Məhkəmə qərarları › İş №3(012)-1896/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1896/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1896/2025 13.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Zərərçəkmiş şəxs, İnzibati xəta barədə protokol tərtib etmiş Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Abşeron rayonu, Xırdalan şəhəri, X4 küç, BQF, ev 69 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin e- 2(012)-5258/2022 saylı 06 dekabr 2022-ci il tarixli icra sənədinə əsasən borcludan 36.000 (otuz altı min) manat məbləğin alınaraq tələbkara ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh icra sənədində olan qəbzlərə əsasən 11.000 (on bir min) manat ödəniş etdiyini göstərmişdir. O əlavə olaraq əlbəəl 10.000 (on min) manat verdiyini iddia etmişdir, lakin bununla bağlı iş materiallarında hər hansısa sənəd mövcud deyildir. Həmçinin, cavabdeh noyabr ayından etibarən səhhəti ilə bağlı, başından əməliyyat olunmasına görə ödənişləri davam etdirə bilmədiyini bildirmişdir. Tələbkarın müraciətinə əsasən Şəxs barəsində protokol tərtib edilmişdir. Odur ki, borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirdi ki, səhhəti ilə bağlı olaraq, beynindən əməliyyat olunduğuna görə işləyə bilmir və nəticədə ödənişləri edə bilməmişdir. O, məhkəmədən borc üzrə 1.500 (min beş yüz) manat borcun ödənilməsi üçün möhlət verilməsini xahiş etmişdir. Həmçinin icra məmurunun çağırışlarına mütəmadi gəldiyini də izahatında bildirmişdir.Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, cavabdeh tərəfindən yalnız 11.000 (on bir min) manat məbləğ ödənilmiş, lakin 25.000 (iyirmi beş min) manat borc qalmışdır. Eyni zamanda o, Şəxs əlbəəl 10.000 (on min) manat ödədiyi ilə bağlı iddiasını da qəbul etməmişdir. O, dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh tərəfindən ödənişin edilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs ödənişin həyata keçirilməsi üçün məhkəmədən möhlət verilməsi xahişi ilə razılaşmadığını, odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil səhhətini, habelə rəsmi iş yerinin olmadığını nəzərə alaraq, Şəxs barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Abşeron Rayon Məhkəməsinin e-2(012)-5258/2022 saylı 06 dekabr 2022-ci il tarixli icra sənədinə əsasən 16 fevral 2023-cü ildən başlayaraq cavabdeh Şəxs 36.000 (otuz altı min) manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət olunmuşdur. 1 mart 2023-cüi il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə qəsdən təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın: 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76-cı maddəsinə görə inzibati xətanın olub- olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmədə borclu Şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, qüvvəyə minmiş məhkəmə qərarının icraya yönəldiyi vaxtdan bugünədək tam icra edilməməsi, tələbkarın dövlət tərəfindən təminat verilən ədalətli məhkəmə baxışına olan hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın aliment borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədlərini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati tənbehin məqsədinə nail oluna bilməz. Həmçinin məhkəmə araşdırması zamanı şəxsin icra şöbəsinə dəfələrlə dəvət olunmasına baxmayaraq könüllü surətdə icra şöbəsinə gəlmədiyini və barəsində elan olunmuş axtarış nəticəsində polis əməkdaşları tərəfindən şöbəyə təhvil verilmişdir.Göstərilənləri nəzərə alaraq məhkəmə Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 13 avqust 2025-ci il, saat 15:05-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 4 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil müvafiq olaraq 44 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar