Məhkəmə qərarları › İş №3(012)-195/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-195/2021

22.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-195/2021 22.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Cəbrayıl rayonu, Qumlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Cəbrayıl rayonu, Qumlaq kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, R.Əliyev küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: İş materiallarından görünür ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(034)-708/2015 saylı qətnaməsinə əsasən 4000 manat məbləğində pul Şəxs alınaraq, X3 verilməlidir. Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Abşeron rayon İcra Şöbəsinin icra məmuru X4 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(034)-708/2015 saylı icra vərəqəsi xx.xx.2016-cı il tarixdə Abşeron rayon icra və probasiya Şöbəsinə daxil olmuş və dərhal icraya yönəldilmişdir. Şəxs hərəkətləri nəticəsində qətnaməni tam icra etmək mümkün olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, icra Şöbəsinin çağrışlarına gəlmiş, özü heç yerdə işləmir. Borcu ödəməkdən yayınmır, tələbkara olan borcundan 850 manat ödəniş etmişdir. Yeni işə düzəlmiş, ayda 700-800 manat məbləğində məvacib alır. Yaxın bir neçə ay ərzində borcunu ödəyəcəyinə söz verir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinəəsaslanır. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşşəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşşəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. Azərbaycan Respublikası İXM-nin 75.0.3-cü maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri olması inzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Azərbaycan Respublikası İXM-nin 75.0.6-cı maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri olmasının sübut edilməməsi inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardan biridir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında işüzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxxxxxx 2012-ci il tarixli qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Konstitusiya Məhkəməsinin mövqeyindən də göründüyü kimi hər hansı şəxsə münasibətə onun məhkəmə qərarı qərəzli olaraq icra etməməsi qənaətinə gəlinməsi üçün yuxarıda qeyd edilən bütün şərtlərin olması zəruridir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətin yaranması nəzərdə tutulur. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanunda nəzərdə tutulmuş göstərişlərini borcu yerinə yetirmişdir. Borclu icra məmurunun cağırışına gəlmiş və borcundan 850 manat ödəmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Halbu ki, borclu işləyir, aylıq gəliri vardır. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Məhkəmədə borclu tərəfindən icra məmurunun icra vərəqəsinin icrası ilə bağlı hüquq və vəzifələrini yerinə yetirməsinə mane olan hər hansı hüquqazidd, təqsirli hərəkəti etməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta qəsdən törədilən əməldir. Məhkəmədə borclunun göstərilən inzibati xətanı törətməsi sübuta yetməmişdir. İcra məmuru borclu borcunu ödəmədiyinə görə onun barəsində inzibati protokol tərtib etmişdir. Halbuki borclu icra məmurunun çağrışına gəlmiş, borcundan 850 manat ödəniş etmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 11, 12, 13, 53, 114, 115-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar