Məhkəmə qərarları › İş №3(012)-1879/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1879/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1879/2024 11.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1974-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı Tərlan Gülməmmədov izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng edərək, səbəbsiz yerə təhqiredici və nalayiq ifadələr işlətməklə, əməkdaşların iş rejiminə maneçilik yaratmış və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, yəni xırda xuliqanlıq əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək, bildirmişdir ki, ailə daxili münasibətlər zəminin də əsəbləşiyi üçün, xx.xx.2024-cü il tarixdə gedib alkoqollu içki qəbul etdikdən sonra necə və niyə olduğunu bilmədən DİN-nin 102 xidmətinə zəng etmiş və səbəbsiz yerə nalayiq ifadələr işlədərək polis əməkdaşlarını təhqir etmişdir. O, əməlindən peşman olmasını və hadisəni tam xatırlamadığını bildirərək, onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng edərək, polis əməkdaşlarını söyüb, təhqir etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən Şəxs peşmançılığını və əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. 33-cü maddədə nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs ilə əlaqədar inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, əməlindən peşman olmasını, ictimai qaydanı əsaslı səbəb olmadan pozaraq nəlayiq və təhqiredici ifadələr işlədərək, xırda xuliqanlıq etməsini nəzərə alaraq, sonuncu və digər şəxslər tərəfindən gələcəkdə analoji halın təkrarlanmamasını və bununla bağlı zəruri tədbirlərin görülməsi məqsədi ilə sonuncunun barəsində həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43-cü, 48-50-ci, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 11 sentyabr 2024-cü il tarixdən, saat 17:55-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar