Məhkəmə qərarları › İş №3(012)-1964/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1964/2024

01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1964/2024 01.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxx 2006-cı il tarixdə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ucar rayonunun Qazıqumlaq kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş 01 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 1(004)- 171/2024 nömrəli icra vərəqəsinə əsasən mülkü iddia təmin edilmiş, təqsirləndirilən şəxs Şəxs maddi ziyana görə 10.000,00 manat və mülkü iddia üçün ödənilmiş dövlət rüsumuna görə 120 manat pulun tutulub, Zərərçəkmiş şəxs verilməsi hökm edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 05 iyul 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. Qeyd olunan icra işi üzrə borclu icra şöbəsinə dəvət olunmuş, izahatı alınmış və rəsmi qaydada imzalanmaqla xəbərdarlıq edilmişdir. Borclu həmin tarixdə, yəni 24 iyul 2024-cü il tarixdə icra vərəqəsi üzrə borcdan 300 manat məbləğində ödəniş etmişdir. Bundan sonra borclu icra şöbəsinə dəvət olunmuş, izahatı alınmış, 22 avqust 2024-cü il tarixdə rəsmi qaydada imzalanmaqla xəbərdarlıq edilmişdir. Borclu bugünədək icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyin icrasını təmin etməməsinin səbəbini işsizlə əlaqələndirilmiş, ona hazırda müəyyən borcdan ödəniş etməsi tələb olunsa da o, yaxın müddətdə ödəyə biləcəyini bildirmişdir. Tələbkar icra şöbəsinə müraciət edərək, borcludan pulun ödənilməsini tələb etmişdir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilmir. Belə ki, o, tələbkara olan borcunu ödəməkdən imtina etmir, lakin işləmədiyi üçün borcdan ödənişlər edə bilməmişdir. Ona müəyyən müddət vaxt verilərsə yaranmış borcundan təxminın 300 manat ödəniş edə bilər. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsi qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: -05 iyun 2024-cü il tarixli, 1(004)-171/2024 nömrəli Bakı şəhəri Yasamal rayon məhkəməsinin icra vərəqəsinə əsasən mülkü iddia təmin edilmiş, təqsirləndirilən şəxs Şəxs maddi ziyana görə 10.000.00 manat və mülkü iddia üçün ödənilmiş dövlət rüsumuna görə 120 manat pulun tutulub, Zərərçəkmiş şəxs verilməsi hökm edilmişdir. -05 iyul 2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. -22 avqust 2024-cü il tarixdə borclu Şəxs qeyd olunan icra sənədi ilə bağlı rəsmi qaydada xəbərdarlıq edilmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Borclu barəsində qəbul edilmiş hökmə əsasən verilmiş icra vərəqəsi üzrə müəyyən edilmiş öhdəliyini icra etməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasının təmin edilməsinə təşəbbüs göstərməmiş, borcun ödənilməsinə laqeydlik göstərmişdir. Beləliklə məhkəmə borclu tərəfindən icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, həmçinin barəsində qəbul edilmiş icra vərəqəsinin hökmlə əlaqədar olmasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiq edilməsinin lüzumsuz olduğunu hesab edərək, həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 01 oktyabr 2024-cü il tarixdən, saat 17:10-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar