Məhkəmə qərarları › İş №3(012)-1891/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1891/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1891/2024 16.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Ənvər qızının sədrliyi ilə, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi polis kapitanı X1 iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 564-cü maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu və 564-cü maddələrilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN 201777 saylı, xx.xx.2024-cü il tarixli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi polis kapitanı X3 protokolunda göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Nəcəfov X2 qəsəbəsində “Bol Palace” Şadlıq evinin qarşısında yüksək səslə nalayiq küçə söyüşləri söymüş və yalan məlumat vermişdir. Belə ki, iş materiallarında olan raportdan görünür ki, Şəxs Abşeron rayonu, Ceyranbatan qəsəbəsində dövlətə xəyanət edildiyini və ölkəmizin ünvanına xoşagəlməz sözlər danışılması barədə müraciəti əsasında araşdırma aparılaraq toplanmış materialda cinayət tərkibi olmadığından aparılmış araşdırmanın nəticəsi üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 564-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul olunmuşdur. Məhkəmə iclasında inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi polis kapitanı X3 izahatında inzibati tənbeh vermə barədə protokolu müdafiə edərək, protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, təqsiri olduğunu qəbul edir, toyda içki qəbul etmişdir. İçki qəbul etdiyi üçün etdiyi heç bir hərəkəti xatırlamır. Bu hərəkəti niyə etdiyini bilmir. Evlidir, övladları var, əsgər atasıdır. Gözündən müalicə alır. Səhv hərəkət etmişdir. Əsgər atası olmasının, gözündən müalicə alınmasının nəzərə alınmasını xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 564-cü maddələri ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 00:15 radələrində tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 564-cü maddəsinə əsasən bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 564-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar