Məhkəmə qərarları › İş №3(012)-1882/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1882/2025

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1882/2025 12.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi ilə, Protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və Vəkil oğlunun iştirakları ilə, Hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "xxxx" MMC barəsində İXM-in 253.3.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" MMC tərəfindən Abşeron rayonu, Novxanı kəndi, Masazır, Duz gölünün kənarında xx.xx.2025-ci il tarixdə qeyri yaşayış obyektində (torpaq sahəsində) tikinti və abadlaşdırma işləri aparılarkən yaşıllıqlar 03 ədəd yulğun kolu məhv edilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Elnur Həsənov xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli, inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, "xxxx" MMC tərəfindən Abşeron rayonu, Novxanı kəndi, Masazır, Duz gölünün kənarında xx.xx.2025-ci il tarixdə torpaq sahəsində tikinti və abadlaşdırma işləri aparılarkən 03 ədəd yulğun kolu məhv edilmişdir. Bu barədə akt tərtib edilmiş, akt əsaında inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Həmçinin onu da qeyd etdi ki, ərazinin "xxxx" MMC-nin mülkiyyətində olması müəyyən edilsə də həmin qrumdan tikinti işlərinin onlar tərəfindən deyil, icarə əsasında həmin ərazidə fəaliyyət göstərən Global Activity MMC tərəfindən aparıldığı bildirilmişdir. X2 MMC dən alınmış cavaba əsasən inzibati xəta hadisəsinin onlara aid olmadığı bildirilmişdir. Mülkiyyət sənədlərinə əsasən qeyd olunan ərazinin "xxxx" MMC-nin mülkiyyətində olmasına əsaslanaraq, həmin ərazidə tikinti işlərinin də məhz onlar tərəfindən həyata keçirilıdiyinə əsaslanaraq protokol tərtib edillmişdir. "xxxx" MMC barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Vəkil həmin ərazinin MMC-nin mülkiyyətində olmasını təsdiq edərək, bildirmişdir ki, 03 ədəd yulğun kolunun kəsilməsinin təmsil etdiyi MMC ilə heç bir əlaqəsi yoxdur. Belə ki, həmin ərazi Global Activity MMC ilə bağlanmış müqavilə əsasında sonuncuya icarəyə veriliş, tikinti və quraşdığılma işləri də həmin MMC tərəfindən aparıldığı üçün ehtimal olunur ki, əgər həmin razidə kollar kəsilmişdirsə, bu Global Activity MMC-nin məsuliyyət dairəsinə aidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılmanın ətraflı aparılmamasını, ərazinin mülkiyyətçisinin "xxxx" MMC olmasını müəyyən etməklə inzibati xətanın da onlar tərəfindən törədilməsi qənaətinə gəlinməsinin yalnış olduğunu bildirməklə inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, "xxxx" MMC tərəfindən İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 04 avqust 2025-ci il tarixli, 91452 nömrəli aktdan görünür ki, "xxxx" MMC tərəfindən Abşeron rayonu, Novxanı kəndi, Masazır, Duz gölünün kənarında xx.xx.2025-ci il tarixdə qeyri yaşayış obyektində (torpaq sahəsində) tikinti və abadlaşdırma işləri aparılarkən yaşıllıqlar 03 ədəd yulğun kolu məhv edilmişdir. İnzibati xəta haqqında 04 avqust 2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, "xxxx" MMC tərəfindən bşeron rayonu, Novxanı kəndi, Masazır, Duz gölünün kənarında xx.xx.2025-ci il tarixdə qeyri yaşayış obyektində (torpaq sahəsində) tikinti və abadlaşdırma işləri aparılarkən yaşıllıqlar 03 ədəd yulğun kolu məhv edilməsi faktı müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC -nin işçiləri tərəfindən MMC-nin maraqlarının təmin edilməsi məqsədi ilə ərazidə olan 03 ədəd yulğun kolu məhv edilmişdir. Qeyd edilən fakt üzrə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "xxxx" MMC barəsində İXM-in 253.3.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 253.3.1-ci maddəsinin tələbləri pozulması sübuta yetirilmişdir. Belə ki, 03 ədəd yulğun kolunun kəsilməsi faktı mübahisə doğurmur, lakin Vəkil Global Activity MMC ilə aralarında icarə müqaviləsi bağlanılmasına istinad edərək həmin kolların məhs onlar tərəfindən deyil sonuncu tərəfindən məhv edildiyini bildirsə də, icarə müqaviləsinin tarixi inzibati xəta hadisəsindən sonrakı dövrə qid olduğunundan, onun dedikləri inandırıcı görünməməklə əsassız hesab ediir. Həmçinin icarə müqaviləsinin şərtlərində tikinti işlərinin aparılması ilə bağlı hər hansı şərt və ya bənd olmadığı müəyyən edilmişdir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. 13.1- ci maddəsinə əsasən dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndiskommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə yol verilir. 13.2- ci maddəsinə əsasən bu Qanunun 13.1 -ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. 13.4- cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının (bu halda bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla yerli icra hakimiyyəti orqanları) və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. 13.5- ci maddəsinə əsasən qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır. 13.6- cı maddəsinə əsasən yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən orqanın və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə yaşıllığı götürən şəxs tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir. 13.7- ci maddəsinə əsasən bu Qanunun 13.1.1 -ci maddəsində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir. 13.8- ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan respublikasının Nazirlər Kabineti) müəyyən edir. 13.9- maddəsinə əsasən yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək, yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, şəxslərin əməlində daha ciddi qanun pozuntusu faktları müəyyən etdikdə onları aidiyyəti üzrə göndərmək hüququna malikdir. 24-cü maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. "Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası” meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. Sözügedən qaydalarda yaşıllıqların götürülməsinə rəyin verilməsi, yaşıllığın götürülməsi vərəqinin forması və tətbiqi qaydaları müəyyən edilmişdir. Həmin Qaydaların: 13.10- bəndinə əsasən yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir. 2.2- ci bəndində yaşıllıqların götürülməsinə yol verilən hallar göstərilmişdir ki, həmin hallar “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 -ci maddəsində nəzərdə tutulmuş hallarla eyniyyət təşkil edir; 2.4- cü bəndinə əsasən fiziki və hüquqi şəxslər bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. 2.9- cu bəndinə əsasən istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 253.3-1-ci maddəsinə əsasən eyni inzibati xəta şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə - fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə bildirir ki, qanunvericiliklə yaşıllıqların götürülməsinə yol verilən halların dairəsi dəqiq müəyyən olunmuş və bu hallardan başqa yaşıllıqların götürülməsi qadağan olunaraq həmin hərəkətlərə görə qanunla məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki iş üzrə qanunvericiliyin sadalanan tələblərinin "xxxx" MMC tərəfindən pozulması müəyyən edilmişdir ki, həmin hallara görə adı çəkilən hüquqi şəxsin filialı məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından, hüquqi şəxsin filialı həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənijn sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 53, 55, 114,115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50.000 (əlli min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar