Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1912/2023 13.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclasının katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə 04 oktyabr 2023-cü il tarixli 13000- 01186/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ixracatçı Şəxs MMC-nin ünvanına gələn mallar xx.xx.2023-cü il tarixdə saat 20:10-da “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixində **********0087 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirmişdir. Bununla bağlı hüquqi şəxs tərəfindən qeyd olunan bəyannamə müvafiq qərarda göstərilən müddəti pozmaqla təqdim edilmişdir İş üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə və Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin sorğu-sual edilməsi haqqında protokollardan görünür ki, hüquq şəxs Şəxs MMC-nin nümayəndəsi İbrahim İbrahimli sorğu-sual edilmiş və nümayəndə ona verilən suallara cavab olaraq şirkətin gömrük ödənişlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından, sözügedən bəyannaməni vaxtında təqdim edə bilməməsi səbəbindən baş verdiyini bildirmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin,şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında qərarın 3.6-cı bəndinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən təqdim olunmuş gömrük bəyannaməsi müvafiq olaraq qanunla nəzərdə tutulmuş müddət pozulmaqla təqdim olunmuş, yəni ixracatçı ünvanına göndərilən malının rəsmiləşdirilməsi ilə bağlı gömrük bəyannaməsini vaxtında təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1912/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1912/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver