Məhkəmə qərarları › İş №3(012)-1881/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1881/2024

12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1881/2024 12.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: X7 Xidmətinin baş inspektor, polis baş leytenantı X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1987-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İmişli rayonu, Qaralar Ərazi Dairəsi, Cavadxanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 Xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş X7 Xidmətinin baş inspektor,polis baş leytenantı Pərviz Şahverdiyev izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saxlama və yoxlama məqsədi ilə tərəfindən saxlanılmış və müəyyən olunmuşdur ki, sürücü sərnişin avtobusunu narkotik vasitənin təsiri altında idarə etmişdir. Sürücüyə tibbi müayinə aktı əsasında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək, bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində idarə etdiyi “DAEWOO BC212” Avtobus markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtobusla sərnişin daşıyaraq, hərəkətdə olduğu zaman yol polis əməkdaşı onu saxlamışdır. Yoxlama zamanı onun narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. Bundan sonra yol polis əməkdaşları onu müayinə olunmaq üçün tibb məntəqəsinə aparmışlar. Həmin müayinənin nəticəsi ilə tanış olmuş və buna etirazının olmadığını bildirmişdir. O, əməlindən peşman olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını bildirərək, onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saxlama və yoxlama məqsədi ilə saxlanılmış və, sürücünün sərnişin avtobusunu narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olunmuşdur. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 4816 saylı, xx.xx.2024cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 14:45-də müayinə olunan Şəxs sidik analizində “THC(+)” marixuana qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyəti müəyyən edilmişdir. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 adlı uşaqları vardır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsində nəzərdə tutulan əməlləri törətməsi tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 3.3-cü maddəsinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikası İXM-nin 333-1.4-cü maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur Göründüyü kimi, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən narkotik vasitədən istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 32-ci maddəsinə əsasən Şəxs himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 333-1.4-cü maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etmişdir. Onun törətdiyi qayda pozuntusu xarakterinə görə diqqəti və çevikliyi azaldan, özü və digər yol hərəkəti iştirakçıları üçün real təhlükə törədən qayda pozuntusudur. Beləliklə məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını, bundan əlavə cəmiyyətin maraqlarını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ 02 il müddətinə məhdudlaşdırılmaqla, 01 ay müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 12 sentyabr 2024-cü il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın “həbs” növündə tənbeh tədbirinə dair icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinə dair icrası Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar