB-dən yuxarı olduğu sübut olunmalıdır. Protokol bu yoxlanışlar keçirilmədən tərtib olunmuşdur. Protokol tərtib olunduqdan sonra o, DİN rəsmi saytı, 102 xidməti və asanpay sistemləri üzərindən protokolla bağlı şikayətlər ünvanlamışdır. 16 Noyabr 2022-ci il tarixində yenidən Abşeron rayonu polis idarəsinə avtomobilimin buraxılması vədi ilə dəvət olunmuş. Ondan ilk növbədə iltizam yazmağımı tələb etmişlər və ondan sonra avtomobilini götürə biləcəyini bildirmişlər. İltizamı yazarkən növbəti gün 17 Noyabr 2022-ci il tarixində səhər saatlarında inspektorla birlikdə rəsmi servisə getmək lazım olduğunu və yalnız ondan sonra avtomobilini götürə biləcəyini bildirdilər. O, bu təkliflə razılaşmadığını və avtomobilinin qanunlara zidd şəkildə cərimə meydançasında saxlanıldığını bildirmiş və avtomobilini götürmək üçün buraxılış vərəqəsini verməklərini tələb etmişdir. Ondan iltizam yazmağını tələb edən və rəsmi formada olan məmur rəislə danışıb qayıdacağını bildirmişdir. Geri qayıtdıqda avtomobilini buraxmayacaqlarını deyərək yazdığı iltizam kağızını yırtıb atmışdır. Otağı tərk edərkən "Biz dedik sənə hörmət edək, maşınını buraxaq amma sən servisə getmək istəmirsən, eybi yoxdu görərsən" deyərək onu təhdid etməkdən də çəkinməmişlər. X5 Əliyev çıxışlarında məmurlara vətəndaşları incitməməyi, qanuna zidd hərəkətlər etməməyi tez-tez tələb etsə də, Seymur Nəbiyev və onun kimi bəzi məmurlar bu sözləri heçə sayaraq yenə də öz bildikləri kimi davam etdirirlər. Abşeron rayon polis idarəsindəki məmurlar öz aralarında birlik yaradaraq inspektorun və Seymur Nəbiyevin etdiyi qanunsuzluğa dəstək olurlar. Bu hadisədən sonra o, yenidən fərqli portallar üzərindən şikayətlər ünvanlamış. 21 Noyabr 2022-ci il tarixində saat 17:00 radələrində Azər Xanməmmədov tərəfindən araşdırma üçün Baş Dövlət Yol Polisi İdarəsinə çağırılmışdır. Oraya yaxınlaşdıqda Azər Xanməmmədov şikayətlə bağlı bir neçə sual soruşduqdan sonra ona şikayətin əsassız olduğunu bildirərək, ona "xxxx" MMC tərəfindən tərtib olunmuş aktın surətini təqdim etmişdir. Aktın üzərində avtomobilin VİN kodu və cərimə meydançasında keçirilmiş yoxlanışa əsasən avtomobilin səs sistemində əlavə avadanlıq aşkarlandığı qeyd olunmuşdur. Təqdim olunmuş aktda yoxlanışı keçirən şəxs barədə və aktın tarixi barədə heç bir məlumat yox idi. Yerli və beynəlxalq standartlara əsasən akt üzərində ən azından yoxlanışı keçirən şəxsin adı, soyadı və vəzifəsi, və aktın tarixi məcburi olaraq qeyd olunmalıdır. Əgər həqiqətən də belə bir yoxlanış keçirilibsə, bu yoxlanış barədə ona yazılı və ya şifahi heç bir məlumat verilməmiş və onun iştirakı olmadan avtomobilinə cərimə meydançasında müdaxilə olunmuşdur. Avtomobil cərimə meydançasına yerləşdirildikdən bəri avtomobilin açarı onda olmuşdur. Qeyd etdiyi faktorları nəzərə alsaq, bu aktın etibarlılığı böyük şübhə yaradır. Azər Xanməmmədov iltizam yazmaq və avtomobilini götürmək üçün Seymur Nəbiyevə yaxınlaşmağını xahiş etdi. O, həmin gün saat 18:00 radələrində Abşeron Rayon Polis İdarəsinə yollanmış və orada Seymur Nəbiyevlə görüşmüşdür. Seymur Nəbiyev inzibati tənbeh vermə haqqında qərarın və müəmmalı aktın surətini təqdim etmiş və avtomobilini götürmək üçün iltizam yazmağını tələb etmişdir. Bu sənədlər ona avtomobil cərimə meydançasına yerləşdirildikdən 14 gün sonra təqdim olunmuşdur. O, həmin gün axşam saat 21:00 radələrində cərimə meydançasına yollanmış və avtomobilini götürə bilmişdir. Məhkəmədən qeyd etdiyi aspektlərin araşdırılmasını, məsələyə hüquqi qiymət verilməsini və məsuliyyətli şəxslərə qarşı tədbir görülməsini xahiş edir. Əlavə olaraq, "xxxx" MMC-nin tərtib etdiyi aktın tam olaraq araşdırılmasını, yəni yoxlanışı keçirən şəxsin aşkar olunmağını, həmin şəxsin bu yoxlanışı hansı üsulla, hansı tarixdə və vaxtda keçirməsi barədə dəqiq məlumatların əldə olunmağını, və mümkündürsə, cərimə meydançasında bu yoxlanışın keçirilməsini nümayiş etdirən video görüntülərin əldə olunmağını xahiş edir. Bu baxımdan belə hesab edir ki, inzibati xəta haqqında qərar qəbul etmiş şəxs Abşeron DYP polis kapitanı X4 tərəfindən tərtib edilmiş 08 noyabr 2022- ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 08 noyabr 2022-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Sonda o, "xxxx" MMC-nin tərtib etdiyi aktın tam olaraq araşdırılmasını, yəni yoxlanışı keçirən şəxs aşkar olunsun, həmin şəxsin bu yoxlanışı hansı üsulla, hansı tarixdə və vaxtda keçirməsi barədə dəqiq məlumatlar, mümkünsə, cərimə meydançasında bu yoxlanışın keçirilməsini nümayiş etdirən video görüntülərin əldə olunmasını, inzibati xəta haqqında qərar qəbul etmiş şəxs Abşeron DYP polis kapitanı X4 tərəfindən tərtib edilmiş 08 noyabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 08 noyabr 2022-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Abşeron DYP-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Abşeron DYP-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə işin obyektiv araşdırılması üçün İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Abşeron Rayon Polis İdarəsinin Abşeron DYP-nin polis kapitanı X4 tərəfindən qəbul edilmiş TP5374852 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə baxılması ilə əlaqədar materialın təqdim olunmasını xahiş etmiş, məhkəmə təqdim olunmuş materialı nəzərdən keçirmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron DYP polis kapitanı X4 tərəfindən tərtib edilmiş 08 noyabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 08 noyabr 2022-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati material araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan: Abşeron Rayon Polis İdarəsinin Abşeron DYP polis kapitanı X4 tərəfindən tərtib edilmiş 08 noyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün onun barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. FNC Motors” MMC-nin müdirinin verdiyi tarixsiz aktın surətindən görünür ki, 1FA6P8TH3H5236152 vin nömrəli “Ford Mustang” markalı **-GG-*** qeydiyyat nişanlı avtomobilə BDYPİ-nin mühafizə olunan duracağında baxış keçirilmiş, baxış zamanı avtomobilin səs sisteminin artırılması məqsədi ilə arxa qazanlarına müdaxilə olunduğu aşkarlanmışdır. FNC Motors” MMC-nin müdirinin verdiyi tarixsiz digər aktın surətindən görünür ki, “Ford Mustang” markalı **-GG-*** qeydiyyat nişanlı avtomobil haqqında istehsalçının təqdim etdiyi məlumatlarda avtomobilə əlavə səs boğucu sistemi quraşdırılması haqqında məlumat göstərilməmişdir. xx.xx.2022-ci il tarixli iltizamın surətindən görünür ki, Ford Mustang” markalı **-GG- *** qeydiyyat nişanlı avtomobilə tərtib olunmuş protokolun surəti ona xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur. Hüquq və vəzifələr ona izah olunmuş, əgər maşında səs sistemi ilə bağlı nasazlıq varsa, nasazlığın aradan qaldırılması, duracaqda mümkün olmadığı təqdirdə mümkün olmadığı üçün avtoservisdə təmir etdirə biləcəyi göstərilmişdir. Beləliklə məhkəmə zamanı müəyyən edildi ki, FNC Motors” MMC-nin müdirinin verdiyi bir-birinə zidd olan və tarixsiz aktlara istinad edərək Abşeron Rayon Polis İdarəsinin Abşeron DYP-nin polis baş serjantı X2 tərəfindən İXP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında protokol, Abşeron Rayon Polis İdarəsinin Abşeron DYPnin polis kapitanı X4 tərəfindən qəbul edilmiş TP5374852 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İXM-nin 342.3 maddəsinə əsasən 500 manat inzibati cərimə tənbehi tətbiq edilmişdir. Həmçinin məhkəmə zamanı müəyyən edildi ki, Ford Mustang” markalı **-GG-*** qeydiyyat nişanlı avtomobilin açarları sürücüdə olmuş, onun iştirakı olmadan həmin avtomobilə baxış keçirilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İstinad edilən qanunun normasından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinin İİ bəndinin 3-cü hissəsində vurğulanır ki, nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası DİN Abşeron DYP YPX tərəfindən tərtib olunmuş TP5374852 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla X3 oğlunun Azərbaycan Respublikası İXM-nin 342.3-ci maddəsinə əsasən “Ford Mustang” markalı **-GG-*** qeydiyyat nişanlı avtomobilə normativ tələblər pozulmaqla avadanlıq quraşdırılması qeyd edilsə də, avtomobil cərimə meydançasından buraxılarkən yuxarıda qeyd edilən qanun normasının tələblərinə əməl edilib edilməməsinə də Abşeron Rayon Polis İdarəsinin Abşeron DYP-nin polis əməkdaşı tərəfindən qərar qəbul edilərkən hüquqi qiymət verilməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin 16 may 2012ci il tarixli, Q6-001-12 N-li qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X7 nəzarəti qaydaları barədə Təlimatın” 6.1.1 və 6.1.2-ci bəndlərində qeyd edilir ki, Azərbaycan Respublikası DİN Baş DYP idarəsinin Avtotexniki müfəttişlik şöbəsi iş fəaliyyəti ilə əlaqədar həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yeni istehsal olunan nəqliyyat vasitələrinə, habelə nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və ya yenidən avadanlıqlaşdırılmasına, aqreqat və ban hissələrinin dəyişdirilməsinə, layihə sənədləri tələb olunan hallarda hərəkət təhlükəsizliyi tələblərinə uyğunluğu baxımından rəy verir, onların sınaqlarında iştirak edir, tələblərə cavab verməyən nümunələrin istehsaldan çıxardılması barədə təqdimat vermək, layihə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə yenidən quraşdırılması barədə razılıq vermək kimi vəzifələri də yerinə yetirir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Hesab edirəm ki, hazırkı iş üzrə baxılan materialda inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyəti olan digər halları müəyyənləşdirməkdən ötrü iş üzrə müəyyən edilən hallar yenidən araşdırılmalı və onların mötəbərliliyi yoxlanıldıqdan sonra material üzrə yekun qərar qəbul edilməlidir. Məhkəmə belə hesab edir ki, şikayət qismən təmin edilməli, X3 barəsində Abşeron Rayon Polis İdarəsinin Abşeron DYP polis kapitanı X4 tərəfindən tərtib edilmiş 08 noyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Abşeron RPİ-nin Abşeron DYP-yə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.4 və- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət qismən təmin edilsin. X3 barəsində Abşeron Rayon Polis İdarəsinin Abşeron DYP polis kapitanı X4 tərəfindən tərtib edilmiş 08 noyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Abşeron RPİ-nin Abşeron DYP-yə göndərilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1867/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1867/2022
27.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver