Məhkəmə qərarları › İş №3(012)-19/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-19/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-19/2021 23.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, X4 Məhəmmədmehdi oğlunun nümayəndəsi X1 iştirakı ilə Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinin 04.11.2020-ci il tarixli, MN ******* saylı qərarından Məmmədov Süleyman Məhəmmədmehdi oğlunun şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Məmmədov Süleyman Məhəmmədmehdi oğlu şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinin onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilərək 3000 manat məbləğində cərimə edilməsinə dair MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 Məhəmmədmehdi oğlunun nümayəndəsi X2 şikayəti onunla əsaslandırmışdır ki, 16 oktyabr 2020-ci il tarixdə saat 14-15 radələrində Məmmədov Süleyman Məhəmmədmehdi oğlu işdə olmadığı zaman özünü Qida Təhlükəsizlik Agentliyinin əməkdaşları kimi təqdim edən 4-5 nəfər şəxs icarəyə götürülən Sumqayıt-Novxanı yolu, dəniz kənarı ərazidə yerləşən “Narın Qala” restoranına gəlmiş və obyektə baxış keçirmişlər. Bu zaman restoranın sahəsi 50 kv.metr olan zalında 10 nəfərlik ailə olmuşdur. Ailə karantinlə bağlı şərtlərə uyğun olaraq bir deyil, iki stolda oturmuşdur. İşçilər tərəfindən Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarına onların böyük zalda oturduqları, restoranın dezinfeksiya edildiyi və karantin rejiminə tam əməl olunduğu izah edilmişdir. Qida Təhlükəsizlik Agentliyinin əməkdaşları baxış keçirərkən heç bir nöqsan tapmamışdır. Buna baxmayaraq Qida Təhlükəsizlik Agentliyinin əməşdaşları protokol tərtib ediləcəyini bildirərək getmişdir. 13 noyabr 2020-ci il tarixdə Məmmədov Süleyman Məhəmmədmehdi oğlunun ünvanına Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək vəzifəli şəxs kimi 3000 manat məbləğində cərimə edilməsi barədə məktub daxil olmuşdur. Belə ki 16.10.2020-ci il tarixli MN ******* saylı protokol sasında 04.11.2020-ci il tarixli MN ******* saylı qərar qəbul olunmuşdur. Protokol qanunsuz və əsassızdır. Protokolda xətanın kim tərəfindən törədilməsi, pozuntunun nədən ibarət olması, hadisənin təsviri göstərilməmişdir. Hadisənin şahidləri barədə məlumat qeyd olunmamışdır. Buna görə də Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsi tərəfindən tərtib edilmiş protokol əsasında qəbul edilmiş 04.11.2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş edir. Barəsində şikayət verilən hüquqi şəxs Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində şikayət verilən hüquqi şəxs Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin , sanitariya-gigiyena və krantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə olunmuş 04.11.2020-ci il tarixli, MN ******* saylı qərarın surətindən görünür ki, vəzifəli şəxs Məmmədov Süleyman Məhəmmədmehdi oğlu epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 (üç min) manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X4 Məhəmmədmehdi oğlu Sumqayıt-Novxanı yolu, dənizkənarı ərazidə yerləşən "Narın Qala" restoranında karantin rejimini pozmadığını, qaydalara tam əməl etdiyini göstərsə də Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsi tərəfindən tərtib edilmiş protokoldan görünür ki, vəzifəli şəxs Məmmədov Süleyman Məhəmmədmehdi oğlu epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin qaydalarını pozmuşdur. Məhkəmədə müəyyən edimişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinin Məmmədov Süleyman Məhəmmədmehdi oğlunun Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş MN ******* saylı qərarı qanuni və əsaslıdır. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Məmmədov Süleyman Məhəmmədmehdi oğlu Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 (üç min) manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinin MN ******* saylı qərarının ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Məmmədov Süleyman Məhəmmədmehdi oğlunun Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinin MN ******* saylı qərarından Məmmədov Süleyman Məhəmmədmehdi oğlunun şikayəti əsassız olduğundan təmin edilməsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar