Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1943/2025 25.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Şəxs barəsində Abşeron RPİ-nin DYPŞ-si tərəfindən tərtib olunmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Abşeron RPİ-nin DYPŞ-si tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.1, 327.6, 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati protokol və ona əlavə edilmiş materiallar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılır. Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinə görə inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən qeyd edilməlidir ki, İXM-nin 332.1, 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid olmadığı halda, barəsində inzibati icraat aparılan şəxs barəsində həmin maddələr ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidd olsa da, həmin xətaya dair hissədə işə müvafiq orqanda baxılmamış, iş məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən İXM-nin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 94.2-ci maddəsinə əsasən sürücü tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə, inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək sürücülük vəsiqəsi götürülür və həmin şəxslərə nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənəd verilir. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edildikdə sürücülük vəsiqəsi qaytarılmır. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərardan bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddət qurtaranadək, yaxud şikayət üzrə qərar qəbul edilənədək, nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin qüvvədə olma müddəti uzadılır. İş materiallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.1, 327.6, 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati protokol tərtib olunmuş, lakin məhkəməyə təqdim olunmuş materiallara sürücülük vəsiqəsi əlavə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar düzgün tərtib olunmadığına və natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati protokol və ona əlavə edilmiş materiallar Abşeron RPİ-nin DYPŞ-sinə geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək olar. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi: Səfiyeva Cəmilə
Məhkəmə qərarları › İş №3(012)-1943/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1943/2025
25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver