Məhkəmə qərarları › İş №3(012)-1968/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1968/2024

15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1968/2024 15.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ali təhsilli, subay, “Qaraj Azərbaycan” şirkətində menecer işləyən, İmişli rayonu, İmişli şəhəri, Həsənoğlu küçəsi, ev 28 ünvanında qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Abşeron RPİ-dən daxil olmuş İXM-nin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən Şəxs 15 iyul 2024-cü il tarixdə, saat 22 radələrində “VAZ-211440” markalı C657KP05 Rusiya dövlət qeydiyyat nişanlı avtomobil ilə Novxanı-Binəqədi yolunda piyada qismində olan Zərərçəkmiş şəxs vurmuş və nəticədə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində yaşadığı evin yaxınlığında Binəqədi-Novxanı yolu Heydər Əliyev küçəsində 123 saylı avtobusdan düşüb “Bizim təndir” mağazasının qarşısından yaşadığı küçə istiqamətində yolun hərəkət hissəsini keçdiyi vaxtda Binəqədi tərəfdən üzü Novxanı çimərliyi istiqamətinə hərəkət edən “VAZ-2114” markalı boz metallik rəngli, C657 KP05 Rusiya dövlət qeydiyyat nişanlı avtomobil sağ yan güzgüsü sol dirsəyindən onu vuraraq, eləcə də qabaq sağ təkəri ilə sol ayağının pəncə hissəsindən keçmişdir. Hadisədən sonra sürücü bir qədər qabaqda avtomobili saxlayıb qayıdaraq yaxınlaşmış və onu həkimə aparmağı təklif etmişdir, həmin vaxtı tormozun səsini eşidən qonşuları küçəyə çıxdığından birlikdə Sumqayıt şəhər X6 Xəstəxanasına aparılmışdır. Müalicə olunması ilə bağlı çox xərc çəkmişdir ki, hazırda həmin xərcləri tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs 15 iyul 2024-cü il tarixdə, saat 22 radələrində etibarnamə əsasında idarə etdiyi ailəsinə məxsus “VAZ-211440” markalı C657KP05 Rusiya dövlət qeydiyyat nişanlı avtomobil ilə qardaşı X3 və dostu Bağırov Vəli ilə birlikdə Novxanı çimərliyinə getmək üçün Abşeron rayonu, Binəqədi-Novxanı yolu, Heydər Əliyev küçəsi ilə hərəkət etməyə başlamışdır. Hərəkətdə olduğu yolda nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli və bir zolağlı idi, həmin vaxtı qardaşı arxa sərnişin oturcağında dostu Vəli isə qabaq sərnişin otracağında əyləşmişdir, onlardan başqa avtomobildə heç bir sərnişin və ya ağır yük olmamışdır. Belə ki, “Bizim Kənd” mağazasının yanından keçən vaxtı piyada xanımın yolun hərəkət hissəsini sağdan sola doğru qaçaraq keçdiyini görərək onu vurmamaq üçün sükanı maksimal dərəcədə sol tərəfə burmağına baxmayaraq xanım avtomobilin yan sağ güzgüsünə dəyib və qabaq sağ təkərlə sol ayağının üstündən keçəndən sonra xanım arxaya çəkilmişdir, hadisənin baş verdiyini görərək avtomobilini bir qədər qabağda saxlayıb qardaşı Anar və dostu Vəli ilə birlikdə xanıma yaxınlaşıb onu yaxınlıqda yaşadığı Novxanı bağlar massivində ki, evinə aparmışlar. Evdə xanımın qardaşı və valideyinlərinə hadisə barədə məlumat verərək onlarla birlikdə Sumqayıt şəhər X6 Xəstəxanasına aparmışlar və orada xanım müayinə olunandan sonra hər hansı bir sınıq və çıxığın olmadığı məlum olduğundan bir neçə saatdan sonra sərbəst buraxılmışdır. Hadisə anında hava yağmursuz, yol örtüyü isə asfalt-beton olmaqla quru idi. Hadisə baş verən günü 15 iyul 2024-cü il tarixdə heç bir spirtli içki və ya digər vasitə qəbul etməmişdir. Avtomobili idarə etmək üçün icazə verən sürücülük vəsiqəsi, avtomobilin texniki pasportu və hadisə vaxtı avtomobildə sərnişin qismində olan qardaşı Anarın adına verilmiş baş etibarnamə var. Hadisə baş verən Vaxtı avtomobili təxminən 55-60 km/saat surətlə idarə etmişdir. Hadisə nəticəsində piyada xanım ciddi xəsarət almadığından polisə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis mayoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi zamanı xəsarət alması faktına dair toplanmış xx.xx.2024-cü il tarixli, HK1/7773 nömrə ilə qeydə alınmış təhqiqat material üzrə cinayət işinin başlanması rədd edilmiş və sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Aşeron RPİ-nin DYPŞ-si vasitəsi ilə Abşeron rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Ona görə də, onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində ilə təqsirli bilinsin, ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar