Məhkəmə qərarları › İş №3(012)-1927/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1927/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1927/2024 23.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən icra məmuru: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan İsmayılov protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-534/2024 saylı icra sənədinə əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün, hər uşağa 200 manat olmaqla ümumilikdə 400 manat məbləğində aliment 17 noyabr 2023-cü il tarixdən başlayaraq Şəxs tutularaq X3 verilməlidir. İcra sənədi icraya yönəldikdən sonra müvafiq qaydada icraata başlanılmış, borcluya qərar və bildiriş göndərilmişdir. Həmçinin sorğular verilmiş borcluda tələbin yönəldilə bilinəcəyi əmlak və gəlir aşkar edilməmiş, yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün axtarışa verilmiş, axtarış nəticəsində şöbəyə gətirilmiş, aliment borcunun ödənilməsi tələb edilmiş, o borcu ödəmədiyi üçün barəsində protokol tərtib edilmişdir.. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Rəsul Mütəllimov məhkəmə iclasında iştirak edərək, bildirmişdir ki, onun barəsində tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilmir. Belə ki, o, məhkəmə qətnaməsinin icraya yönəldiyi barədə məlumatının olmasını və ona bu barədə rəsmi və ya qeyri-rəsmi məlumatın verilmədiyini bildirmişdir. O, tələbkara olan borcunu ödəməkdən imtina etmir. Barəsində tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20 iyun 2024-cü tarixli, 2(003)-534/2024-011 saylı Bakı şəhəri Xəzər rayon məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən Şəxs X2 xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X8mım yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 17 noyabr 2023-cü il tarixdən başlayaraq hər uşağa görə 200 manat hesablanmaqla hər ay cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. 22 iyun 2024-cü il tarixdə icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. 17 iyul 2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş qərara əsasən xx.xx.1990-cı il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 18 iyul 2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş akta əsasən Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(003)-534/2024-011 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs yaşadığı Abşeron rayonu, Məmmədli kəndində olmuş. lakin ünvan natamam və ərazi geniş olduğundan borclunun yaşadığı yeri tapmaq mümkün olmamışdır. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını, icra işindəki sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olması öz təsdiqini tapmır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Belə ki, inzibati məsuliyyətə cəlb edilməli olan maddənin dispozisiyası təqsirin formasına görə yalnız qəsdən törədilə bilən inzibati xətadır. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda qeyd olunan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclu Şəxs əməlində icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, qərəzli şəkildə aliment ödəməkdən yayınması halları müəyyən edilmədiyindən və hazırki halda borclunun hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53,55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar