Məhkəmə qərarları › İş №3(012)-190/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-190/2024

25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-190/2024 25.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi Vəliyeva Nərmin Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən icra məmuru: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edərək, müdafiə edən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov bildirmişdir ki, Abşeron rayon məhkəməsinin 2(012)-1267/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs borca görə 6000 manat, ödənilmiş dövlət rüsumuna görə 83 manat, hüquqi yardıma görə isə 300 manat pul vəsaiti olmaqla, ümumilikdə 6383 manat pul vəsaitinin alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Borclunun Abşeron Rayon Məhkəməsinin 2(012)-2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən isə 1800 manat borcu vardır. Hazırda qeyd olunan iki icra sənədi üzrə cəmi borc 8183 manat təşkil edir. Bundan əlavə bildirir ki, borcluya könüllü icra barədə bildiriş poçtun "sifarişli" növü vasitəsi ilə göndərilmiş, lakin bunu təsdiq edən sübut olmadığı üçün iş materiallarına əlavə etmək mümkün olmamışdır. Borclu axtarış nəticəsində şöbəyə gətirildiyindən tələbin könüllü icra edilməsi barədə bildiriş tərəfindən bugün ona təqdim edilmiş, lakin borclu tərəfindən icra sənədi üzrə ödəniş həyata keçirilməmişdir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, bu günə qədər Zərərçəkmiş şəxs olan borcu ilə əlaqədar məhkəmə qətnaməsinin icraya yönəldiyi barədə məlumatının olmasını və ona bu barədə rəsmi və ya qeyri rəsmi məlumatın verilmədiyini bildirmişdir. O, tələbkara olan borcunu ödəməkdən imtina etmir, digər icra sənədi üzrə borcunun ödənildiyini bildirmişdir. Zərərçəkmiş şəxs olan borcu hal-hazırda işləmədiyi üçün tam ödəyə bilməyəcəyini, lakin vaxt verilərsə tez zamanda yaranmış borcundan hissə-hissə ödəniş edə biləcəyini bildirərək, qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 2(012)-1267/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs borca görə 6000 manat, ödənilmiş dövlət rüsumuna görə 83 manat, hüquqi yardıma görə isə 300 manat pul vəsaiti olmaqla, ümumilikdə 6383 manat pul vəsaitinin alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İcra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixdə başlanılmış. həmin tarixdə icraata başlanılaraq tərəflərə və aidiyyəti məhkəmələrə bu barədə məlumat verilmiş və borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Həmin bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişi xx.xx.2024-cü il tarixdə qəbul etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov tərəfindən bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli qərarına əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-1267/2023 saylı, xx.xx.2023cü il tarixli, Abşeron Rayon Məhkəməsinin 2(012)-826/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə işin materiallarını, icra işindəki sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı Şəxs icra qeydinin icrası barədə tələblərini pozmaması müəyyən edilmişdir. Belə ki, icra məmuru məhkəmə iclasında tərəfindən borcluya icra vərəqəsində nəzərdə tutulmuş borcun ödənilməsi ilə bağlı bildirişi və icraata başlamaq haqqında qərarın göndərilməsi qeyd etsə də, iş materiallarında həmin bildiriş və qərarın borcluya göndərilməsini təsdiq etmə barədə heç bir məlumat yoxdur. “İcra haqqında” Qanunun: 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, hazırki halda borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibinin olmadığı qənaətinə gələrək, onun barəsində başlanmış iş üzrə icraata xitam verilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən vəİ XM-in 40.0.1,43,48-51,53,55,114.1.4,115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar